525.Az

İrəvandan "Yerevan"a dəyişən torpaqlarımız


 

İrəvandan "Yerevan"a dəyişən torpaqlarımız<b style="color:red"></b>

Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın 8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm.

Qurultayda Azərbaycan-Ermənistan münasibətləri və torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi məsələsinə də toxunan Prezident İlham Əliyev demişdi:

"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq''  [i] .

Bu bəyanatdan sonra başda Ermənistan Prezidenti Serj Sərkisyan olmaqla, XİN-dən, Ermənistan parlamentindən müxtəlif rəsmilər "bir qaşıq suda tufan qoparmağa'' başladı və bu məsələni ölkə sərhədlərindən kənarda müzakirə edilməsinə çalışdı.

İstər Ermənistanın, istərsə də Rusiya və Fransanın məsələyə münasibət bildirməsini analiz etmədən əvvəl Ermənistan Prezidenti Serj Sərkisyanın Azərbaycan və Türkiyəyə yönəlik torpaq iddialarını qısaca xatırlatmaq yerində olardı.

2011-ci ildə Ermənistanda təşkil edilən erməni dili və ədəbiyyatı yarışmasında qalib gələnlər Prezident Serj Sərkisyan ilə görüşərkən, yarışmanın qaliblərindən biri ona belə bir sual vermişdi: "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?'' Sərkisyan bu suala belə cavab vermişdi: "Bu sizin nəslinizə bağlıdır. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. 1990-cı illərdə vətənimizin bir parçası olan Artsaxı (Dağlıq Qarabağı) düşmənin əlindən qurtardıq. Hər nəslin bir vəzifəsi vardır. Siz də irəlidə bizim kimi vəzifələrinizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizə bağlıdır.'' (http://www.haberiniz.com/yazilar/haber36711-Karabagi_biz_aldik_Agriyi_size_biraktik.ht­ml). Bu informasiya Prezidentin rəsmi veb səhifəsinə yerləşdirilmişdir. (http://president.am/events/visits/rus/?visits=2&id=290).

Serj Sərkisyan ABŞ-da fəaliyyət göstərən Carnegie Beynəlxalq Sülh Fondunun proqram direktoru olan Tomas de Vala verdiyi müsahibədə Xocalı soyqırımı ilə bağlı belə demişdi: "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələrini dəyişdirmək lazımdı. Elə də oldu. Əslində bizim müharibəmiz digərlərindən fərqliydi. Bizdə etnik təmizləmə yaşandı. Başqa cür olmazdı da...''  [ii]

Serj Sərkisyan Türkiyə ilə bağlı suala verdiyi cavabda Azərbaycan torpaqlarını işğal etdiklərini, Türkiyədən torpaq tələb etdiklərini, Xocalı ilə bağlı dediklərində isə azərbaycanlılara qarşı, özünün də qeyd etdiyi kimi mülki əhaliyə qarşı soyqırımıtörətdiklərini etiraf etmişdir.

Maraqlısı odur ki, Prezident İlham Əliyevin İrəvanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya və Fransa Sərkisyanın bu söylədiklərinə səssiz qalmışdı. Burada incə bir məqamı açıqlamaq vacibdir. Sərkisyanı törətdiyi hərbi cinayətlərinə görə ittiham etməyən Rusiya və Fransa, Prezident İlham Əliyevin dilə gətirdiyi fikirlərə tələsik münasibət bildirmişdir. Bu iki ölkənin də ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olduğunu da vurğulamaq lazımdır.

YAP-ın qurultayında Prezident İlham Əliyevin dediyi kimi "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır.'' Bəli, bunu Ermənistan da, Rusiya da, Fransa da çox gözəl bilir. Amma mövcud reallıqlarda bunu dilə gətirməyə cəsarətləri çatmır, torpaqları işağa məruz qalan Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında olduqlarını bildirirlər.

Hatəm Cabbarlı, siyasi elmlər doktoru
Newtimes.az

 





05.03.2018    çap et  çap et