525.Az

Dilqəm Əhmədin imza günü keçirildi - Fotolar


 

Dilqəm Əhmədin imza günü keçirildi - <b style="color:red">Fotolar </b>

Martın 3-də “Azərkitab - Kitab Təbliğatı Mərkəzi”ndə tədqiqatçı-publisist, yazıçı Dilqəm Əhmədin Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə aid topladığı materiallardan ibarət “Fərqlilər” və “Mühacirlərin dönüşü” kitablarının imza günü keçirilib.

“Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan kitablar 4 illik araşdırmaların nəticəsində ərsəyə gəlib.

“Azərkitab”ın layihə rəhbəri Mirisrafil Sabir Həsənov çıxış edərək sözügedən araşdırmalardan, eləcə də Dilqəm Əhmədin tədqiqatçı kimi özünəməxsus məziyyətlərindən bəhs edib. Onun sözlərinə görə, müəllifin ən xarakteri xüsusiyyəti faktları olduğu kimi təqdim etməsidir”.

Dilqəm Əhməd geniş çıxışında qeyd edib ki, kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində xüsusi yerə malik şəxsiyyətlərin həyatı haqqında maraqlı, materiallar yer alıb: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları, məktubu, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz, Əmin Abid Gültəkin kimi görkəmli şəxsiyyətlər barəsində müxtəlif materiallar oxuculara təqdim olunub”.

Onun sözlərinə görə, “Mühacirlərin dönüşü” adlı kitabdasa Cümhuriyyət, mühacirət tarixinə aid 50-yə yaxın yeni material əksini tapıb: “Topluda Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Kitabda bir neçə ədibin həyatına dair foto və məlumatlar ilk dəfə yayımlanıb”.

Müəllif əlavə edib ki, hər iki kitabdakı materiallar şəxsi arxivində saxlanılır. D.Əhməd bildirib ki, hər iki kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfədir.

Tədbirdə M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə, tanınmış publsist Qulu Məhərrəmli, filologiya elmləri doktoru Abid Tahirli, publisist Cavid İsmayıl, tənqidçi İradə Musayeva, ədəbiyyatşünas İlqar İlkin, “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov, Əməkdar artist Əli Nur çıxış edərək Dilqəm Əhmədin tədqiqat sahəsinin vacibliyindən, imza günü keçirilən kitabların Azərbaycan tarixi, ədəbiyyatı, eləcə də mətbuatı üçün böyük addım olmasından danışıblar.

Cavid QƏDİR

 





05.03.2018    çap et  çap et