525.Az

"Variasiya"nın yeni qalibi mükafatlandırıldı


 

"Variasiya"nın yeni qalibi mükafatlandırıldı<b style="color:red"></b>

Dünən "Ulduz" jurnalının artkaspi.az saytı ilə birgə təşkil etdiyi "Variasiya" layihəsinin qalibi mükafatlandırılıb.

Jurnalın redaksiyasındakı görüşdə "Ulduz"un və artkaspi.az-ın əməkdaşları, verilmiş hekayəyə sonluq yazan müəlliflər iştirak ediblər.

"Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs "Variasiya" layihəsi haqqında geniş məlumat verib. Qeyd edib ki, layihə ilk dəfə 2013-cü ildə yayımlanıb. Qaydalara görə, hər ay bir yazıçı heç yerdə yayımlanmayan hekayəsini sonluğunu kəsərək təqdim edir və bir ay müddətində oxucular, yazıçılar öz təxəyyüllərinə uyğun sonluq yazırlar. Bir il davam edən layihədə ölkənin bir çox tanınmış yazıçıları, gənc qələm sahibləri iştirak ediblər. Müəyyən səbəblərdən dayanan "Variasiya" oxucuların və ədiblərin istəyi ilə yenidən yayımlanmağa başlayıb.

Bu dəfə yazıçı, dramaturq Elçin Hüseynbəylinin "Qəfil getmək" hekayəsi yayımlanıb və jurnalın elektron ünvanına bir çox müəllif öz sonluqlarını göndərib.

Layihənin dəstəkçisi artkaspi.az saytının baş redaktoru Fərid Hüseyn layihənin önəmindən danışıb, daha geniş auditoriyalara, xüsusən gənc yazarlar və filologiya, jurnalistika fakültələrinin tələbələrinə də çatması üçün təkliflər irəli sürüb.

Hekayənin müəllifi Elçin Hüseynbəyli mətn və ona yazılan sonluqlar haqqında fikirlərini bölüşüb. Onların hər birini diqqətlə oxuduğunu deyən müəllif sonda öz sonluğuna və hekayənin ruhuna daha yaxın hiss etdiyi sonluğu yazıçı Vüsal Nurunun variasiyasını qalib seçib. 

Qalib müəllif və artkaspi.az saytı tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Şahanə MÜŞFİQ

 





01.03.2018    çap et  çap et