Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.
APA-nın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
*** 08:55
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.
*** 08:43
Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
*** 08:31
Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub.
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.
Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.
*** 07:53
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib.
APA-nın xəbərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
*** 07:49
Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində baş verib. APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub.
Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə qalanların olub-olmadığı binaya daxil olduqdan sonra bilinəcək.
*** 06:49
Bakıda güclü yanğın baş verib. FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.
Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Əlavə məlumat veriləcək.
çap et