525.Az

Səlim Müslümov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirdi


 

Səlim Müslümov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirdi<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir sıra görüşlər keçirib.

Nazirlikdən verilən məlumata görə, səfərin ikinci günü S.Müslümov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, onun iqtisadi məsələlər üzrə müavini Həmid Opelayeru, Səudiyyə Ərəbistanı Krallığının əmək və sosial inkişaf naziri Ali bin Nasser Al Ghafees və İndoneziya Respublikasının işçi qüvvəsi naziri Muhammed Hanif  Dhakiri ilə görüşüb.

Yusif bin Əhməd əl-Useymin ilə görüşdə S.Müslümov sabit inkişaf tempinə malik müasir bir ölkə, multikulturalizm mərkəzi və mədəniyyətlərarası dialoqun məkanı olan Azərbaycanın, eyni zamanda, müsəlman dünyasının bir hissəsi kimi İslam dəyərlərinin təbliğinə və müsəlman həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini bildirib: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, ötən il Bakıda yüksək səviyyədə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bu sahədə Azərbaycanın tarixi önəm kəsb edən növbəti əməli addımlarıdır. Həmçinin, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ölkəmizin müsəlman dünyasında böyük nüfuzunu təsdiq edir”.

Nazir mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanın 2025-ci ildə keçiriləcək “Expo 2025” Ümumdünya Sərgisinə də ev sahibliyi etmək üçün namizədliyinin irəli sürüldüyünü və ölkəmizin namizədliyinin İƏT-ə üzv ölkələr tərəfindən də dəstəklənəcəyinə ümidvar olduğunu qeyd edib.

Yusif bin Əhməd əl-Useymin Azərbaycanın İƏT ilə ötən dövrdə həyata keçirdiyi səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. O, təşkilat çərçivəsində üzv ölkələr arasında müxtəlif sahələrdə, həmçinin, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılmasının bu sahədə faydalı olacağını qeyd edib.

S.Müslümovla İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə müavini arasında baş tutan görüşdə isə təşkilata üzv ölkələrlə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişafından bəhs olunub, İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin təsis olunması ilə bağlı hazırda aparılan işlər müzakirə olunub.

Ali bin Nasser Al Ghafees ilə görüşdə S.Müslümov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında İƏT çərçivəsində əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. Nazir ölkəmizdə əmək bazarı və icra olunan aktiv əmək bazarı proqramları, işçi qüvvəsinin bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün aparılan işlər, əmək və sosial müdafiə sahələrində qurulan innovativ əsaslı iş mexanizmləri barədə məlumat verib. O, həmin sahələrdə ikitərəfli formatda da əməkdaşlığın qurulması və inkişafı üçün imkanların mövcud olduğunu qeyd edib.

Ali bin Nasser Al Ghafees iki ölkə arasında daim inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edib, əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanla əməkdaşlığı gücləndirmək marağında olduqlarını diqqətə çatdırıb.

Muhammed Hanif Dhakiri ilə görüşdə isə S.Müslümov aktiv məşğulluq tədbirlərinin təşkilində, işçi qüvvəsinin bacarıqlarının artırılmasında təcrübə və bilik mübadilələrinin aparılmasının səmərəli ola biləcəyini bildirib.

Muhammed Hanif Dhakiri ölkəsinin əmək bazarında özünü göstərən dəyişikliklərə uyğun şəkildə aparılan işləri diqqətə çatdırıb. O, əmək və məşğulluq, əmək bazarının tənzimlənməsində fəal əməkdaşlığın həyata keçirilməsinə xüsusi önəm verdiklərini vurğulayıb.

Görüşlərdə İƏT-in Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əlaqələrin genişlənməsi baxımından mühüm rol oynayacağı vurğulanıb. Mərkəzin Nizamnaməsinin Səudiyyə Ərəbistanı və İndoneziya tərəfindən də imzalanmasının nəzərdə tutulması ilə əlaqədar bu mövzuda hər iki görüş zamanı fikir mübadiləsi aparılıb.

S.Müslümov Ali bin Nasser Al Ghafeesi və Muhammed Hanif Dhakirini ölkəmizə işgüzar səfərə dəvət edib.

CEYHUN

 





25.02.2018    çap et  çap et