... Cabir Novruz hələ 60-cı, 70-ci illərdə Azərbaycan oxucuları arasında böyük rəğbət və sevgi qazanıb. O, poeziyamıza yüksək lirizm, bədii kamillik, səmimilik, mənəvi saflıq gətirib.
Cabir Novruzun populyarlığını indiki cavanlara hətta təsəvvür etmək çətindir. Belə ki, onun şeir kitabları çoxminlik tirajlara baxmayaraq, tez bir zamanda satılır, əldən ələ gəzirdi. Özü isə o vaxtı ən böyük zallarda çıxış edirdi. İnanın, hətta çıxışını stadionda elan etsəydilər, bu stadion da ağzınacan dolu olacaqdı. Cabir müəllimin xalq arasında populyarlığını onun yazdığı şeirlərə bəstələnən mahnılar daha da artırdı. Çünki bu mahnıları ən tanınmış ustalarımız, demək olar ki, korifeylərimiz ifa edirdi - Şövkət Ələkbərovadan tutmuş Rəşid Behbudova, Zeynəb Xanlarovaya qədər. İndi də bu mahnıları bizim müasir estrada ulduzları sevə-sevə oxuyurlar.
70-ci illərin axırlarında mən Yazıçılar İttifaqında işə başladım və orada bu böyük şairlə tanış oldum. Cabir Novruz 1971-ci ildən Yazıçılar Birliyinin katibi vəzifəsində işləyirdi. Mən də İmran Qasımovun, bir qədər sonra isə Mirzə İbrahimovun köməkçisi kimi Cabir müəllimlə tez-tez ünsiyyətdə olur, onunla əməkdaşlıq edirdim. O, həyatda çox yumşaq, mülayim, hətta utancaq bir insan idi. Yadımdadır, Yazıçılar İttifaqına və bizim qəbul otağımıza çox sakit, sanki utana-utana, boynu bükülü gələrdi. Bu da onun poeziyası ilə paradoksal kontrast təşkil edirdi, çünki şeir deyərkən, geniş auditoriya qarşısında çıxış edərkən o, əsl tribuna çevrilirdi. Lakin işçilərlə ünsiyyətdə o, tam başqa bir xüsusiyyətlər nümayiş etdirirdi. Yəni hədsiz təvazökarlıq və mülayimlik. O, elə sakit davranırdı ki, biz hərdən tərəddüd edirdik: Cabir Novruz iş yerindədir, ya gedib. Və birdən içəridən şeir misralarını eşidirdik, diqqətlə qulaq asanda başa düşürdük ki, bu, Cabir Novruzun səsidir. Yəqin ki, ilhama gələrək şeir misralarını hafizəsində saxlamağa və kağıza köçürməyə tələsirdi. Ona görə də, onları ucadan səsləndirirdi. Bu, çox maraqlı bir məqamlar idi.
İkinci tərəfdən, Cabir müəllimin yumşaqlığı, hətta utancaqlığı onun qrafomanlara, istedadsızlara qarşı prinsipiallığı və dözümsüzlüyü ilə maraqlı təzad təşkil edirdi. O, istedadlı şairlərə, cavanlara kömək edirdi, jurnalın baş redaktoru kimi böyük bir şair nəsli yetişdirməyə can atırdı. Digər tərəfdən onun qrafomanlardan zəhləsi gedirdi, və mənim yadımdadır ki, o, belə insanları hətta kabinetdən qovurdu.
Bir maraqlı fakt sizə söyləyim. Uzun illər, yəni 70-80-ci illərdə Cabir Novruz Yazıçılar İttifaqının Qəbul Komissiyasına sədrlik edirdi. Təsəvvür edin ki, hər il 30, ya 40 namizəddən yalnız 3-ü, 4-ü Yazıçılar İttifaqının üzvü seçilirdi. Çünki Cabir Novruz üzvlük məsələsinə çox böyük tələbkarlıqla yanaşırdı. Mən özüm Qəbul Komissiyasının məsul katibi kimi onunla bir neçə il birgə işləmişəm. Və tam məsuliyyətlə deyə bilərəm ki, biz o illərdə bir dənə də qrafomanı Yazıçılar İttifaqına qəbul etməmişik. Cabir Novruz buna imkan verməzdi.
Ümumiyyətlə, Cabir Novruz mənim hafizəmdə çox təvazökar, sadə, özünü ləyaqətlə və korrekt aparan insan kimi yadda qalmışdı. O, qadınlara münasibətdə özünə məxsus hörmətlə, sevgi ilə seçilirdi. Məsələn, 8 mart günü ərəfəsində Cabir Novruz yeganə katib idi ki, bizə, Yazıçılar İttifaqının qadın əməkdaşlarına gül dəstəsi bəxş edərdi. Özü də gülü təqdim etməyə utanırdı, bunu onun əvəzinə sürücüsü edirdi. Bir qədər sonra isə Cabir Novruz qəbul otağına daxil olurdu. Böyük kitabsevər idi. O vaxt, bilirsiniz ki, məşhur rus və xarici yazıçıların seçilmiş əsərləri "podpiska" deyilən üsulla müəssisələr arasında paylanırdı. Cabir Novruz həmişə yeni seçilmiş əsərlərinin "podpiska" olacağını eşidəndə çox sevinərdi. İnanın ki, onun nəzərində heç bir maddi nemət kitab qədər dəyərli deyildi. Kitabı, Sözü, mənəviyyatı hər şeydən üstün tuturdu.
Onun məşhur şeiri hamımızın yadındadır. Bu şeirdə o, "Şairlərə sağlığında hörmət edin, sağlığında heykəl qoyun ölməzlərə" misraları ilə xalqa müraciət edirdi. Şükürlər olsun ki, Cabir Novruzun özü sağlığında yüksək qiymətləndirilib. Onun fəxri adları, dövlət mükafatları, deputat statusu, nəhayət, prezident təqaüdü var idi. Heyf ki, az yaşadı. Cəmi 69 yaşında dünyasını dəyişdi. O, hələ çox işlər görə bilə, çox şeirlər və poemalar yaza, bizə çox dəyərli sözlər deyə bilərdi. Ancaq onun şair ürəyi vətən dərdinə dözə bilmədi.
Müasir dövrdə bizim cəmiyyətimiz belə qeyrətli, abırlı, vicdanlı yazıçılara çox möhtacdır. Çünki Cabir Novruz kimi insanların sözləri ilə əməlləri vəhdət təşkil edirdi. Çünki o, özü həyatda şeirdə təbliğ etdiyi yüksək amalları ilə yaşayırdı. Və öz şair adına, şöhrətinə, xalq arasındakı hörmətinə heç bir zaman xələl gətirmədi. Və mən fəxr edirəm ki, belə bir unikal insanla uzun illər əməkdaşlıq etmişəm, işləmişəm və ünsiyyətdə olmuşam.
Allah ona qəni-qəni rəhmət eləsin!