525.Az

“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirildi - Fotolar


 

“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirildi - <b style="color:red">Fotolar</b>

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı - XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimi keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” haqqında sənədə uyğun olaraq bu günlərdə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir. Direktor deyib ki, “Azərbaycan” qəzeti tərəfindən nəşr edilən “Xocalı şahidləri danışır” adlı kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Kitabın ideya müəllifi Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə qəzetin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Bilik Fondunun maliyyə dəstəyi ilə nəşr olunub, 2015-2017-ci illər ərzində “Azərbaycan” qəzetində dərc olunan faciə şahidlərinin acı xatirələrindən ibarət materialların toplusudur və məlum faciənin dünyada tanıdılması üçün mühüm mənbədir.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elbəy Əli, Milli Kitabxananın baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova da Xocalı soyqırımı, onun dəhşətli nəticələrinin dünyaya çatdırılması barədə fikirlərini bölüşüblər.

Şair Solmaz Elqızı Xocalı faciəsinə həsr etdiyi şeirini səsləndirib.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “Xocalı - XX əsrin soyqırımı”  adlı kitab sərgisi ilə tanış olublar. Xocalı həqiqətləri haqqında Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materialları nümayiş olunan böyük sərgi on gün ərzində davam edəcək.

Bundan əlavə, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Xocalı soyqırımı” adlı kitab sərgisi və foto qalereya təşkil edilib.

Sərgidə Bakı şəhər 23 saylı orta məktəbin şagirdləri iştirak edib.  Açıq Kitabxananın əməkdaşları və müəllim Qurbanova Pərvin tərəfindən şagirdlərə  Xocalı faciəsi haqqında məlumat verilib.

Şahanə MÜŞFİQ

 





25.02.2018    çap et  çap et