525.Az

Kocaeli Universitetində Xocalı qurbanları yad olundu - Fotolar


 

Kocaeli Universitetində Xocalı qurbanları yad olundu - <b style="color:red">Fotolar </b>

Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə Kocaeli Universitetinin birgə təşkilatçılığı ilə martın 1-də Universitetdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anma mərasimi təşkil olunub.

AZƏRTAC-ın informasiya dəstəyi ilə keçirilən konfransda Universitetin professor, müəllim və tələbə heyəti, Baş konsulluğumuzun məsul əməkdaşı, o cümlədən, QHT və KİV nümayəndələri iştirak ediblər.

Tələbə Fidan Nağıyevanın aparıcılığı ilə keçirilən konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdandan sonra ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığını və bu bəşəri cinayətə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıran F.Nağıyeva bu istiqamətdə davam etdirilən işlərdən bəhs edib fəlakətə dair rəsmi məlumatı iştirakçılara çatdırıb. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınmasına dair geniş məlumat verərək qarşıda duran

vəzifələrdən danışıb. O dedi: “Hər bir xalqın tarixində acılı, faciəli günlər çox olur. Azərbaycan və Türkiyədə də belə faciələr çoxdur. Təəssüf ki, XX əsrdə yaşadığımız faciələrin əksəriyyəti erməni millətçilərinin xalqlarımıza qarşı törətdikləri cinayətlərlə bağlıdır. Bu cünayətlərin ən dəhşətlisi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlar XX əsrin ən dəhşətli cinayətlərindən birini Azərbaycan Respublikasının Xocalı şəhərində törətdilər. Bu cinayəti törədən erməni vandallar qoca, qadın və uşaqlara belə rəhm etmədən son dərəcə amansızlıq nümayiş etdirməklə Xocalı əhalisinə divan tutdular. Bu anma mərasiminin təşkilində göstərdiyi hərtərəfli dəstəyə görə, dekanımız cənab Halis Aygün bəyə təşəkkür edirəm”.

Dekan Halis Aygün Kocaeli Universitetində Xocalı soyqırımına dair konfransın təşkil olunmasını yüksək dəyərləndirərək qeyd edib ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadəsi hər birimizin əməli işi üçün örnəkdir. Dekan bildirib ki, XX əsrin sonuna aid insanlıq faciəsi olan Xocalı soyqırımının təfərrüatını bilmək və yaşatmaq gələcək təhlükəsiz həyatımızın əsasıdır.

Sonra tədqiqatçı yazıçı Mətin Yıldırım məruzə ilə çıxış edib. Uydurma “erməni məsələsi”nin siyasi gündəmə gətirilməsi və saxta “Böyük Ermənistan” iddiasının siyasi səbəbləri, bu məsələlərdən Türkiyə dövlətinə qarşı təzyiq kimi istifadə olunması, ermənilərin Osmanlı dövlətinə xəyanəti, silahlı

üsyanları, həyata keçirdikləri çoxsaylı terror aktları kimi mühüm tarixi məqamlara toxunan məruzəçi Xocalı soyqırımının səbəb və məqsədlərindən danışıb. O, diqqətə çatdırıb ki, Xocalı soyqırımı Azərbaycana qarşı əsasız ərazi iddialarını gerçəkləşdirmək üçün məqsədli şəkildə həyata keçirilmiş bəşəri cinayətdir. Azərbaycan torpaqlarının iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması beynəlxalq hüquqa və humanizm prinsiplərinə ziddir. Bu acı həqiqətə biganəlik dünyadakı ikili standartların göstəricisidir. Məruzəçi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun səkkiz dildə nəşr olunan “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” əsəri barədə ətraflı məlumat verib, kitabı universitetin kitabxanasına hədiyyə edib.

Mətin Yıldırım dedi: “Əziz və dəyərli yurddaşlar Azərbaycan və Türkiyə olaraq əsrlər boyu amansız düşmənlərin basqılarına məruz qalmışıq. Bu Azərbaycan torpaqlarını bir qisminin işğalda saxlanılması da Türkiyənin Suriya sınırlarında terrorçu qüvvələri silahlandırmaq da eyni məqsədi daşıyır. Dövlətlərimizi məhv etmək, ölkələrimizi işğala məruz qoymaq, xalqlarımızı didərgin vəziyyətinə salmaq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərinin rəşadətindən qürur duyduğumuz kimi bu gün Afrindəki antiterror əməliyyatlarında qəhrəmanlıq göstərən mehmetçiyin vüqarından da eyni qürurla öyünürük. Azərbaycan və Türkiyənin gücü, birliyi qüvvətli ordusu yoxdursa düşmən yeni-yeni Xocalı soyqırımıları törətmək üçün hər an fürsət axtaracaq. Bir olmalı, güclü olmalı, tarixdən ibrət alıb gələcəyə nikbin baxmalıyıq.”

Sonra aparıcı Fidan Nağıyeva məlumat verdi ki, Xocalı soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilmişdir; 56 insan işgəncə ilə öldürülmüşdür; 27 ailənin yalnız 1 üzvü qalmışdır; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq

valideynlərindən birini itirmişdir; 230 ailə öz başçısını itirmişdir; 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır); 1275 insan əsir götürülmüşdür; 1165 insan girovluqdan azad edilmişdir; 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Məruzəçi Mətin Yıldırım, AZƏRTAC-ın Türkiyə üzrə nümayəndəsi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı saxta “erməni məsələsi”nin yaratdığı prosesləri əks etdirən elmi və bədii əsərlərini, eləcə də digər yazıçılar dəyərli kitablarını avtoqrafla iştirakçılara bağışladılar.

Tələbələr Vətən və torpaq məhəbbətini tərənnüm edən şeirlər söylədilər.

Aydın Ağazadə
Kocaeli

 





02.03.2018    çap et  çap et