525.Az

Kaliforniya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir


 

Kaliforniya kanallarında Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilir<b style="color:red"></b>

ABŞ-ın Kaliforniya ştatında Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən istehsal olunmuş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi bir sıra yerli ictimai kanallarda nümayiş etdirilir. 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 525.az-a verilən məlumata görə, sənədli filmin nümayişi Baş Konsulluğunun təşəbbüsü və Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.
 
Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto və digər şəhərlərindəki yerli ictimai kanallarda fevral ayının 23-dən start verilib və nümayiş bir ay davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.
 
Filmdə Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər işıqlandırılır. 

Qeyd edək ki, sözügedən film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

 





26.02.2018    çap et  çap et