525.Az

Azərbaycandan işğalçı ölkəyə ciddi mesaj


 

"BİR AY ƏRZİNDƏ DAĞLIQ QARABAĞ VƏ ƏTRAF RAYONLARI İŞĞALDAN AZAD ETMƏKLƏ YANAŞI, ERMƏNİSTANIN BÜTÜN ƏRAZİSİNİ DƏ NƏZARƏTƏ GÖTÜRƏ BİLƏRİK"

Azərbaycandan işğalçı ölkəyə ciddi mesaj <b style="color:red"></b>

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı zamanı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistan-Azərbaycan münaqişəsi barədə verdiyi ciddi mesajlarla yadda qalıb.

Ə.Həsənov bildirib ki, təhlükəsizlik Azərbaycanın dövlət siyasətinin mühüm sahəsini təşkil edir: "Biz hər il dövlət büdcəsindən aşağı-yuxarı, təxminən 3-4 milyard dollar arası vəsait xərcləyib Azərbaycanın təhlükəsizlik maraqlarını təmin edirik. Bu dəqiqə Azərbaycan ordusu bölgənin ən texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab olunur. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir".

O bəyan edib ki, bu gün Azərbaycana mane olmasalar və yaxud ölkə rəhbərliyi ermənilərin işğal etdikləri torpaqları azad etməyəcəyi qənaətinə gəlsə, Silahlı Qüvvələrimiz qısa müddətdə, bir həftənin, bir ayın içərisində torpaqları azad etmək gücündədir: "İnanın, buna həm ordumuzun milli iradəsi çatır, həm Azərbaycan cəmiyyətinin vətənpərvərlik hissi. Həm də bütövlükdə texniki-hərbi hazırlığımız o səviyyədədir ki, bir ayın içərisində biz Ermənistanın bütün ərazisini götürə bilərik. Amma biz militarist siyasət yürütmürük, yalnız öz torpaqlarımızı geri istəyirik. Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyondan artıq soydaşımızı öz doğma yurd-yuvalarına qaytarıb, bu əraziləri bərpa etmək istəyirik. Gördüz, Cocuq Mərcanlı necə bərpa edildi, necə qısa müddətdə Azərbaycanın müasir kənd simvoluna çevrildi".

Prezidentin köməkçisinin bu fikirləri Ermənistanda böyük narahatlıqla qarşılanıb. Düşmən ölkə münaqişənin yenidən alovlanmasından ehtiyat etsə də, erməni ictimaiyyətini öz yalanları ilə çaşdırmağa, real vəziyyətin o qədər də acınacaqlı olmadığını göstərməyə çalışır. Lakin xüsusilə prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayı zamanı etdiyi çıxışda azərbaycanlıların tarixi İrəvan, Zəngəzur torpaqlarına qayıdacağı ilə bağlı qətiyyətli çıxışı işğalçıları nə qədər qorxuya salmışdısa, xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə erməni rəsmilər onlara öz şikayətlərini çatdırmış, bu narahatlığı aradan qaldırmaları üçün Azərbaycan əleyhinə tədbirlər görməyə səsləmişdilər. Ancaq prezidentin köməkçisi Əli Həsənovun ölkə başçısının fikirlərinə istinadla eyni mövqeyi təkrarlaması, həm də dəqiq, konkret müddət ortaya qoyması Azərbaycanın müstəqil siyasət yürütdüyünü, öz haqq mübarizəsində heç kəsdən çəkinmədiyini, əksinə cəsarətli addımlar atmağa hər zaman hazır olduğunu bir daha ortaya qoyub.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, prezidentin köməkçisi Əli Həsənovun fikirləri tam həqiqəti əks etdirir: "Əli müəllim bu məsələlərlə bağlı kifayət qədər məlumata sahibdir. Ümumiyyətlə, o, tutduğu vəzifəyə uyğun olaraq dünyada və ölkədə gedən proseslərə həmişə peşəkar yanaşma ortaya qoyur".

Aprel döyüşlərində Azərbaycanın düşmən üzərində parlaq qələbə əldə etdiyini deyən hərbi ekspert qeyd edib ki, Rusiyanın təkidli xahişləri olmasaydı, bir neçə günə Qarabağ məsələsi həll oluna bilərdi.

Ə. Həsənovun ixtisasca tarixçi olduğunu xatırladan E.Həsənli prezidentin köməkçisinin Azərbaycan ordusunun bir ay ərzində Ermənistanı tamamilə nəzarətə götürmək gücündə olduğunu deyərkən, həmin ərazilərin tarixi Azərbaycan torpaqları olması faktını önə çəkdiyini bildirib: "Əli Həsənovun Azərbaycanın ədalətli mövqeyinin dünyada təbliği istiqamətində kifayət qədər kitabı çap olunub. Həmçinin, o, Xocalı soyqırımının dünyada tanıdılmasıyla bağlı ölkə və xarici mediada tez-tez çıxışlar edir. Əli müəllim tarixçi kimi real faktları ortaya qoyur. Hətta, bu yaxınlarda onun ideya müəllifliyi ilə "Xocalı şahidləri danışır" kitabı nəşr olunaraq ictimaiyyətə təqdim edilib".

QHT sədri deyib ki, Azərbaycanla Ermənistan arasında sosial-iqtisadi, hərbi və digər sahələrdə müqayisəolunmaz fərqlər var: "Bu gün Ermənistanda əhali yoxsulluqdan əziyyət çəkir, çıxış yolunu ölkəni birdəfəlik tərk etməkdə görürlər. Bu da ölkədə demoqrafik problemləri daha da dərinləşdirir. Erməni gənclər orduda xidmət çəkmək istəmirlər. Bu səbəbdən hərbi xidmətdən yayınma halları kütləvi xarakter alıb. Düşmən ölkə rəhbərliyi ordudakı problemləri həll edə bilmir. Əsgər çatışmazlığı Ermənistan rəhbərliyini hərbi xidmətlə bağlı sərt qərarlar qəbul etməyə vadar edir. Son olaraq düşmən ölkədə ali təhsilə görə hərbi xidmətdən möhlət hüququnun verilməsi ləğv olunub".

Azərbaycanda isə vəziyyətin tam fərqli olduğunu bildirən E.Həsənli qeyd edib ki, prezident İlham Əliyevin ötən illərdə imzaladığı sərəncamla ali təhsilin magistratura pilləsinə qəbul olmaq istəyən gənclərə də hərbi xidmətdən möhlət hüququ verilməyə başlayıb. Bununla bərabər, Azərbaycan dövləti ordu quruculuğu istiqamətində kifayət qədər ciddi addımlar atır. Silahlı Qüvvələrimiz bütün parametrlərinə görə düşmən ordusundan qat-qat üstün vəziyyətdədir. Dördgünlük müharibə zamanı ermənilərin keçilməz adlandırdığı "Ohanyan xətti"nin bir neçə saata darmadağın edilməsi, işğal olunmuş ərazilərimizdən müəyyən bir hissənin düşmən qüvvələrindən təmizlənməsi, strateji yüksəkliklərin əldə olunması münaqişə şəraitində olan iki ölkə arasında güc nisbətini ortaya qoyur".

Ekspert bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistan ordunu toparlaya bilmir: "İşğalçı ölkə yaranmış ruh düşkünlüyünü heç nə ilə bərpa edə bilməyəcək. Ermənistan ordusunun bütün zabit-gizir heyəti yaxşı anlayır ki, onların qarşısında qüdrətli Azərbaycan ordusu dayanır. Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları, o cümlədən, indiki Ermənistan dövlətinin ərazilərini - Qərbi Azərbaycan torpaqlarını öz nəzarətinə götürməyə qadirdir".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





02.03.2018    çap et  çap et