525.Az

Ermənistanda prezident Qərb, baş nazir Rusiyayönümlü siyasət yürüdəcək


 

"HAKİMİYYƏT SERJ SARKİSYANIN ƏLİNDƏ QALACAQ"

Ermənistanda prezident Qərb, baş nazir Rusiyayönümlü siyasət yürüdəcək<b style="color:red"></b>

Martın 2-də Ermənistanda keçirilən prezident seçkiləri ciddi qanun pozuntuları ilə yadda qalıb.

İşğalçı ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı parlamentdəki səsvermə yolu ilə seçilib. Lakin ekspertlər hesab edir ki, referendumdan sonra düşmən ölkə konstitusiyasına edilən əlavə və dəyişikliklər növbəti prezident seçkisinin parlamentdə yox, ümumxalq səsverməsi yolu ilə keçirilməsini şərtləndirirdi. Bu qayda üzrə yeni prezident məlum olandan sonra parlament gələcək seçkilərdə ölkə başçısını təyin etmək hüququna sahib olacaqdı. Ancaq aprelin 9-dək prezident səlahiyyətlərini icra edəcək Serj Sarkisyan vaxt itirmək istəməyib. Ona görə də seçkiləri tələm-tələsik keçirib, yerinə Ermənistanın Böyük Britaniyadakı 65 yaşlı səfiri Armen Sarkisyanı gətirərək səbirsizliklə baş nazir postuna əyləşməyi gözləyir. Bununla da prezident idarə üsulundan parlament respublikasına keçid edən Ermənistanda yenə də hakimiyyət Serj Sarkisyanın əlində cəmləşəcək.

1996-cı ilin noyabrın 8-dən 1997-ci ilin fevralın 28-dək Ermənistanın baş naziri olmuş A.Sarkisyan gizli səsvermənin nəticələrinə görə düşmən ölkənin 4-cü prezidenti seçilib. Onun lehinə 90, əleyhinə 10 deputat səs verib. Səsvermədə 101 deputat iştirak edib. Bir bülleten etibarsız sayılıb.

A.Sarkisyan 7 il prezidentlik kürsüsündə əyləşəcək. Bu təyinatla bağlı növbəti qanun pozuntusu isə yeni dövlət başçısının qeyri-müəyyən qalan vətəndaşlıq məsələsidir. A.Sarkisyanın Böyük Britaniya vətəndaşı olması, uzun müddət xaricdə yaşaması onun seçkilərdə iştirakını əngəlləyən əsas faktorlardan biri idi. Ancaq Ermənistanın cinayətkar hakimiyyəti bu problemin öhdəsindən də özünəxas şəkildə gəlməyi bacarıb. Təbii ki, ölkə qanunlarını növbəti dəfə tapdalayaraq.

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, bu, seçki deyil, açıq-aşkar təyinatdır: "Hamı görür ki, Ermənistanın vəzifəsindən gedəcək başçısı yerinə yenisini gətirir, görüşlərini, məsləhətləşmələrini təşkil edir. Belə olduğu halda seçkilərə azad, demokratik, şəffaf və bərabər demək olarmı? Məncə, cavab aydındır. Görək beynəlxalq təşkilatlar nə deyəcək".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə bildirib ki, Ermənistanda konstitusiya dəyişikliyindən sonra prezidentin səlahiyyətlərinə yalnız formal olaraq ölkəni təmsil etmək daxildir. Onun sözlərinə görə, yeni konstitusiyaya görə, işğalçı ölkəyə baş nazir rəhbərlik edəcək.

E.Mirzəbəyli bildirib ki, Ermənistanda prezident seçkilərinin taleyi faktiki olaraq son parlament seçkilərində həll olunub: "Armen Sarkisyanın prezident seçilməsinə Ermənistanda siyasi hakimiyyət dəyişikliyi kimi yanaşmaq düzgün deyil. Çünki prinsip etibariylə Ermənistanın hakimiyyət dairəsində heç nə dəyişmir. Aprelin 9-da Serj Sarkisyanın prezident kimi səlahiyyətləri başa çatacaq və çox güman ki, onun baş nazir postuna sahiblənəcəyinin şahidi olacağıq".

A.Sarkisyanın prezident təyin olunmasını 2 aspekt üzrə dəyərləndirən politoloq hesab edir ki, birinci növbədə nəzərə almaq lazımdır ki, uzun müddətdir Ermənistanda Qarabağ klanı ilə Ermənistan klanı arasında mübarizə gedir: "Qarabağ klanını təmsil edən Serj Sarkisyan klanlar arasında müəyyən qədər balansı təmin etmək üçün belə bir addımı atıb, İrəvan doğumlu Armen Sarkisyanı prezidentlik kürsüsünə əyləşdirib".

E.Mirzəbəyli qeyd edib ki, ikinci amil isə Armen Sarkisyanın vaxtilə Avropa ölkələrində səfir kimi çalışmasıyla bağlıdır: "Bu da Ermənistanın yeni dövrdə Avropa strukturlarıyla bağlı siyasəti üçün manipulyativ xarakterli addımı ola bilər. Yəni Armen Sarkisyan Qərb, yeni baş nazir isə Rusiyayönümlü siyasət yürüdəcək. Bu, Ermənistanın ənənəvi - ikili, riyakar siyasətinə uyğundur. Fərq ondadır ki, buna qədər bir adam - prezident ikili siyasət yürüdürdüsə, indi bu siyasəti iki adam - prezident və baş nazir həyata keçirəcək. Ona görə də, ümumən, Ermənistanda keçirilən seçkilərdən sonra ciddi bir dəyişikliyin baş verəcəyini düşünmürəm".

Politoloqun fikrincə, işğalçı ölkədəki prezident dəyişikliyi nə daxili, nə də xarici proseslərə, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hər hansı şəkildə təsir göstərəcək: "Armen Sarkisyan sadəcə formal fiqurdur".

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, Serj Sarkisyana belə lazım olduğu üçün Armen Sarkisyan prezident kürsüsünə əyləşdirilib. O, SİA-ya bildirib ki, bununla Qərbyönümlü bir şəxsin dövlət başçısı olacağına dair həm Rusiya, həm Avropa, həm də ABŞ-a mesaj verilib.

Onun sözlərinə görə, burada məqsəd alternativ seçim imkanının olduğunu Qərbə göstərmək idi: "Eyni zamanda, Serj Sarkisyana təkcə Qarabağ klanının deyil, Ermənistan klanının əvəz edə biləcəyinə dair fikir formalaşdırmaq lazım idi. Amma bunu əvvəlcədən düşünərək elə şəkildə etdilər ki, yeni seçilən şəxs ali baş komandan olmasın. Həmçinin, yeni prezidenti bütün siyasi proseslərə təsir etmək səlahiyyətlərindən məhrum ediblər. Ona görə də aprel ayının 9-da keçiriləcək baş nazir seçkilərində Serj Sarkisyanı hökumət rəhbəri postuna gətirməklə ali baş komandan olmasını təmin etmək istəyirlər".

A.Nağıyev deyib ki, Armen Sarkisyanın prezident seçilməsi üçün 79 səs kifayət idi: "Bu o deməkdir ki, Ermənistan əhalisinin cəmi 79 nəfəri onu prezident seçib".

Siyasi şərhçi əlavə edib ki, ümumiyyətlə, Ermənistanda bütün seçki prosesi Dağlıq Qarabağ probleminin üzərində qurulub: "Separatçılara "müstəqillik", ermənilərə isə rifah söz verilir. Buna baxmayaraq, Ermənistan rəhbərliyi nə separatçıların "müstəqilliyini"  dəstəkləyə, nə də xalqın rifah halını yaxşılaşdıra bilir. Yəni işğalçı ölkədə problemlər yaşanmaqda davam edəcək".

Ceyhun ABASOV

 





06.03.2018    çap et  çap et