525.Az

"Narın düşüncələr"dən seçmələr


 

"Narın düşüncələr"dən seçmələr <b style="color:red"></b>

Rahid Uluselin uzun illər üzərində işlədiyi 22-ci kitabı - "Narın Düşüncələr" "Şərq-Qərb" nəşriyyatında nəfis şəkildə çapdan çıxıb.

Kitaba müəllifin "sayrışlar" adlandırdığı aforizmləri və lakonizmləri daxil edilib. Kitabın redaktorları fəlsəfə doktorları Azər Turan və Nərgiz Cabbarlıdır. "Narın Düşüncələr"in zərif və titrək işığı - insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq enerjisini daşıyır. Onun əsas məqsədi - yaşadığımız tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir. Bu aforizm və lakonizmlər dünyanın mahiyyətini inteqralında dərk etməyə çalışan canlı fikir damlalarıdır.

Kitabın müəllifi fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisidir. Fəlsəfə, estetika, kulturologiya, filologiya və tənqidin aktual problemlərinə dair sanballı əsərləri Azərbaycanda və xaricdə çap edilib. Elmi nailiyyətləri sırasında harmoniya fəlsəfəsi, tarixi inkişafın diasinxroniyası, fəlsəfi poeziya və türk sivilizasiyasının sistemli tədqiqi, homouniversalizm konsepsiyası əsas yer tutur. Azərbaycan Yazıçılar Birliyinin, AMEA Fəlsəfə İnstitutunun Dissertasiya Şurasının, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, Biokosmologiya Assosiasiyasının Yaxın Şərq üzrə vitse-prezidentidir. Humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə (ABŞ, İsveç, Yunanıstan, Koreya və s.) Azərbaycanı təmsil edib.

Kitabdan seçmələri oxuculara təqdim edirik.

Rahid ULUSEL

Üçüncü minillik zaman kimi başlayıb, epoxa kimi yox.

lll

Həqiqət körpə uşaq kimidir - yıxıla-yıxıla böyüyür.

lll

Yeni Çağ onda başlayacaq: İnsan dağıtmadan qurmaq sənətinə yiyələnəndə.

lll

Dünya -  sonuna çatmaq üçün deyil, yolu ilə getmək üçündür.

lll

Gələcək - gəlmir, gətirilir.

lll

Vətən yoxdur: vətəndaşlıq vətənpərvərlikdən aşağıdırsa. 

lll

Azadlığın anatomiyası: İnsanlar öz həyatını dəyərləndirdikləri dərəcədə onun uğrunda mübarizə aparırlar.

lll

Sivilizasiya onu tapdayanları daha çox yadında saxlayıb.   

lll

Aforizm - mütəfəkkirin strategiyasıdır.

lll

Elitar mədəniyyət ən yüksək səviyyəsinə aforizmdə çatır.

lll

Alim dünya ilə danışır. Şair dünyanı danışdırır.

lll

Pillələrlə kimi hündürlüyə qalxır, kimi yüksəkliyə.

lll

Özün ol. Özün olmayanda yerinə başqası dolur.

lll

Bir çox xalqlar yumruq olmaqdan şəhadət barmağı olmağa keçə bilməyib.

lll

Qafa, adətən, ölkəsinin ölçülərini alır.

lll

İnsanların əhliləşdirilməsi: bunu tarix boyu heyvanlar həyata keçirib.

lll

Mədəniyyətlər öz dilində danışanda, bir-birini daha yaxşı başa düşür.

lll

Miloslu Veneranın qırılmış qolları iki min ildir ki, sənətə və gözəlliyə məbəd tikir.

lll

Aralarındakı körpüləri yandıranlar eyni uçuruma yuvarlanırlar.

lll

İnsanlarla məsafə saxlamasan, onlarla doğmalaşa bilməzsən.

lll

Dünyanın maddi nemətləri nə qədər çox olsa da, həmişə onun qıtlığını çəkənlər və içində üzənlər var.

lll

Atılan, lakin dəyməyən güllələr sonrakı müharibələrə saxlanılır.

lll

İnsan yalnız sındırılandan sonra məlum olur ki, o, şüşədən imiş.

lll

Düz qırmızı xəttə çatanda, arxada da, öndə də uçurum olduğunu görürsən.

lll

Vicdanını itirənlər həmişə onu başqalarının ayaqları altında tapırlar.

lll

Adamlar kiçildikcə, hündürləşir aralarındakı divarlar.

lll

Əsas funksiyadır: onu icra edən həmişə tapılır.

lll

Paleolit çağında atılan bumeranq hədəfinə çatmasa, bəşəriyyəti də özü ilə birlikdə arxaik zamanlara qaytaracaq.

lll

Bir yerdə öldürülən həqiqət min yerdən daha böyük qüvvətlə fışqırır.

lll

Əl-ayağına dolaşanları qırdıqca, daha çıxılmaz tələyə düşəcəksən.

lll

Həyat, gələcəyi keçmişindən böyük olanda irəliləyə bilir.

lll

Dünyaya öldüyün günün səhərinin gözü ilə bax! Nə görürsən, dostum?!

lll

Çoxu diqqətlə qulaq asır - elə başa düşmədiyindən.

lll

Dünyada o qədər absurd var ki, o olmayan yerə ayağını basanda boşluğa düşüb yıxılırsan.

lll

Ölənin nəyinə ağlayırıq... Bəlkə, həm də ölüncəyədək onda doğulmayana?!.

lll

İnsan var ki, aldanmağı və özünü məharətlə aldadılmış kimi göstərməyi ona aldatmağı və aldatmağa məharətlə səy göstərməyi qədər ləzzət verir.

lll

Haram - qudurdur, Halal - doyurur.

lll

Yəqin dünyanın ən mənasız dili - diplomatiyadır. Çünki burada insan yox, tərəf iştirak edir.

lll

Kosmosdan açıq şəkildə görünür: ikiüzlülük - iki üzün ortasında yerləşir. 

lll

Dünyanın ən dəqiq snayperi - həqiqət.

lll

Aforizmlər mədəniyyət cəbhəsində 300 spartalı tək döyüşür.

lll

Yuxudakı yox, gerçəkdəki uyqu - yalan.

lll

Qaranlıq - işıq sürətini yalnız beyinləri fəth edəndə alır.

lll

Özünü tapmayanı Tanrı da axtarmır.

lll

Üfüqlər ona görə hamının dostudur ki, heç kimi sıxmır, hər kəsi özündən daha artıq olduğunun dalınca yürüdür.

lll

İndinin sol qolu - Keçmiş, sağ qolu - Gələcəkdir.

lll

Çağı görmək üçün gərək onun içindən piyada keçib, sərhədlərini adlayıb kənarında dayanasan.

lll

Pəncələrinə təkan verib yuxarı sıçra: görəcəksən ki, əsl yüksəklikdə hamı bərabərdir.

lll

Həqiqətlər sərt şəkildə üz-üzə gələndə də toqquşub bir-birini sıradan çıxarmır, ustalıqla çevrilib yanaşı dayanır və birgə irəli baxırlar.

lll

Vicdanın ekoloji böhranı mənəviyyat quraqlığı yaradır.

lll

Çoxları uzun illər ölü ruhunun meyitini sürüyür diri canında.

lll

Sadəlik - insanın öz təbii keyfiyyətlərini heç bir rəng qatılmadan tam dolğunluğunda təzahür etdirmək mədəniyyəti, qarşısındakını yetərincə dəyərləndirmək bacarığı, əxlaqın istedadıdır.

lll

Onlara layiq olan heç bir cəza tapa bilmirlər - Azadlıq uğrunda vuruşanlara.

lll

Zamanı idarə etməyin yolu yalnız o halda tapılır ki, əbədiyyətin yaradıcı anlardan ibarət olduğu dərk edilir.

lll

Sən mənə şübhə ver, mən ondan inam yaradım.

lll

Qənaət - qazancın yarısı, bədxərclik - iflasın hamısıdır.

lll

Nə qədər əhəmiyyətli söz desələr də, dünya təsadüfi adamlara inanmır.

lll

Dilucu salamlaşmalar - səthi münasibətlərin status-kvosudur.

lll

Qibtə, həsəd, paxıllıq: dərin psixoloji əsaslara malik olmayan toplumlar bunları fərqləndirə bilmir.

lll

Süzgəc-yaddaş - şüur axınında xilaskar: o, insan xarakterini dəyər münasibətləri və keyfiyyət meyarları təməlində möhkəmləndirir.

lll

Doğru sözü dolama deyən kəs təkcə manevr etmir, həm də psixoloji naturalizmin yeni modusunu təqdim edir.

lll

İnsanın qarşısına divarlar, o - daş olmadığından çəkilir.

lll

Azadlıq hissini itirənlər - sürü instinkti qazananlardır.

lll

Kəndir iki qulu birləşdirir, iki bəyi yox.

lll

Sənə sürünürlərsə, - sənə dırmanacaqlar. 

lll

Biganəliyimiz begemot tək əsnəyir.

lll

Öz qəlbinin yolu ilə getməyənlər bu dünyanın çalın-çarpaz yollarında azırlar.

lll

İnsan başından doğulur ki, yəni sən ayaqlarınla yox, başınla yeriyəcəksən.

lll

Qəfil parlayan şöhrət ikisindən birini kor edir: ya baxanları, ya baxılanı.

lll

Toz həqiqət dənəciklərini yer üzündən süpürəndən sonra qalxır.

lll

Bütün artıqlarını atandan sonra nə qədər zəngin olduğunu görəcəksən.

lll

Əsgərlər əks cəbhələrdə döyüşsələr də, ortada ölürlər.

lll

Sözün doğrusunu bütün kəskinliyi ilə birbaşa deyənləri ağıllı və tədbirli adam saymamaqla cəmiyyət nə qədər aldanır və uduzur.

lll

Mövqelər bir-birini əzəndə də, həqiqətlər bir-birini tapdamır.

lll

Milli özünüdərketmə - bu dünya içində bir dünya olmaq düşüncəsi.

 





28.02.2018    çap et  çap et