525.Az

"Armen Sarkisyanın Qarabağ münaqişəsi danışıqlarına aidiyyəti olmayacaq"


 

"Armen Sarkisyanın Qarabağ münaqişəsi danışıqlarına aidiyyəti olmayacaq"<b style="color:red"></b>

Ermənistan hakim Respublika Partiyasının prezidentliyə namizədi Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycanla danışıqlar aparmaq üçün ona verilə biləcək səlahiyyətlərdən danışıb.

Onun sözlərinə görə, bu mövzu yeni hökumət qurulduqdan, yeni baş nazir və xarici işlər naziri təyin olunduqdan sonra müəyyən ediləcək. 

A.Sarkisyanın sözlərinə görə, Ermənistanın Qarabağ məsələsində yeni bir strategiyası var və bu, İrəvanın yeni hökumət sisteminə qeyd edilən məsələdə daha çevik olmağa imkan verəcək. O, Ermənistanın Qarabağ üzrə siyasətinin dəyişməsinin vacibliyini vurğulayıb. Ermənistanın daha sərt siyasət aparmalı olduğunu deyib. Armen Sarkisyan hətta bu mövzuda qəribə bir açıqlama da verib: "Danışıqlar aparan tərəfin mövqeyi ən yaxşı halda belə olmalıdır ki, sizin həmkarınız düşünsün ki, sən heç bir güzəştə getmək niyyətində deyilsən, amma hər şeyi tələb edirsən. Bu, ən güclü mövqedir. Bundan sonra nə baş verəcək, bu, başqa bir sualdır. Amma qarşı tərəf mövqelərinizin zəif olduğunu düşünməməlidir".

Mövzunu şərh edən Milli Məclisin deputatı, politoloq  Rasim Musabəyov bildirib ki, A. Sarkisyanın dilə gətirdiyi mövqeyin, səsləndirdiyi fikirlərin heç bir mənası yoxdur. Politoloqun sözlərinə görə, hazırkı Ermənistan konstitusiyasına görə, Armen Sarkisyanın Qarabağ münaqişəsi üzrə aparılan danışıqlara heç bir aidiyyəti yoxdur, buna görə nə istəsə deyə bilər: "Əslində, o, bu məsələlərdən uzaqdı". R.Musabəyov əlavə edib ki, belə bir populist çıxışlarla A.Sarkisyan ölkəsində prezident seçkisindən əvvəl xal qazanmağa çalışır və başqa heç nə yoxdur. Politoloq əmindir ki, A. Sarkisyan yalnız Qarabağ münaqişəsi üzrə aparılan danışıqlardan kənar qalmayacaq, eyni zamanda, o, heç bir inzibati hakimiyyətə malik olmayacaq: "Prinsipcə, hər hansı bir hökumət və parlament çoxluğu bu danışıqları həyata keçirməyə səlahiyyət verə bilər, amma hesab edirəm ki, Sarkisyanın bu cür səlahiyyətləri olmayacaq, prosesdən kənar olacaq".

A.Sarkisyanın Qarabağ danışıqlarında maksimalist mövqe ilə məşğul olmaq istəyinə gəlincə, politoloq vurğulayıb ki, necə deyərlər, istəmək zərərli deyil: "Əlbəttə ki, istənilən iddiaları irəli sürmək olar, lakin bu iddiaların heç bir hüquqi əsası yoxdursa, belə bir mövqedə bəyanat verilməsi Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında uğursuz mövqedə qoyur. Bu gün Rusiya, digər böyük güclər sülh danışıqlarının yeganə həll yolu olduğunu, tərəflərin razılığa gəlməli olduğunu deyirlər, bununla da guya danışıqları irəliliyə aparmağa çalışırlar".

Millət vəkili BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməyə diqqət çəkib, həmin sənədlərin hələ də yerinə yetirilmədiyini vurğulayib: "Əgər bu adam, keçmiş səfir uzun müddət ərzində beynəlxalq hüququn nə demək olduğunu anlamayıbsa, nəyi tələb etməyin mümkün olduğunu, nəyin olmadığını bilməyibsə, cəfəngiyat söyləyirsə, mən ermənilərə görə sadəcə utanıram ki, özlərinə belə bir prezident seçirlər. Amma yenə də təkrar edirəm ki, bunlar seçkilər ərəfəsində populist çıxışlardır".

R.Musabəyov əlavə edib ki, A.Sarkisyanın sözlərindən belə anlaşılır ki, Ermənistan indiyə qədər danışıqlarda konstruktivlik nümayiş etdirib və yalnız indi sərt mövqedən çıxış etməyə hazırlaşır:

"Yəqin ki, burda o, Serj Sarkisyanın  Dağlıq Qarabağın Azərbaycandan ayrılması və Bakı tərəfindən leqallaşdırılması müqabilində Dağlıq Qarabağa bitişik rayonların qaytarılmasına dair bəyanatını nəzərdə tutur. Görünür, Armen Sarkisyana görə, bu, İrəvan tərəfindən konstruktivlik və kompromisə hazırlığının təzahürüdür".

Məlumat üçün bildirək ki, Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək. Prezidenti parlament tərəfindən seçiləcək. Ermənistanın hakim partiyasının namizədi Armen Sarkisyandır. O, əvvəllər diplomatik vəzifələrdə çalışıb. Aprel ayında isə Ermənistan yeni idarəetmə sisteminə keçir. Ölkə konstitusiyasına edimiş dəyişkliklərə görə, Ermənistanda əsas səlahiyyətlər baş nazirdə olacaq. Prezidentin isə çox az səlahiyyətləri olacaq. S.Sarkisyan yenidən hakimiyyətdə qalmaq üçün rəhbərlik etdiyi partiya tərəfindən konstitusiyaya dəyişikliklər irəli sürülərək qəbul edilib. Baş nazir postuna yiyələnməklə Sarkisyan yenidən Ermənistanda hakimiyyətdə qalacaq. Bununla da ölkə siyasətində, eləcə də Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı dəyişikliklərin olacağı gözlənilən deyil.

PƏRVANƏ

 





01.03.2018    çap et  çap et