525.Az

ATƏT bürosunun müşahidə missiyası mətbuat konfransı keçirdi


 

KORİN YONKER: “AZƏRBAYCANLA UĞURLU ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİMİZ VAR”

ATƏT bürosunun müşahidə missiyası mətbuat konfransı keçirdi<b style="color:red"></b>

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Səsvermə Prosesini Müşahidə Missiyası Bakıda mətbuat konfransı keçirib.

Tədbirdə müşahidə missiyasının rəhbəri xanım Korin Yonker seçki prosesində göstərəcəkləri fəaliyyət barədə məlumat verib.

Bildirilib ki, missiyanın əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etməkdir: “ATƏT-ə üzv ölkələr seçkilərin müşahidəsi ilə bağlı üzərilərinə öhdəlik götürüb. Bu öhdəlikdən irəli gələrək Azərbaycan tərəfi seçkilərdə müşahidəçi statusunda iştirak etməsi üçün büroya dəvət göndərib”.

O qeyd edib ki, Azərbaycanla uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər: “Ümid edirik ki, əməkdaşlığımız həmişə bu şəkildə davam edəcək”.

“Azərbaycan seçkilərin beynəlxaq standartlara uyğun keçirilməsi ilə bağlı öhdəlik götürüb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ehtiyacların qiymətləndirilməsi missiyasının hesabatına əsasən seçkilərin qanunvericiliyə uyğun keçirilməsinə diqqət yetirəcəyik. Biz səsverməyə qədərki prosesdə öz müşahidələrimizə əsasən aralıq hesabat hazırlayaraq Azərbaycana tövsiyələrimizi verəcək,  seçkidən dərhal sonra isə nəticələrə dair ilkin hesabat təqdim edəcəyik. Daha sonra isə yekun hesabat hazırlayacağıq”, - deyə müşahidə missiyasının rəhbəri qeyd edib.

Xanım Yonker əlavə edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərini Azərbaycanın bütün regionlarında izləyəcək.

K.Yorkerin başçılıq etdiyi missiya Bakıda 11 ekspertdən ibarət heyət, regionlarda isə 20 uzunmüdddətli müşahidəçidən ibarətdir. Missiya martın 15-dən etibarən regionlarda müşahidələrə başlayacaq. Eyni zamanda, missiyaya 280 nəfər qısamüddətli müşahidəçilər daxildir.

Müşahidəçilər namizədlərin qeydə alınması prosesini, seçkiqabağı kampaniyanın aparılmasını, seçki məsələlərinin həllinin hüquqi çərçivədə həyata keçirilməsində seçki administrasiyası və müvafiq dövlət orqanlarının işini izləyəcək. Həmçinin, müşahidəçilər seçki məntəqələrinin açılması, səsvermə, seçki bülletenlərinin sayılması və nəticələrin hesablanması prosesinə nəzarət edəcək.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidə missiyası artıq fəaliyyətə başlayıb. Missiyanın media analitiki Yegor Tilpunov, rəsmi sözcüsü isə Thomas Rymerdir.

Xatırladaq ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidə missiya göndərməyi tövsiyə edib.

Ceyhun ABASOV

 





12.03.2018    çap et  çap et