525.Az

İranın müdafiə naziri Bakıda hansı mesajlarla yadda qaldı?


 

MÜBARİZ ƏHMƏDOĞLU: “ƏMİR HATƏMİ BAKIDA DAĞLIQ QARABAĞ MƏSƏLƏSİYLƏ BAĞLI DAHA AYDIN VƏ KONKRET MÖVQE BİLDİRMƏLİYDİ”

İranın müdafiə naziri Bakıda hansı mesajlarla yadda qaldı?<b style="color:red"></b>

Geosiyasi proseslərin sürətlə getdiyi, xüsusilə, Yaxın Şərqdə arzuolunmaz vəziyyətin hökm sürdüyü dövrdə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin ilk səfərini Bakıya reallaşdırması diqqət mərkəzində duran əsas mövzulardandır.

Həm Azərbaycan, həm də İran sərhədlərindən çox da uzaq olmayan nöqtələrdə müharibə şəratinin davam etməsi, terror təhlükəsinin mövcudluğu bu iki dövləti təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə sövq edir.

Belə bir zərurətin özünü göstərdiyi dövrdə ölkəmizə səfər edən İranın əslən azərbaycanlı naziri Ə.Hatəmi Bakıda prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşlər keçirib.

Dövlət başçısı İlham Əliyev Azərbaycanla İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən, hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı İrana son səfərini məmnunluqla xatırlayaraq, həm ali rəhbər, həm də prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd edib.

Müdafiə və silahlı qüvvələrə dəstək naziri Ə.Hatəmi isə qeyd edib ki, İran ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini deyib.

Daha sonra Azərbaycan müdafiə naziri Z.Həsənovla iranlı həmkarı arasında görüş keçirilib. Z.Həsənov Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimadın yaradılmasında və inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Regiondakı hərbi-siyasi vəziyyətdən danışan nazir Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb.

Nazir, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Dövlətlərimiz arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Ə.Hatəmi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

O qeyd edib ki, İran müsəlman dövləti olaraq Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Daha sonra Ə.Hatəmi səfər proqramına uyğun olaraq Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovla görüş keçirib. İki ölkə arasındakı müdafiə sənayesi üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Məsələylə bağlı “525”ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hazırda İranda gərgin vəziyyətin hökm sürdüyünü deyib: “Həsən Ruhaninin ikinci dəfə prezident seçilməsindən sonra ölkədəki gərginlik hələ səngiməyib”.

Ümumiyyətlə, H.Ruhaninin komandasının xarici ölkələrə az-az səfərlər etdiyini deyən politoloq xatırladıb ki, bu mənada, İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin Bakı səfəri onun bu posta təyinat aldığı vaxtdan bəri həyata keçirdiyi ilk xarici səfərdir. M.Əhmədoğlu bu səfərin Azərbaycanın müdafiə naziri Z.Həsənovun dəvəti ilə reallaşdığını diqqətə çatdırıb.

M.Əhmədoğlunun sözlərinə görə, iranlı nazirin Bakıda daha aydın mesajlar verməsi arzuolunan idi. Ə.Hatəminin müəyyən məsələlərlə bağlı yaxşı fikirlər səsləndirdiyini deyən mərkəz sədri qeyd edib ki, o, Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi ümumi inkişafı, eləcə də hərbi sahədə həyata keçirilən işləri yüksək qiymətləndirib.

Politoloq bildirib ki, Ə.Hatəmi İranla Azərbaycan arasında əlaqələrin bundan sonra da inkişafını arzuladığını desə də, Dağlıq Qarabağ problemiylə bağlı onun mövqeyi o qədər də ürəkaçan deyil: “Bu, Azərbaycan üçün çox həssas məsələdir. Hətta ermənilər də Əmir Hatəminin Dağlıq Qarabağ problemiylə bağlı mövqeyindən özlərinə sərf edən nəticəni çıxarıblar. Düşmən ölkə iranlı nazirin bəyanatını əvvəlki ümumi fikirlərdən fərqləndirməyib. Ona görə də, Əmir Hatəminin Dağlıq Qarabağ məsələsiylə bağlı aydın və konkret mövqe ifadə etməsi daha məqsədəuyğun olardı”.

M.Əhmədoğlu hesab edir ki, İran heç vaxt Ermənistanla müttəfiq, tərəfdaş ola bilməz: “Söhbət din amilindən getmir. Çünki İran polietnik, çoxkonfessiyalı dövlətdir. Bu ölkədə müsəlmanlarla yanaşı, xristian, yəhudi və digər dinlərin, eləcə də ayrı-ayrı millətlərin nümayəndələri, o cümlədən, azərbaycanlılar yaşayır. Eləcə də Azərbaycanda bir çox millətlərin nümayəndələri, fərqli din daşıyıcıları azad, bərabər hüquqlar və imkanlar çərçivəsində həyatlarını davam etdirirlər. Ermənistan isə monoetnik dövlətdir. Düşmən ölkədə qurulan fərqli mühit, mövcud ayrı-seçkilik şəraiti İranla onu bir-birindən uzaqlaşdırır. Azərbaycanla İranı isə qeyd olunan məsələlər bir-birinə yaxınlaşdırır”.

Lakin İrandan bəzi qüvvələrin bu reallığı dərk etmək istəmədiyini deyən mərkəz sədrinin sözlərinə görə, belələri elə başa düşür ki, həmişə Türkiyə və Azərbaycana qarşı qalın sədd formalaşdırmaq, bu dövlətlərə qarşı çıxış etmək, mövqe sərgiləmək lazımdır. Bu mənada, Ermənistan həmin qüvvələrin əlində Türkiyə və Azərbaycana qarşı addımlar atmaq üçün bir vasitədir. Ona görə də, iranlı nazir öz ölkəsinin daxilindəki bəzi qüvvələrə də tutarlı mesaj vermək üçün Bakıda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsiylə bağlı daha konkret fikirlər bildirməliydi”.

Ümumilikdə, Əmir Hatəminin Bakı səfərinin iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin inkişafı baxımından kifayət qədər uğurlu alındığını deyən politoloq əlavə edib ki, ikitərəfli əlaqələrin daha yüksək nəticələr verməsi üçün qarşılıqlı etimadın gücləndirilməsi vacibdir.

Ceyhun ABASOV

 





25.02.2018    çap et  çap et