525.Az

Sarkisyan ikibaşlı oyun oynayır


 

"ERMƏNİSTANDA ÖLKƏ BAŞÇISI KÜRSÜSÜNƏ BÖYÜK BRİTANİYANIN VƏTƏNDAŞI VƏ HƏM DƏ ADAMI, YƏNİ AGENTİ KİMİ DƏYƏRLƏNDİRİLƏN BİRİ ƏYLƏŞDİRİLİR"

Sarkisyan ikibaşlı oyun oynayır<b style="color:red"></b>

"Dünən Ermənistan parlamentinin növbədənkənar sessiyasında hərbi xunta yeni struktur dəyişiklikləri edib. Burada ən çox diqqət çəkən baş nazirin birinci müavini vəzifəsinin təsis olunmasıdır. Belə görünür ki, bu antikonstitusyon vəzifə (Ermənistan Konstitusiyasında belə bir post yoxdur) indiki baş nazir Karen Karapetyan üçün nəzərdə tutulur. Serj Sarkisyan isə onun yerində əyləşməyi planlaşdırır".
 
Bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, Serj Sarkisyan Ermənistanın iqtisadiyyatına rəhbərliyi yenə K.Karapetyana tapşıracaq: "Bununla da guya bir gülləylə iki dovşan vurur. Birincisi, Ermənistan iqtisadiyyatının iflic vəziyyətində olmasına görə cavabdeh indidən sonra da o yox, başqası sayılacaq. İkincisi, Karen Karapetyanı baş nazir kimi göndərənlərin könlü alınmış olur ki, baxın, indiyə kimi o hansı funksiyanı yerinə yetirirdisə, bundan sonra da eyni işi görəcək. Özü isə indiyə kimi necə dövlət başçısı idisə, o cür də qalacaq. Bəs təzə "prezident" Armen Sarkisyan nə edəcək? Heç nə, uzun zaman səfir kimi və bəzi bilgilərə görə, həm də başqa bir görəvdə çalışdığı Böyük Britaniyada "kraliça" nə edirsə, onu edəcək. Amma təbii ki, Böyük Britaniyayla Ermənistan arasında fərq nə qədərdirsə, birincinin kraliçasıyla ikincinin yeni prezidentinin çəkisi və proseslərə təsiri də o qədər fərqlənəcək. Lakin gəlin görək şahmata böyük marağıyla tanınan və özünün də dediyinə görə, siyasətdə artdığı bir çox addımları məhz bu oyunun prinsiplərinə dayanaraq edən Sarkisyanın bu qalaqurması alınacaqmı? Onun öz hakimiyyətini qoruyub saxlamaq üçün planlaşdırdığı parlamentli respublikaya keçid oyununu erməni xalqı həzm etmiş kimi görünür. Qərbdə də bu, alqışlanır. Alqışlanmaya da bilməz. Çünki Ermənistandakı proseslərə təsiri elə güclü olmasa da, burada prezident kürsüsünə Böyük Britaniyanın vətəndaşı və həm də adamı, yəni agenti kimi dəyərləndirilən biri əyləşdirilir. Düzdür, Armen Sarkisyan Böyük Britaniya vətəndaşlığından 6 ildir ki çıxdığını deyir. Amma Serj Sarkisyanın da təcrübəsindən bilinir ki, böyük ölkənin vətəndaşlığından çıxmaq mümkündür, onun bəlli strukturlarıyla əməkdaşlıqdan isə çıxmaq olmur. Çıxanları nə gözlədiyi isə elə yenə də həmin Böyük Britaniyada törədilən iki zəhərlənmə faktından da aydın şəkildə görünür ki, onlardan da biri təzəcə baş verib".

S.Alıyev hesab edir ki, Armen Sarkisyanın "prezident" təyin olunması qərbin ürəyincədir: "Ən azından ona görə ki, Armen Sarkisyanın proseslərə elə də təsir imkanı olmasa da, Ermənistandakı ən informasiyalı adamlardan birinə çevirilir".

Deputat bildirib ki, Ermənistanda keçirilən parlament seçkilərində də Qərbin maraqları nisbətən nəzərə alınıb: "Bir neçə Rusiya əleyhdarına deputat mandatı verilib.  Bu, o deməkdir ki, hazırda forpost ölkə üzərində yad təsirlər güclənməkdədir. Bunu Moskvada görmürlərmi? Təbii ki, görürlər. Mənə elə gəlir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birləşmiş qərargah rəsisi, general-polkovnik Anatoli Sidorovun Qarabağda savaş başlanacağı halda Moskvanın neytral qalacağını vurğulaması, Rusiya mediasında Xocalı soyqırımı və Sumqayıt təxribatı haqda tam obyektiv və yaxud da müəyyən dərəcədə obyektiv sayıla biləcək yazıların dərci, hətta bu prosesə "Sumqayıtda baş verənləri azərbaycanlılar törətməmişdi" deyən erməni kökənli Sergey Kurqinyanın qoşulması da, elə belə deyil. Fevralın 25-də "Komsomolskaya Pravda" qəzetində dərc edilən "Elan olunmuş qətlin xronikası" və  fevralın 28-də "Nezavisimaya qazeta"dakı "Sumqayıtın dərsləri izsiz qalmamalıdır" sərlövhəli yazıda sadalanan bir çox faktlar nə onu yazanlara, nə də həmin məqalələrin indi meydana çıxmasına yaşıl işıq yandıranlara sirr olmayıb.

Sumyayıt təxribatını araşdırmaq üçün ora göndərilmiş SSRİ Baş Prokurorluğunun mühüm işlər müstəntiqi Vladimir Kaliniçenkonun da bildirdiyi kimi, burada SSRİ DTK-nın əli olduğu hələ 30 il əvvəldən məlum idi.

Həmin Kaliniçenkonun təbirincə desək, SSRİ-ni erməni-Qorbaçov birliyinin dağıtdığının dilə gətirilməsi, fikrimcə, qalaqurmaya gedən Serj Sarkisyana xəbərdarlıqdır. Çünki Armen Sarkisyanın prezident, Karen Karapetyanın isə baş nazirin birinci müavini kürsüsündə əyləşdirilməsi planı Moskvanın Ermənistan üzərində təsirinin azaldılması yönündə atılan addım kimi qiymətləndirilir. Kreml bunu həzm etməyəcək".

Deputat əlavə edib ki, son zamanlar qubernator dəyişiklikləri zamanı Rusiyanın nazirliklərində və yaxud üzdə olan şirkətlərində çalışan bir sıra yüksək vəzifəlilər quberniyalara hansı məqsədlə göndərilmişdisə, Karen Karapetyan da Qazpromdan Ermənistana o məqsədlə göndərilib: "O, 2018-ci ildə Serj Sarkisyanı əvəz etməli idi, onun rəhbərliyi altında çalışmalı deyildi. Sarkisyan isə hələlik öz oyununu oynayır. Moskvanın bu istəyinə əməl etməməsi azmış kimi, qalaqurmaya gedir, Armen Sarkisyan kimi Böyük Britaniyaya bağlı birini "prezident" təyin etməklə, hətta balans yaratmağa və gələcəyini sığortalamağa çalışır. Amma şahmat gedişləri edən Serj Sarkisyan bilməlidir ki, onun bu qalaqurması heç də özü üçün yaxşı qurtarmayacaq".

Ceyhun ABASOV

 





08.03.2018    çap et  çap et