525.Az

Duayen


 

Duayen<b style="color:red"></b>

Mən jurnalistəm... və jurnalistin ən böyük arzularından biri bilirsinizmi nədir? - Maraqlı müsahib tapmaq.

Etiraf edim ki, 33 illik qəzetçilik fəaliyyətim dövründə belələri az olmayıb. Bəzilərinin xatirələrimin bir hücrəsində, bəzilərinin ürəyimin bir guşəsində, bir qismininsə yaddaşımın illərin nəfəsi ilə daranıb-daşlaşmış süxurlarında yeri, adı, nişanəsi var. Və bu gün - əlahəzrət Vaxtın Allah tərəfindən bizə bəxş edilmiş  ömür yolunu biləyinə dolayıb sim kimi tarıma çəkdiyi bir vaxtda, onlardan bəzilərini dadlı xatirələrlə anmaq həqiqətən də qəlbimi sevindirir.

Məmməd Əliyev o cür seçkin insanlardandır.

Məmməd müəllim haqqında söz demək üçün ilk-əvvəl gərək özündə cəsarət tapasan. Tutaq ki, Məmməd müəllimin səmimiyyəti, ünsiyyətcilliyi, ətrafındakılara məhrəmanə münasibəti "cəsarət" fobiyasını dəf etməyə imkan verdi... qalır vaxt məsələsi. Bəli, nahaq yerə deməyiblər ki, hər şey enində-sonunda gəlib Zamana dirənir. Zaman insani münasibətlərdə elə bir məhək daşıdır ki, dostluğu da, səmimiyyəti də, sədaqəti, əhd-ilqarı da süzgəcdən keçirib "anadangəlmə" qiyafəsindəcə ortaya qoyur. Həmin o "qıl körpüsündən" keçənlər də olur, etibar "kreditini" doğrulda bilməyib yarı yolda naçar qalanlar da. Və əgər bu gün Məmməd müəllim haqqında söz demək şərəfini haqq etmişiksə, deməli, papağı günə yandırmamışıq, az qala 20 illə ölçülən bir yolu kişi kimi keçib gələ bilmişik.

lll

İlk tanışlığımızı yaxşı xatırlayıram.

1999-cu il oktyabrın əvvəli idi. Türkiyənin nüfuzlu Mərmərə Qrupu vəqfinin təşkil etdiyi II Avrasiya İqtisadi Zirvəsində iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində İstanbula gəlmişdim. Ulu öndər Heydər Əliyev tədbirə ev sahibliyi edən Mərmərə Qrupunun fəxri sədri idi və belə bir dostanə yaxınlığın baiskarı da dönəmin Ankara böyükelçisi Məmməd Əliyev idi.

Hadisə isə belə olmuşdu...

Ulu öndər 1998-ci ildə Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə bu ölkədə səfərdə olarkən ona Mərmərə Qrupu adından bir görüş təklifi gəlir. Təbii ki, hər adam bu təklifi çatdırmağa cürət edə bilməzdi. İkincisi, vaxt və protokol məsələsi vardı və üçüncüsü, Heydər Əliyev Ankarada idi. Onu İstanbula gətirə biləcək çox, həm də çox  ciddi bir arqument olmalı idi. Nə etdilər, nə düşündülər birbaşa Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri prof. Məmməd Əliyevə müraciət etdilər. Bir başqası bəlkə də min bir bəhanə uydurardı, Prezidentə belə bir qeyri-rəsmi təkliflə müraciət etməyə risk etməzdi, amma Məmməd müəllim nəinki Akkan Suverin dəvətini çatdırır, hətta Prezidenti həmin tədbirə qatılmağın əhəmiyyətli olacağına, ikitərəfli münasibətlərə töhfə verə biləcəyinə inandırır.

Beləliklə, 1998-ci il oktyabrın 30-da İstanbulun "Hilton" mehmanxanasının ali qonaqlar salonunda Türkiyə siyasi, ictimai, mədəni isteblişmentinin, iş adamları dünyasının ən tanınmış isimlərinin Azərbaycan Prezidenti Heydər Əliyevlə tarixi görüşü baş tutur və həmin toplantıda əsası qoyulan dostluq Azərbaycanın simasında tam 20 ildir ki, davam edir.

lll

Sözümün mabədinə - Məmməd müəllimlə tanışlığımıza qayıdıram.

Deməli, Avrasiya Zirvəsində panellərarası fasilələrdən birində nümayəndə heyətimizin üzvlərinin bəstəboy, ağ saçları səliqə ilə yana daranmış bir nəfərlə söhbət etdiyini görüb mən də yaxınlaşdım... adi jurnalist marağı deyək. Adam Azərbaycan türkcəsində çox səlis danışırdı. Lap məəttəl qalası iş idi, türk olasan dilimizi bu cür gözəl biləsən... Hələ bir güclə sezilən şirin şivəsi lap çaşdırmışdı. Çevrilib bir kənarda operatorla nəyisə müzakirə edən AzTV-nin Türkiyə təmsilçisi İbrahim Nəbioğludan həmin şəxsin kimliyini soruşdum.  - Bizim səfirdir, Məmməd müəllim! - deyəndə həm üstümdən yük götürülübmüş kimi rahat nəfəs aldım, həm də, necə deyərlər, "siyasi savadsızlığıma" görə bir az utandım. Səfirin mənə sarı dönərək - Hə, bu müəllim də jurnalistdir yəqin?! - deməsi məni lap yerə mismarladı ... adamın məndən xəbəri var, mənsə...

Səhərisi gün toplantının keçirildiyi Haliç Fəshanə sarayının geniş foyesində  qarşılaşdığımızda mən hörmət əlaməti olaraq farağat dayanıb yol vermək istəyirdim ki, Məmməd müəllim yüz ilin tanışı kimi xüsusi bir mehribanlıqla əl verib hal-əhval tutdu, təəssüratlarımla maraqlandı və ayrıldığımızda bir qələm bağışlayıb: - Jurnalistin işi qələmnəndir. Yazanda xatırlayarsız! - söylədi. Sonralar biləcəkdim ki, səfirimiz mükəmməl bir qələm kolleksiyaçısı imiş.

Məmməd müəllimlə Avrasiya İqdisadi Zirvəsinin keçirildiyi sonrakı illərdə də çox görüşlərimiz və söhbətlərimiz olurdu. O, İspaniyaya səfir təyin olunandan sonra başqa səfirlər də gördük. Ancaq heç biri ona çata bilməzdi. Və mən xoşbəxt insanam ki, son illər həmin tədbirə Məmməd müəllimlə birlikdə gedib gəlirəm, ondan öyrənirəm, öyrənirəm, öyrənirəm.

lll

Məmməd Əliyev ölkə üçün çox mürəkkəb bir vaxtda səfir təyin olundu. Yeganə adam idi ki, o vaxtkı iqtidarın təəssübkeşi kimi deyil, şəxsi keyfiyyətləri və təmiz reputasiyasına görə vəzifəyə təyin olunmuşdu. Sonralar "cəbhə hakimiyyəti" dövründə vəzifəyə təyinat alanlardan tək bircə o qaldı. Niyə? Çünki ən doğrusunu  Heydər Əliyev bilirdi. Məmməd Əliyev məhz milli adam olduğuna, müstəqil və böyük Azərbaycan ideyası ilə bütünləşdiyinə görə Ulu öndərin əsgərinə çevrilməyi bacardı.

Türkiyə bizə dili bir, qanı bir qardaş olmaqdan savayı, həm də Azərbaycanın xarici siyasətində çox müstəsna əhəmiyyətə malik bir vektor idi.

Dünya qarışmışdı. Sovetlər dağılmışdı. Xalqlarımız bu "vüsalın" həsrətini çoxdan çəksələr də, 70 il kommunist rejimi ilə yaşamış, şüuru, düşüncəsi "zəhərlənmiş" bir ölkə ilə yaxınlaşmaq, münasibətlərdə yeni tarixin səhifələrini açmaq asan deyildi. Səfir Məmməd Əliyev Prezident Heydər Əliyevin tapşırıqlarına doğru-dürüst əməl etməyin üzərinə ürəyinin də hərarətini əlavə etməklə aradakı siyasi-diplomatik "buzların" əriməsinə töhfəsini verdi.

Mən xüsusilə xatırlayıram Azərbaycan səfirinin Türkiyədəki bəzi media qruplarının Azərbaycana və Azərbaycanın dövlət başçısına qarşı təşkil etdikləri qarayaxma kampaniyasına qarşı təkbaşına mübarizəsini. Bu azmış kimi, ölkəmizdəki bu gün "haqqın yolunu tapıb əl keçisinə" çevrilmiş bir sıra müxalifət qəzetləri də 15 il əvvəl Ulu öndərə və Azərbaycanın dövlət maraqlarını cəsarətlə müdafiə etdiyinə görə Məmməd Əliyevə müharibə elan eləmişdilər, haqqında olmazın hərzə-hədyan yazırdılar. Və bu meydanda o, təkbaşına, yorulmadan-usanmadan sonadək duruş gətirdi, mübarizədən qalib ayrıldı.

Qarşımda AzərTAC-ın müxbirinin səfir Məmməd Əliyevlə 2003-cü il 1 avqust tarixli müsahibəsi var. Xatırlayırsınızsa, o vaxt Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müayinə və müalicə keçib Vətənə qayıtmaq üzrə idi. Azərbaycan müxalifətinin bütün mənəvi səd və dəyərləri tapdalamış mətbuatı isə Heydər Əliyevin səhhəti ilə bağlı yalan və böhtanlar yayır, xalq arasında narahatlıq yaratmaq istəyirdi. O vaxt Məmməd Əliyev bəlkə də bir səfir kimi deyil, bir vətəndaş, mətin və qətiyyətli Əliyevçi kimi deyirdi: "Ölkəmizdəki müxalifət mətbuatı bütün ədəb, əxlaq, tərbiyə, etika normalarını aşmışdır. Jurnalist adı altında sığınan müxalifət yazarları demokratiya anlayışını pozaraq, mətbuatda əsl terrorla məşğuldurlar. Bu media terroristləri ifşa olunmalı və demokratik hüquq normaları çərçivəsində cəzalandırılmalıdır. Dövlətimizin başçısı, xalqımızın azad iradəsi ilə seçilən Prezidentimiz, el ağsaqqalı haqqında aparılan yalan, böhtan, iftira dolu kampaniya dərhal dayandırılmalıdır. Mən ziyalılarımızı, alimlərimizi, hüquqşünaslarımızı bu bir ovuc azğın media terroristinə qarşı etiraz səslərini ucaltmağa dəvət edirəm".

Nə gizlədək, zamanında Türkiyədə də bizi istəməyən qüvvələr vardı. Hamının ağzını bağlamaq mümkün deyildi. Mətbuatda xoşagəlməz yazılar yer alırdı. Məmməd müəllim həmin çıxışları qulaqardına vurmadı, görməzdən gəlmədi. Ən azından işi deyildi. Amma o, Türkiyə mediasının dev isimləri ilə, "əfkari-ümumiyyə"nin səmtini bir "köşə"si ilə dəyişməyi bacaran yazarlarla kəllə-kəlləyə gəldi və bu "ağıl müharibəsindən" qalib çıxmağı bacardı, Azərbaycana dost ölkənin media camiəsində də dost qazandıra bildi.

lll

Bəli, az-çox təhsili olan, xarici dildə "başını girələməyi" bacaran istənilən birini səfir təyin etmək mümkündür. Pis-yaxşı işləyəcək, müəyyən işlər görəcək. Zira, onlara "velosiped icad etməyə" gərək yoxdur, Prezidentin tapşırıqlarını düz-əməlli yerinə yetirsələr, kifayətləridir. Ancaq Məmməd Əliyev kimi diplomat olmaq üçün ilk növbədə onun təki koloritli insan, dərin alim, böyük ziyalı, mükəmməl vətəndaş olmağı bacarmalısan.

Bəli, Məmməd müəllim yüksək mənəviyyatlı, bütöv şəxsiyyətdir. Riyakarlığın, əqidəsizliyin, insanlıq adına yaraşmayan digər naqis sifətlərin qənimidir. O, öz müsahibini əvvəlcə şəxsi xarizması ilə tərksilah edir (nahaq yerə maqnit rezonansı sahəsində aparıcı alimlərdən sayılmır ha!. - X.N.). Sonra isə səmimiyyəti, dərin erudisiyası, müsbət aurası, müdrikliyi, yaxşı söhbət tərəfdaşlığı  gəlir.

Bəli, Məmməd müəllim təmkin etalonu, səbr küpüdür. Adam hərdən həsəd aparır. Amma bu, sıradan tövr də deyil, onillər boyu dəryadan inci kimi toplanmış həyat təcrübəsidir, müntəxəbatı yaxın-uzaq ölkələrin auditoriyalarında, elmi laboratoriyalarında, Prezidentlərlə, Krallarla saysız-hesabsız görüşlərdə, bir kəlməsi ilə dünya siyasətinin, iqtisadiyyatının taleyinə hökm verməyə qadir seçkin insanlarla fikir mübadilələrində yazılmış dərslikdir.

Son dərəcə mütaliəli, böyük alim, ziyalı, vətənpərvər və nəhayət, diplomat olan Məmməd müəllimlə tanış olduğumuz iki onillik ərzində saysız söhbətlərimizin mövzusu haralaradək gedib çıxsa da, insanlıq, əməlpərvərlik, vətənkeşlik və daha geniş anlamında bəşəriyyətə xidmət haqqında mülahizə və qənaətlərimiz haçalananda mütləq örnək kimi Heydər Əliyevin, bəşər tarixində izi qalmış dahi alimlərin adını çəkib. Məhz belə bir intəhasız heyranlığın, vəcdin, ruhani yaxınlığın sehri-cazibəsi Məmməd Əliyevi Türkiyənin böyük oğlu İhsan Doğramacı ilə birlikdə Ulu öndər haqqında kitab yazmağa sövq etmişdir.

lll

Məmməd müəllim çox zəngin və maraqlı tərcümeyi-hala malik bir insandır. Kazan Universitetində elmi axtarışda keçən illər... Parisdə məhşur Ecole Normale Superlorda (Lens) Nobel mükafatı laureatı, lazerin yaradıcılarından olan akademik Alfred Kastlerlə birgə fəaliyyət... Azərbaycan Respublikasının Türkiyədə, İspaniya Krallığı və  Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri... Xarici İşlər Nazirliyində idarə rəisi... XİN-in xüsusi tapşırıqlar üzrə səfiri... və nəhayət, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Bərk cisimlər fizikası" kafedrasının müdiri.

Heç şübhəsiz, belə bir ömür yolu çoxları üçün dəhliz və sinif otaqlarını qibtə dolu ehtizazla gəzmək istədiyi bir həyat məktəbidir.

İndi bilgisayarın arxasında fikirlərimi çinləyib klaviaturadan ekrana köçürdükcə qeyri-ixtiyari böyük yazıçımız İlyas Əfəndiyevin hardasa bir qırx il əvvəl oxuduğum "Körpüsalanlar" romanı yadıma düşdü. Düşündüm ki, Məmməd müəllim də eynən həmin əsərin qəhrəmanları kimixalqlarımız, ölkələrimiz, dövlətlərimiz arasında memarının Heydər Əliyev olduğu dostluq körpülərini inşa edib qorumaq kimi şərəfli bir işlə məşğul olub.

Məmməd Novruzoğlu nəinki Türkiyədə, bütün dünyada tanınmış həkim, alim, səhiyyə təşkilatçısı, ictimai xadim, Ulu öndər Heydər Əliyevin və özünün yaxın dostu, mərhum İhsan Doğramacıya həsr etdiyi "Hocabəy" kitabının müqəddiməsində dahi Amerika fiziki, diplomat və dövlət xadimi Benjamin Franklindən hikmətamiz bir iqtibas gətirir: "Torpağa gömüldükdən sonra unudulmaq istəmirsənsə, ya oxumağa layiq bir şeylər yaz, ya da yazmağa layiq bir şeylər et".

Prof. Məmməd Əliyev yazmağa layiq çox böyük işlər görüb, heç oxumağa layiq yazdıqları da az deyil.

O ki, qaldı sərlövhəyə çıxardığımız ada... diplomatik ədəbiyyatda Duayen akkreditə müddətinə görə ən çox fəaliyyət göstərmiş diplomatik korpus rəhbərinə, yüksək ranqlı diplomatik nümayəndəyə verilən addır.

Hesab edirəm ki, Məmməd müəllim diplomatlığının fövqündə həm də alimliyin, insanlığın, vətəndaşlığın duayeni adlandırılmağı haqq etmiş bir şəxsiyyətdir.

Xalid Niyazov
Əməkdar jurnalist

 





01.03.2018    çap et  çap et