525.Az

Ailəsini idarə edə bilməyən şəxsin dövləti idarə etmək iddiası


 

Ailəsini idarə edə bilməyən şəxsin dövləti idarə etmək iddiası<b style="color:red"></b>

AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli London məcaraları ilə yenidən “gündəmə” gəlib. Vaxtilə Azərbaycan əleyhinə keçirilən tədbirlərdə erməni separatçıları ilə eyni cəbhədə çıxış edən Türkel Kərimli, bu dəfə Londonda bahalı eyş-işrət məclislərindəki qeyri-etik fotoları ilə “gündəmdədir”.

Əslində, onun bu hərəkətləri hakimiyyətə iddia edən, özünü müxalifətin lideri sayan Əli Kərimlinin əsl mahiyyətini ortaya qoyur. AXCP sədri tez-tez sosial şəbəkələrdəki çıxışlarında hakimiyyəti müxtəlif aspektlərdən tənqid edir, dövlət idarəçiliyində mənəvi-əxlaqi dəyərlərdən danışır, xalqı itaətsizliyə çağırır. Bu günə kimi AXCP funksionerləri və fəalları ilə bağlı baş vermiş müxtəlif qalmaqallar, o cümlədən, qeyri-etik olaylar onun özünün və rəhbərlik etdiyi qurumun mənəvi-əxlaqi durumunu aydın göstərir.  Oğlu Türkel Kərimli gah ermənilərlə eyni platformada Azərbaycan dövlətini və xalqını ittiham edir, gah da bahalı barlar və gecə klublarında öz əxlaqi keyfiyyətlərini nümayiş etdirir.

Burada hər kəsi maraqlandıracaq bir neçə sual ortaya çıxır. Birincisi, öz ailəsini idarə etməyi bacarmayan şəxs xalqı necə idarə edə bilər?! Hakimiyyətə iddialı olan bu şəxs öz övladına milli-mənəvi, əxlaqi dəyərləri, vətənpərvərlik hisslərini aşlaya bilməyibsə, dövlət, xalq üçün nə edə bilər ki?!

Faktlar onu göstərir ki, Əli Kərimli təkcə siyasətdə uğursuzluğa məhkum, xalqın dəstəyini ala bilməyən birisi deyil,  həm də övladına normal tərbiyə vermək bacarığına malik  olmayan  valideyndir. Hakimiyyət hərisliyi o həddə çatıb ki, oğlunun ermənilərlə işbirliyinə belə, göz yumur. Təki hakimiyyətə gəlsin, prezidentlik kreslosunda əyləşsin, bunun üçün vətən, dövlət əleyhinə hər bir addımı atmağa hazırdır. Amma anlamır ki, adamın birinci növbədə hakimiyyət iddiasını reallaşdırmağa, siyasi partiya idarə etməyə, müxalifətin lideri olmaq iddiasına haqqı çatmalıdır. Və bu haqqı çoxdan itirdiyinin fərqində olmalıdır.

Bu gün onun rəhbərlik etdiyi siyasi partiyanın Azərbaycanda heç bir nüfuzu yoxdur, çox az sayda tərəfdarları qalıb. Bu partiya sanki dövlətə və xalqa qarşı düşmən istehsal edən laboratoriyanı xatırladır. Hakimiyyət hərisliyindən dövlətimizin, xalqımızın əleyhinə olan hər kəsə qucaq açmağa hazırdır və açır da.  Məlumdur ki, bu gün qaçıb xaricdə ermənilərlə birlikdə Azərbaycana qarşı kampaniya aparanların bir çoxu məhz AXCP fəalları və ya bu partiyaya yaxın olan şəxslərdir.

Burada sual doğuran ikinci məsələ isə Əli Kərimlinin övladının Londondakı kef məclislərinə xərclədiyi pulların mənbəyi ilə bağlıdır. Londonda təhsilin, yaşayışın, ümumiyyətlə, həyatın necə baha olduğu hər kəsə bəllidir. London dünyanın ən bahalı şəhərləri arasında ilk yerlərdə qərarlaşıb. Amma bu bahalı şəhərdə Əli Kərimlinin oğlu nəinki öz əyləncəsindən qalır, əksinə, ən bahalı restoranlarda, kef məclislərində görüntülənir, onun qeyri-etik hərəkətlərinın fotoları yayılır. Özünü xalqın dərdini çəkən, onun sosial durumunu düşünən birisi kimi göstərən Əli Kərimli oğlunun eyş-işrət məclislərinə, əyləncələrinə pulları hardan alır?  Yoxsa həmin pullar qərbdən Əli Kərimliyə sifarişləri yerinə yetirdiyi üçün göndərilən qrantlardır, yaxud Türkel Kərimli özü emənilərlə iş birliyi, ölkəmiz əleyhinə apardığı kampaniyalara görə “mükafatlandırılır”?

Adətən, Əli Kərimli və radikal düşərgənin digər üzvləri xaricdən aldıqları maliyyəni hər zaman inkar eməyə çalışırlar. Lakin məsəl var, görünən dağa nə bələdçi? İndi Əli Kərimli və digərləri nə demələrindən asılı olmayaraq hər şey gün kimi aydındır.

Bununla belə, Əli Kərimlinin aydınlıq gətirməli olduğu kifayət qədər məsələlər var. Yuxarıda qeyd edilən separatçılarla iş birliyi məsələsi də bunlardan biridir. Məlumat üçün bildirək ki, 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos adına insan haqları komissiyasındakı dinləmələr zamanı Əli Kərimlinin  oğlu Türkel Kərimli Azərbaycan əleyhinə olan həmin dinləmələrdə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Bako Saakyanın oğlu Armen Saakyanla eyni cəbhədən çıxış etmişdi. Türkel Kərimli bu müzakirələrdə “Azərbaycan hakimiyyəti ilə mübarizə aparan ailənin təmsilçisi” kimi danışdı. AXCP sədri, onun ətrafı və radikal müxalifət Türkel Kərimlinin Konqresə yollanmasına, oradakı müzakirəyə qatılmasına çox böyük önəm verdiyini, bu olayı az qala, bütün müxalifət üçün simvolik hadisə saydığını vurğulasa da, baş verənlər rəzalət idi. Ona görə ki, Türkel Kərimli heç bir vəchlə ölkə müxalifətini təmsil edə bilməz: bu gəncin yeganə “üstünlüyü” onun siyasəti intriqanlıq və demaqogiya kimi qəbul edən Əli Kərimlinin oğlu olmasıdır. Bununla da oğlunu siyasi səhnəyə gətirib, öz yerinə hazırlamaq iddiasında olan, AXCP-ni tək adamın partiyasına çevirən, tənqidə və plüralizmə ifrat dözümsüzlüyü ilə ad çıxaran Əli Kərimli yenə də udmaq istədiyi halda uduzdu. Özü də biabırçı bir şəkildə. Və Azərbaycan ictimaiyyəti bununla bağlı hələ də Əli Kərimlidən lazımi cavabı ala bilməyib.

Bütün hallarda öz ailəsini idarə edə bilməyən, övladını normal tərbiyələndirməyən kəs dövləti idarə etmək sevdasına düşə bilməz. Ailə kiçik dövlət sayılır, ilk növbədə hakimiyyətə, liderliyə iddia edən şəxs öz ailəsini idarə etməyi, onu düzgün yolla aparmağı bacarmalıdır. Əsl simvolu düşmənçilik, əxlaqsızılıq, mənəviyyatsızılıq olan şəxs və onun rəhbərlik etdiyi qurum xalqa düzgün yol göstərə bilməz. Çünki özləri düzgün yolda deyillər. Ona görə də Əli Kərimli sussa yaxşıdır. İndi xalqı mitinqə çağırır. Haqlı sual yaranır: hansı üzlə? Xalq bu adamı eşitmək, dinləmək, qəbul etmək istəmir. Bunu nə qədər tez anlasa, bəlkə onun üçün daha yaxşı olar.

AZAD

 





12.03.2018    çap et  çap et