525.Az

Orxan Arasın təqdimatında “Kaşqardan Berlinədək portretlər və kitablar”


 

Orxan Arasın təqdimatında “Kaşqardan Berlinədək portretlər və kitablar”<b style="color:red"></b>

Tanınmış yazıçı-publisist Orxan Arasın türk dilində “Kaşqardan Berlinədək portretlər və kitablar” toplusu bugünlərdə Ankarada işıq üzü görüb. Kitabda geniş bir coğrafiyanı əhatə edən adıçəkilən ərazinin tanınmış yazıçı və şairlərinin, ictimai xadimlərinin ədəbi portretləri çox maraqlı, oxunaqlı bir dillə təsvir olunub.

Kitab məşhur qırğız yazıçısı Çingiz Aytmatov haqqında yazı ilə açılır. Müəllif yazıçı ilə görüşdən sonra aldığı təəssüratları, fikir və düşüncələrini bölüşüb.

“Azərbaycanın Dədə Qorqudu Bəxtiyar Vahabzadə” məqaləsində O. Aras şairimizi bütün türk dünyasının böyük oğlu kimi səciyyələndirib və xatirələrini qələmə alıb: “Ustad Azərbaycanın mənəvi baxımdan ən quraqlıq vaxtında yetişmiş bir milli çinardı. Onu bir məqalə daxilində anlatmaq mümkün deyil. O cildlərlə kitaba sığmayan bir şəxsiyyətdi. O eyni zamanda böyük bir Türkiyə sevdalısıydı. Bir dönəm bəzi beyinsizlərin Türkiyəni və türk dilini yox saymaq istədikləri anda “Bizim Türkiyədən başqa kimimiz var?” adlı çox gözəl bir məqalə yazmışdı”.

Kitabda həmçinin tarixi şəxsiyyətlərdən Məhəmmədəmin Rəsulzadə, Fətəli Xan Xoyski, Behbud xan Cavanşir, Əbülfəz Elçibəy və türk dünyasının digər tanınmış siyasi xadimləri haqqında dəyərli yazılar öz əksini tapıb.

“İsa Muğannanın cild-cild kitablarının içində hakim ideologiyaya bulaşmamış onlarla hekayə və roman var. Amma hansı dəyərimizin yetərincə qədrini bilmişik ki, İsa Muğanna da tanınsın və bilinsin!” Bu düşüncələr isə Azərbaycanın görkəmli yazıçısı İsa Muğanna haqqındakı yazıda qeyd edilib.

Orxan Aras nəşrdə akademik İsa Həbibbəyli, filosof Səlahəddin Xəlilov, “muğamın sultanı” adlandırdığı Alim Qasımov, eləcə də Azərbaycanın bir çox elm və sənət adamları haqqında sanballı fikirlərlə çıxış edib: “...Naxçıvandan İsa Həbibbəyli kimi müəllimlər çıxdıqca zirvələrdə dalğalanan bayraqların sayı daha da artacaq”.

“...Bu mübarizə içində iki fərqli mədəniyyət arasında professor Səlahəddin Xəlilov kimi fəlsəfi körpülər qurma çalışmaları diqqətəlayiqdir və yeni tədqiqatçılar üçün istiqamətverici mahiyyət daşıyır. Belə çalışmalar insanı və mədəniyyətləri daha yetkin edəcək”.

“...Bu torpaqların daha çox Alim Qasımovlar yetişdirəcəyindən və dünyaya səsimizi çatdıracağından əmin ola bilərik. Yetər ki, biz özümüzün qədrini bilək...”

O.Aras kitabda azərbaycanlı qələm dostları haqqında da ayrıca yazılarla düşüncələrini bölüşüb. “Anar” adlı yazısında Azərbaycanın Xalq yazıçısı Anarla birgə səfərlərindən aldığı zəngin təəssüratı lirik dillə qələmə alıb.

“Sabir bəy Azərbaycanı müstəqilliyə qovuşduran ən önəmli insanlardan biridir. Bütün siyasi çalışmalarına rəğmən əsas işindən vaz keçmir və kitablar yazmağa davam edir”. Bu fikirlər isə müəllifin Xalq şairi Sabir Rüstəmxanlı haqqında yazdığı məqaləsində yer alıb.

“Azərbaycanın duyğulu şairi Ramiz Rövşən” yazısında şairin yaradıcılığı təhlil süzgəcindən keçirilib: “Bəlkə mən də Ramiz Rövşən kimi  və ya onunla əl-ələ “biz olmayan yerə” getmək istəyirəm. Şeiriylə Tanrının nəfəsini bizlərə göndərən şair üçün nələr yazıla bilər ki?”

“Fikrət Sadıqın “Taleyin acığına” kitabı bir həyatı başdan-başa –enişiylə, yoxuşuyla, coşqusuyla ortaya qoyan bir əsərdir –desəm yanılmaram. Hələ Fikrət Sadıq kimi doğrya doğru, yalana yalan deyə bilən, özü doğru, sözü doğru bir şair haqqında düşüncələr daha artıq bir dəyərə sahib deyilmi?”. Bu  fikirlər toplu müəllifinin “İçli bir şair Fikrət  Sadıq” yazısında təqdim olunub.

“Eşq dərdiylə dərdlənməyin, ölməyin artıq qəribsəndiyi bir dünyada yaşayırıq və Qulu Ağsəs kimi şairlər də zamanın inadına bunları yazırlar. Onun şeirlərində təmiz bir dil və sakit ifadə var. Onun şeirlərini oxumağa başlayanda içimdə sərin küləklər əsməyə başlayır”. Bu fkirlər isə O.Arasın “Qulu Ağsəs və onun şeiri” yazısındandır.

“Əskilməyən dost – Tofiq Abdin” məqaləsində müəllif onu bu duyğusuz, çürüməyə başlayan dünyada hələ saflığın, duru, su kimi təmiz insanlığın təmsilçisi kimi xarakterizə edib: “Tofiq Abdin şair və sənətkar olmaqdan əlavə, vəfa adamıdır. Bunu xüsusilə söyləməliyəm ki, Tofiq abi həm Türkiyə, həm də Azərbaycan türklərinə gərəkli insandır”.

“Öz səsinlə sənin şeirlərini dinləmək məni daha çox sevindirmişdi. Çünki sənin səsində Azərbaycanın dərdləri, hüznləri, idealları, ümidləri və qəhrəmanlıqlarıyla bütün bir keçmişi vardı. ..” Bunu O.Aras Azərbaycanın sevilən şairi Rüstəm Behrudi haqqında yazdığı məqalədə qeyd edib.

“Bir Aqil dost” yazısında Aqil Abbasın yaradıcılığı haqqında düşüncələr önə çəkilib: “Onun son dəfə oxuduğum “Çadırda Üzeyir Hacıbəyli doğula bilməz” və “Dolu” romanları nə qədər usta qələm sahibi olduğuna məni inandırmış oldu”.

O.Aras “Şair və jurnalist Rəşad Məcid” yazısında qələm dostunun lirik yaradıcılığının məziyyətlərindən söz açıb: “Rəşad Məcidin şeirlərində sevgi və həsrət çox güclüdür. Şeirlərinin bir qismində itirilmiş və həsrətlə yad edilən Vətənin izi, səsi, kədəri çox aydın bir şəkildə görünsə də, təməlində həmişə sevgi var.

Burdan əvvəl, burdan sonra,
Bilə-bilə ki, yol yoxdu,
Havasızdı, işıqsızdı,
Nə sağ yoxdu, nə sol yoxdu,
Gedirəm, yenə gedirəm.

Sağı-solu olmayan, bütün yolların qapandığı, əngəllərin, yasaqların getdikcə artdığı bir aləmdə “getmək, yenə getmək” bir cəsarət və eşq yolçusunun işidir. Eşq yolçuları Şərqin minlərlə illik yaxşılıq və gözəllik yolçularıdır”.

Müəllif yazıçı Yaşar haqqındakı yazısında onun tək hekayə kitabı olan “Yeddi”də toplanmış əsərlərin ədəbi məziyyətlərini vurğulayıb: “Tək hekayə kitabı olan “Yeddi” məncə, Azərbaycan ədəbiyyatında çox böyk əhəmiyyətə malikdir”.

Publisist “Sevginin yolu və yolçusu Elçin İsgəndərzadə”, “Türk Don Juanı Elçin Hüseynbəyli”, “Hardaydın sən, Zakir Fəxri” yazılarında da azərbaycanlı həmkarları haqqında isti, səmimi fikirlərini anladıb: “Mənə görə Elçin İsgəndərzadə şairliyindən və alimliyindən əlavə, əsrimizin Övliya Çələbisidir”.

“Elçin Hüseynbəylinin “On üçüncü həvari-141-ci Don Juan” əsəri yetkin bir yazıçının əsəridir”.

“Niyə bir az da durmadım orda? Niyə o adamla birgə bu yalan dünyanın yalanına hayqırmadım? Kitab köksümdə və üzərindəki o qırıq, köhnə təkər sanki ürəyimi əzərək fırlanır. Bir ney səsi və mənim səsim: hardaydın sən Zakir Fəxri, harda?”.

Kitabda həmçinin türk ellərinin yetişdirdiyi bir çox görkəmli söz, sənət adamı haqqında səmimi, duyğu dolu yazılar toplanıb.

Sevinc MÜRVƏTQIZI

 





25.06.2013    çap et  çap et