525.Az

LDU-da regional olimpiada - Fotolar


 

LDU-da regional olimpiada - <b style="color:red">Fotolar</b>

Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, kimya, biologiya fənləri üzrə regional olimpiada keçirilib.

Olimpiadaya Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan IX, X, XI sinif şagirdləri, Lənkəran Humanitar Kolleci, Astara pedaqoji kolleci, Masallı Dövlət Regional Kollecinin tələbələri qatılıb.

Lənkəran Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov iştirakçıları universitet rəhbərliyi adından salamlayaraq keçirilən bilik yarışmasının  əhəmiyyətindən danışıb, bu işin təşkilində yardımçı olan təhsil işçilərinə minnətdarlıq bildirib, şagird və tələbələri təlimatlandıraraq bilik yarışmasında uğurlar arzulayıb.

Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə son illərdə ölkədə təhsilin inkişafı istiqamətində aparılan uğurlu fəaliyyətdən söz açıb, iştirakçılara LDU-da gedən təhsil islahatlarının səmərəli nəticələri ilə bağlı ətraflı məlumat verib.

Bildirib ki, universitet bölgə iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafı üçün kadr hazırlığı bazası rolunu uğurla həyata keçirir, yeni ixtisaslar üzrə mütəxəssis hazırlığı istiqamətində fəaliyyətini genişləndirir.

Bilik yarışmasına qatılan 250-dən artıq iştirakçı seçdikləri fənn üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıb. 

Obyektivliyi təmin etmək məqsədi ilə olimpiada üçün ayrılmış auditoriyalar vebkamera ilə təchiz olunub və nəzarətçi müəllimlər ayrılıb.

Olimpiadanın gedişini Lənkəran rayon təhsil şöbəsinin müdiri Aslan İbrahimov da izləyib.

Qaliblərin mükafatlandırma mərasimi martın 10-da keçiriləcək və bilik yarışmasından qalib çıxanlara LDU-nun fəxri-fərman, dimlom və qiymətli hədiyyələri veriləcək.

Lənkəran Dövlət Universitetində regional olimpiadalar keçirmək artıq ənənə halını alıb. Ötən il də LDU-da fizika və riyaziyyat fənləri üzrə regional olimpiada keçirilmişdi.

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

 





04.03.2018    çap et  çap et