525.Az

İstanbul metrosunda Xocalı faciəsinə həsr olunmuş fotosərgi


 

İstanbul metrosunda Xocalı faciəsinə həsr olunmuş <b style="color:red">fotosərgi </b>

İstanbulda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Şəhər metrosunun "Yeni qapı" stansiyasının foyesində bununla bağlı təşkil edilən fotosərgi 3 gün davam edib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə reallaşan tədbirdə Baş konsul Məsim Hacıyev, "Yeni Azərbaycan" qazetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Türkiyə və Azərbaycan mediasının təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Jurnalistlərin suallarını cavablandıran millət vəkili Hikmət Babaoğlu bildirib ki, fevralın 25-də Bağçılar rayonu ərazisində açılan Azərbaycan Dostluq parkının və Xocalı şəhidlərinə həsr olunmuş abidənin açılışında iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Xocalı faciəsini XX əsrin ən qəddar və amansız soyqırım hadisəsi kimi dəyərləndirərək, böyük güclərin zaman-zaman ermənilərdən istifadə etməklə Azərbaycan və Türkiyəyə qarşı məqsədlərinə çatmaq üçün bacarıqla istifadə etdiklərinə diqqət çəkib: “O, vurğulayıb ki, uydurma erməni soyqırımı iddiasını ortaya atmaqla dünya gücləri bundan bu gün də Türkiyəyə qarşı təsir mexanizmi kimi istifadə etməkdədirlər. Lakin artıq dünya həqiqətin kimin tərəfində olduğunu aydın şəkildə görür. Ə.Həsənov açılışı olan Azərbaycan Dostluq parkının salınmasının və Xocalı abidəsinin ucaldılmasının birgə acılarımıza göstərilən ehtiram olmaqla yanaşı, həm də sülh çağırışı kimi dəyərləndirib. Düşünürəm ki, o parkın və abidənin açılışı Azərbaycan-Türkiyə münasibətlərinin real göstəricisidir. Bu yaraşıqlı və əzəmətli parka hər gün yüzlərlə, minlərlə adam gələcək və onlar bu dostluq və qardaşlığın şahidi olmaqla yanaşı, həm də Xocalı faciəsi barədə bilgiyə yiyələnəcəklər”.

İstanbul valisi Vasip Şahin və Bağçılar bələdiyyəsinin sədri Lokman Çağrıcı bu parkın salınması və orda Xocalı abidəsinin ucaldılması ideyasının Baş konsul Məsim Hacıyev tərəfindən irəli sürüldüyünü vurğulayıblar. Onlar bu təşəbbüsü M.Hacıyevin əsl vətəndaş mövqeyinin göstəricisi kimi qiymətləndiriblər.

Bu fotosərginin də Baş Konsulluq tərəfindən təşkil edildiyini bildirən Baş konsul Məsim Hacıyev deyib ki, artıq neçə müddətdir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası sayəsində bu sahədə böyük nəticələr əldə olunub: “Bu gün dünya erməni faşistlərinin Xocalıda törətdikləri insanlığa sığmayan vəhşiliklərinin şahidi olmaqdadır. Ermənistanın və onların riyakar havadarlarının canfəşanlıqlarına rəğmən bizim apardığımız ədalətli və obyektiv təbliğat inanıram ki, yaxın gələcəkdə öz müsbət bəhrəsini verəcək".

Metronun foyesi ilə hərəkət edən insan axını arasında ayaq saxlayıb, bu dəhşət saçan fotosərgiyə tamaşa edənlər çox idi. Onlardan bir neçəsinin təəssüratını öyrənmək istədik.

Ayişə Özkaya: “Müəlliməm, şagirdlərə tarix dərsi deyirəm. Xocalı soyqırımı barədə eşitmişəm, onun bu dərəcədə amansızlıqla, qəddarlıqla həyata keçirilməsini bilmirdim. Düzü, bu gördüklərimdən çox üzüldüm. Körpələrə, qadınlara və ahıllara qarşı törədilən bu amansız qəddarlıq insan əməlinə bənzəmir. Bunu törədənlər vəhşi heyvandan da təhlükəlidirlər. Bundan sonra şagirdlərimə bu faciə ilə bağlı ətraflı məlumat verəcəyəm. Bu bizim qardaşlıq borcumuzdur”.

Həsən Hakan: “Açığını deyim, bu fotolara baxmaq çox çətindir. Sivilizasiyanın son həddə çatdığı XX əsrdə belə vəhşiliyin törədilməsi çox sarsıdıcıdır. Bu, insanlığa sığan hal deyil. İnsanlara qarşı belə bir vəhşilik etmək üçün ən azı yırtıcı olmaq lazımdır. Bu, erməni faşistlərinin və onların havadarlarının simasını, iç üzünü göstərir. Bunu törədənlərə qarşı hamılıqla mübarizə aparmalıyıq. Bunu törədənlər insanlıq adına ləkə gətirir. Belələrinə cəmiyyətdə yer olmamalıdır”.

Məhəmməd Əyyub Yıldırım: “Mən əslən Azərbaycandanam. Valideynlərim 1920-ci ildə Qarsa köçüblər. 1918-1920-ci illərdə törədilən soyqırım vaxtı qaçıb Türkiyəyə pənah gətirənlərdənik. Qulağıkəsik Andronikin cəlladları tərəfindən bizim əqrabamızın çoxu öldürülmüşdü. Atam və anam o dəhşətli günləri xatırlayanda həmişə kövrəlirdilər. Ermənilər zaman-zaman bizə xəyanət, düşmənçilik ediblər, torpaqlarımıza yiyələniblər. Sağ olsun Azərbaycan dövləti ki, bu faciələrin unudulmaması istiqamətində daim fəallıq göstərirlər. Bu fotosərgi də məhz Xocalı faciəsinin dünyaya çatdırılması üçün çox əhəmiyyətlidir. İstanbula dünyanın hər yerindən turistlər gəlir və onlar metrodan istifadə edərkən insanlığa sığmayan bu olaylardan xəbərdar olacaqlar. Biz hamılıqla bu faciənin unudulmamasına yardımçı olmalıyıq”.

Fotosərgiyə baxış daha sonra Aksarayda azərbaycanlıların işlətdiyi "Buta-Azərbaycan süfrəsi" restoranında təşkil olunan ehsan süfrəsi ilə davam etdirilib. 

A.AĞAZADƏ
İstanbul

 





28.02.2018    çap et  çap et