525.Az

Ankara-Vaşinqton xəttində gərginlik davam edir


 

ELXAN ŞAHİNOĞLU: "PARİS İSƏ AMERİKADAN FƏRQLİ OLARAQ ANKARAYA MANEƏ YARATMIR, TÜRKİYƏYƏ "HÜCUMU DAYANDIR" VƏ YA "ATƏŞKƏSƏ RİAYƏT ET" MESAJLARI GÖNDƏRMİR"

<b style="color:red">Ankara-Vaşinqton xəttində gərginlik davam edir</b>

“ABŞ dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyəyə gəldi və prezident Rəcəb Təyyub Ərdoğanla, o cümlədən, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi. Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və "ortaq mexanizmlərin" işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı demişdim. Heç nə dəyişmədi".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ABŞ əvvəlkitək PKK/PYD cütlüyünə dəstək verir: "Pentaqon terrorçulara Suriyada minatəmizləmə təlimlərinin fotoşəkillərini paylaşır, üstəlik də Vaşinqtondan açıqlama gəlir ki, "Türkiyə Suriyadakı atəşkəsə riayət etsin". Ortaq mexanizmlər də söz olaraq qaldı. Beləcə Ankara-Vaşinqton xəttində gərginlik davam edir".

E.Şahinoğlu hesab edir ki, artıq Fransa  "bölgədə mən də varam" deməyə çalışır: "Paris də Suriyada atəşkəsin vacibliyindən danışır, Fransa prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edərək, dərdləşir".

Mərkəz sədri qeyd edib ki, Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir: "Avroittifaqın digər aparıcı dövlət Almaniya ancaq köhnə qitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir. Makron isə  Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə  ilə əməkdaşlığa ümid edə bilər. Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya maneə yaratmır, Türkiyəyə "hücumu dayandır" və ya "atəşkəsə riayət et" mesajları göndərmir. Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir".

CEYHUN

 





02.03.2018    çap et  çap et