525.Az

"Bizə demokratiyadan dərs verməyə cəhd göstərənlər özlərinə dərs keçsinlər"


 

"Bizə demokratiyadan dərs verməyə cəhd göstərənlər özlərinə dərs keçsinlər"<b style="color:red"></b>

"Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, bu il nəinki Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan demokratiyasının 100 yaşı tamam olur".

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV Baş Məclisində çıxışı zamanı vitse-premyer, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov dilə gətirib.
 
O qeyd edib ki, Azərbaycan xalqı 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, demokratik prinsiplərə riayət edir və bu prinsiplər əsasında fəaliyyət göstərir: "2018-ci il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Cümhuriyyət İli" elan olunub. Çünki  bu ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC), Azərbaycan Demokratik Respublikasının (ADR) yaranmasının 100 ili tamam olur. Hər zaman Xalq Cümhuriyyəti sözününün qarşısına "Demokratik" sözünü əlavə edirəm və bu gün deyirəm ki, bu, əslində, Demokratik Xalq Cümhuriyyətidir.

Bu, onu göstərir ki, Azərbaycan xalqı 100 il öncə demokratiya yoluna qədəm qoyub, 100 ildir ki, demokratik prinsiplərlə yaşayır, fəaliyyət göstərir və bu prinsiplərə də dönmədən riayət edir. Ancaq bu gün özlərini dünyanın ən güclü, ən qabaqcıl ölkələri adlandıranlar var ki, onlarda demokratiyanın yaşı bizdən xeyli azdır. Biz onlardan xeyli əvvəl demokratiya yoluna qədəm qoymuşuq və bu yolla irəliləyirik. Təəssüf ki, indi həmin ölkələr bizə demokratiyadan, insan hüquqlarından dərs verməyə cəhd göstərirlər. Getsinlər, özlərinə dərs keçsinlər. Onların dərsi bizə lazım deyil. Elə əsl demokratiya da bizdədir, insanlara əsl xidmət, insan hüquqlarına əsl hörmət də Azərbaycandadır. Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti insanlara xidmət edir, insan hüquq və azadlıqlarının təmin edilməsi üçün hər cür addımlar atır. Bu xalqa xidmət siyasətinin yaradıcısı, banisi Ümummilli liderimiz Heydər Əliyev olub. Bu gün həmin siyasət Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla, layiqincə davam etdirilir. Bunlar dünyanın gözü qarşısında baş verir. Yəni hər məsələ çox şəffaf və çox demokratik şəkildə öz həllini tapır". Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan dövləti və Azərbaycan xalqının həll olunmamış yeganə bir problem var ki, o da Qarabağ münaqişəsidir.

Onun sözlərinə görə, 30 ilə yaxındır ki, belə bir problemə düçar olmuşuq: "Bizi bu problemə düçar ediblər, bizə bu problemi yaradıblar. Bunu yaradan dairələr eyni zamanda, Ermənistana imkan, şərait yaratdılar ki, Azərbaycan torpaqlarını işğal etsin. 25 ildən də çoxdur ki, torpaqlarımız, ərazilərimizin beşdə biri işğal altındadır. O zaman Azərbaycan əhalisinin sayı 7 milyondan bir az artıq olardı. Yəni Azərbaycanda hər 7 insandan biri öz vətənində qaçqın-köçkün vəziyyətinə düşdü və 25 ildən çoxdur ki, bu acı taleni yaşayır. Ötən illər ərzində də Qarabağ münaqişəsinin həli ilə bağlı bir sıra beynəlxalq sənədlər qəbul olunub. Bu yöndə təkcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. 1996-cı ildə Lissabon sammitində bəyanat qəbul edilib. 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası 14/16 saylı qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər beynəlxalq qurumların da müxtəlif zamanlarda bu münaqişə ilə bağlı sənədləri ortadadır. Lakin bu günədək də bu münaqişə həll olunmamış, qəbul edilmiş qətnamə və qərarlar icra olunmamış, yerinə yetirilməmiş vəziyyətdə qalır. Biz, axı, kimə nə etmişik? Biz kimin torpağına göz dikmişik, kimin "bostanı"na daş atmışıq?
 
Təəssüflər olsun ki, bu sualların cavabı olsa da, illərdir bu cavablar verilmir. Bu cavabı biz yaxşı bilirik, amma bu cavab verilmir. Bu da dünyadakı ədalətsizlikdən və özbaşınalıqdan irəli gəlir. Bu gün dünyada bizə qarşı ədalətsizlik, ikili standartlar hökm sürür".

Ə.Həsənovun qeyd etdiyinə görə, bu gün Ermənistan dünyada lazımsız bir dövlətə çevrilib: "Amma bununla belə, Ermənistandan bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa çalışılır, onun əli, yəni faşist və cinayətkar Ermənistan rəhbərliyinin qeyri-konstruktiv addımları ilə münaqişənin həllinə imkan verilmir. Bu gün insan hüquqları bir sıra dövlətlərin və onların təsiri altında olan beynəlxalq təşkilatların əlində təzyiq, təhdid vasitəsinə çevrilib. Həmin dairələr, qüvvələr hər yerdə insan hüquqlarından, onlara əməl olunmasından dəm vururlar. Amma bizə gələndə gözləri yumulur sanki. Burada adi bir məsələni şişirtməyə, onu Azərbaycana qarşı təzyiq vasitəsinə çevirməyə çalışan həmin dairələr və təşkilatlar ancaq torpaqlarımızın işğal altında olmasını, 1 milyondan artıq insanımızın qaçqın-köçkün vəziyyətində qalmasını görməzdən gəlirlər. Bəs, onların hüquqları yoxdur? Onların da hüquqları təmin olunmamalıdır? Bizə hüquqdan dərs keçməyə çalışırlar, gedib özlərinə hüquq dərsi keçsinlər"

Kamil HƏMZƏOĞLU

 





01.03.2018    çap et  çap et