525.Az

Ermənistanda prezident seçkiləri ciddi qanun pozuntularıyla yadda qaldı


 

“İŞĞALÇI ÖLKƏNİN KONSTİTUSİYASINA GÖRƏ, BU PREZİDENT SEÇKİLƏRİ PARLAMENTDƏ YOX, ÜMUMXALQ SƏSVERMƏSİ YOLU İLƏ SEÇİLMƏLİ İDİ”

Ermənistanda prezident seçkiləri ciddi qanun pozuntularıyla yadda qaldı<b style="color:red"></b>

Martn 2-də Ermənistanda prezident seçkiləri keçirilib. İşğalçı ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə yox, parlamentdəki səsvermə ilə seçilib.

Prezidentliyə yalnız bir nəfər namizəd olub. Həmin şəxs Ermənistanın Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyandır. 1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə, düşmən ölkənin 4-cü prezidenti seçilib. Onun lehinə 90, əleyhinə 10 deputat səs verib. Səsvermədə 101 deputat iştirak edib. Bir bülleten etibarsız sayılıb.

Yeni seçilmiş prezident vəzifəsinin icrasına aprelin 9-da başlayacaq.

Ermənistan konstitusiyasına edilən dəyişiklik və əlavələrdən sonra yeni qaydalar əsasında keçirilən seçkilərin nəticəsinə görə, qalib elan olunan A.Sarkisyan 5 il yox, 7 il prezidentlik kürsüsündə əyləşəcək. Lakin düşmən ölkədə əvvəlkitək hakimiyyət prezident kreslosunu baş nazir kreslosuna dəyişməyə hazırlaşan Serj Sarkisyanda olacaq. Bununla da Ermənistan prezident respublikasından parlament üsul-idarəli ölkəyə çevriləcək.

Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Ermənistanda seçki keçirilərkən qanun, konstitusiyanın dəfələrlə pozulduğunun şahidi olmuşuq: “Bu ölkədə qanun-qayda tanınmır, hüquq normalarına əməl olunmur. Məsələn, Robert Koçaryan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin rəhbərliyindən Ermənistan prezident postuna gətirilmişdi. Halbuki, işğalçı ölkə qanunvericiliyinə görə, prezident seçilən şəxs ən azı 6 il bu ölkədə yaşamalıdır. Həmçinin, Serj Sarkisyan Ermənistan vətəndaşı olmaya-olmaya prezident seçilmişdi. Bundan başqa, hazırkı Ermənistan baş naziri Karen Karapetyan Rusiya vətəndaşı olsa da, yüksək vəzifəyə gətirilib. Yeni seçilmiş prezident Armen Sarkisyan da Britaniya vətəndaşıdır. O, Ermənistanda 6 il yaşamasa da, prezident kürsüsünə əyləşdirildi. Hətta bir qrup deputat, partiya üzvləri tələb etmişdilər ki, Armen Sarkisyan hansı ölkənin vətəndaşı olduğunu özü dilə gətirsin. Lakin yeni prezident bu məsələyə münasibət bildirmədi”.

M.Əhmədoğlu bildirib ki, Ermənistan konstitusiyasına görə, bu prezident seçkiləri parlamentdə keçirilməməli idi: “Dördüncü prezident ümumxalq səsverməsi yolu ilə müəyyən olunmalı, bundan sonrakı seçkilər isə yeni qaydaya əsasən, parlamentarilər tərəfindən müəyyənləşdirilməliydi. Bu məsələlər Ermənistanın yeni konstitusiyasında öz əksini tapıb”.

Politoloq onu da qeyd edib ki, Serj Sarkisyan qanun-qaydaya məhəl qoymayaraq özünə lazım olan adamı prezident seçib: “Armen Sarkisyan Serj Sarkisyanın əlində alət olmağa razılıq vermiş şəxsdir. Yeni prezident heç Ermənistan təhlükəsizlik şurasın üzvü olmayacaq. Serj Sarkisyan artıq indidən bütün səlahiyyətləri öz əlində cəmləşdirib. Onu aprelin 8-də parlamentdə baş nazir seçəcəklər. Monarx baş nazir postuna əyləşməyə hazırlaşan Serj Sarkisyan ölkəni idarə etməyə davam edəcək”.

Mərkəz direktoru bildirib ki, Serj Sarkisyan bu oyunları Dağlıq Qarabağ münaqişəsiylə bağlı beynəlxalq aləmi çaşdırmaq üçün oynayır: “Proses sərfedici olanda özü danışıqlara gedəcək, əks hallarda isə yeni prezidenti göndərəcək. Yeni qaydaya görə, bütün müqavilələri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsiylə bağlı sənədləri baş nazir qəbul edəcək, lakin son mərhələdə prezident təsdiqvermə hüququna malik olacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanın parlament respublikasına keçidindən sonra ilk dəfə parlament səsverməsi yolu ilə həyata keçirilən prezident seçkisi ilə düşmən ölkədə yeni mərhələ başlayır: “Prezident sıradan fiqura çevrilir, əsas söz sahibi baş nazir olacaq”.

E.Şahinoğlu hesab edir ki, böyük ehtimalla, bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan prezidenti ilə keçiriləcək görüşlərə Ermənistanın baş naziri gedəcək.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, bu prezident seçkiləri Ermənistanın siyasi həyatında bir o qədər rezonans doğurmayacaq: “Çünki bu seçkilər yeni sistem üzrə keçirilir. İşğalçı ölkə prezident idarə üsulundan parlament idarə-üsuluna keçid edir. Əgər dünənə kimi Ermənistan prezident birinci şəxs hesab olunurdusa, bundan sonra baş nazir hakimiyyətin əsas fiquru olacaq”.

Armen Sarkisyanın Levon Ter-Petrosyanın dövründə bir neçə ay baş nazir olduğunu deyən Q.Hüseynli qeyd edib ki, yeni prezident Serj Sarkisyanın nəzarətində olan adamdır.

Ermənistandakı seçkilərin Dağlıq Qarabağ münaqişəsinin təsirlərindən danışan Q.Hüseynli hesab edir ki, ermənilərlə bağlı proqnoz vermək çox çətindir: “Düşmən ölkənin yeni baş nazirinin müəyyənləşməsindən sonra bu haqda danışmaq daha məqsədəuyğundur. Çünki danışqılar prosesi baş nazirinin səlahiyyət dairəsində olacaq. Bu post uğrunda da amansız mübarizə gedir. Serj Sarkisyan bir dəfə baş nazir postuna iddialı olmadığını bəyan etmişdi. Əhali də bunu asanlıqla qəbul etməyəcək. Hazırkı baş nazir Karen Karapetyan isə Rusiyanın adamıdır. O, Xocalı soyqırımında qanı azərbaycanlıların qanına batan erməni səhra komandirlərindən olmasa da, Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi barədə təxminən eyni mövqeləri bölüşürlər”.

Keçmiş dövlət müşaviri əlavə edib ki, həm Ermənistan, həm də Azərbaycanda seçki prosesi yekunlaşdıqdan sonra bərpa olunacaq danışıqlar prosesinə ümid bəsləmək olar: “Lakin danışıqların nəticəsi barədə fikir yürütmək tezdir. Çünki Ermənistan dəfələrlə danışıqlar prosesini pozub, qeyri-konstruktiv mövqe nümayiş etdirib. Ona görə, bu dəfə də eyni taktika ilə hərəkət edəcəklərini istisna etmək olmaz”.

Ceyhun ABASOV

 





05.03.2018    çap et  çap et