525.Az

Azərbaycanda ən yaşlı qadın və kişi seçici məlum oldu


 

MSK SƏDRİ: “SEÇKİ MƏCƏLLƏSİNİN TƏLƏBİNİN POZULMASINA YOL VERİLMƏMƏLİDİR”

Azərbaycanda ən yaşlı qadın və kişi seçici məlum oldu<b style="color:red"></b>

“Azərbaycanda 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 50.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sözügedən qurumun dünən keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda seçki məntəqələrinin sayı 5641-dir, bura xaricdə yaradılan və  müvəqqəti seçki məntəqələri də daxildir. O qeyd edib ki, ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir. Ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cü il təvəllüdlü Qurbanov Səftərdir. MSK sədri həmçinin deyib ki, Azərbaycanda 337 min 870 məcburi köçkün seçici var: “Məcburi köçkünlərin səs verəcəyi məntəqələr bütün ölkə üzrə paylanıb”.

MSK sədri eyni zamanda deyib ki, Azərbaycanda hər bir vətəndaşın azad şəkildə səs verməsi üçün şərait yaradılır: “Heç bir halda Seçki Məcəlləsinin tələbinin pozulmasına yol verilməməlidir”. M.Pənahov bildirib ki, cəzaçəkmə müəssisələrində də vətəndaşların səs verməsi üçün şərait yaradılır: “Azərbaycan o ölkələrdəndir ki, cəzaçəkmə müəssisələrində olan bütün vətəndaşlar səsvermə hüququna malikdir. Bəzi inkişaf etmiş ölkələr var ki, orada məhkumların səsvermə hüququ yoxdur, bəzilərində isə məhkumların səsvermə hüququ məhdudlaşdırılır, yəni onların səsvermə hüququ törətdikləri cinayətin dərəcəsinə uyğun müəyyən edilir, ağır cinayət törədən şəxslər səsvermə hüququndan məhrum edilir”. M.Pənahov vurğulayıb ki, Azərbaycanda isə bununla bağlı heç bir məhdudiyyət yoxdur, hər kəs səs vermək hüququna malikdir.

MSK sədri sonra qeyd edib ki, ölkədə  5 milyon 347 min 803 bildiriliş çap olunacaq. “Xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də daxil olmaqla, prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək” - deyə, MSK sədri daha sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





05.03.2018    çap et  çap et