525.Az

Azərbaycan və Mərakeş XİN başçılarının görüşü oldu


 

Azərbaycan və Mərakeş XİN başçılarının görüşü oldu<b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

APA-nın məlumatına görə, görüşdə nazirlər tarixən dini və mədəni köklərlə bağlı olan Azərbaycan və Mərakeş arasında siyasi dialoqun və dostluğun inkişafından razılıqlarını ifadə ediblər. Təməli Heydər Əliyev və Mərakeş Kralı II Həsən tərəfindən qoyulan ikitərəfli dostluq münasibətlərinin prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. 

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslı təkan verəcəyinə inam ifadə ediblər. Nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının vacibliyini vurğulayıb, enerji, kənd-təsərrüfatı, turizm, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd ediblər. 

İki ölkə arasında mütəmadi olaraq Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin və diplomatik akademiyalar arasında tələbə-müəllim mübadiləsinin aparılmasının vacibliyi də qeyd olunub. 

Azərbaycan və Mərakeş arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə edən tərəflər hər iki ölkədə keçiriləcək Mədəniyyət günlərinin xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı turizm axınına töhfə verəcəyinə əminliklərini vurğulayıblar. 

Tərəflər beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunublar. 

Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etdiyini qeyd edib. O həmçinin, həmkarına bu ilin aprelində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı nazirlər toplantısı haqqında məlumat verib. Eyni zamanda Azərbaycan və Mərakeşin beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoq prosesinə və qarşılıqlı anlaşmaya yaxından töhfə verdiyi vurğulanıb. 

Görüş əsnasında nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına və İslam dininə aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Nazir Məmmədyarov Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair yaradılmış İƏT Kontakt Qrupuna daxil olmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ədalətli mövqeyini dəstəkləməsinə görə minnətdarlığını bildirib. 

Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində bir sıra sazişlər də imzalanıb.

 





05.03.2018    çap et  çap et