525.Az

Milli Qəhrəmanlara həsr edilən sənədli filmlər nümayiş olundu


 

Milli Qəhrəmanlara həsr edilən sənədli filmlər nümayiş olundu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Nizami" Kino Mərkəzində müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Dövlət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri soyqırımı haqqında danışıb, bu qətliamın bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd edib.

Nazir müavini bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən, qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Bu faciə tək xocalılılara qarşı deyil, türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilik aktıdır. Soyqırımı nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 150-sinin taleyi bu günədək məlum deyil.

Vurğulayıb ki, Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Milli Məclis tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edilib. Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünyanın bir çox ölkəsində tədbirlər təşkil olunur, sərgilər keçirilir, həqiqətlər dünya ictimaiyyətinə çatdırılır.

Tədbirdə Nizami Abbas çıxışında rejissoru olduğu və "Yaddaş" studiyasında çəkdiyi "İgid əsgər" və "İsgəndərin sorağında" sənədli filmləri barədə məlumat verib. Bildirib ki, "Azərbaycanın Milli qəhrəmanları" sənədli filmlər silsiləsindən olan həmin ekran əsərləri Milli qəhrəmanlar Yusif Mirzəyev və İsgəndər Aznaurovun Qarabağ müharibəsində keçdikləri şərəfli döyüş yolundan bəhs edir.

XƏDİCƏ

 





28.02.2018    çap et  çap et