525.Az

"Ədəbiyyat məcmuəsi"nin yeni nəşri


 

"Ədəbiyyat məcmuəsi"nin yeni nəşri<b style="color:red"></b>

"Ədəbiyyat məcmuəsi"nin XXXI cildi çapdan çıxıb. Azərbaycan ədəbiyyatı, Ədəbiyyat nəzəriyyəsi, Ədəbi tənqid, Folklorşünaslıq, Ədəbi əlaqələr, Mətbuat tarixi və Yubileylər bölmələrində 44 məqalə ehtiva olunub.

Məcmuə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatının mifologiya və epos dövrü" məqaləsi ilə açılır.

Akademik ədəbi dövrləşmənin qədim dövrünü "ən qədim zamanlardan, yəni Nuh əyyamından, Eneolit dövründən başlayaraq yaranan şifahi xalq ədəbiyyatının, "Kitabi-Dədə Qorqud" dastanlarının meydana çıxdığı yeni eranı VII əsrə qədərki ən uzun epoxa" kimi hüdudlandırıb və təzahür etmiş mifologiyanın,  eposun vacib elmi tezisini verib. Alim göstərib ki, VII əsrdə başa çatmış və epik janrları meydana gətirmiş Azərbaycan  ədəbiyyatının qədim dövrü mifologiya və epos dövrü adlandırıla bilər. Müəllif mifoloji baxışların yalnız əsatirdə deyil, əksər janrlarda təzahürünü qeyd edir, ovsunları, ağıları, sehrli nağılları, mövsüm, mərasim nəğmələrini, sayaçı sizləri, holavaları göstərir. "Nəinki şifahi şəkildə yaranan ədəbiyyatın kiçik janrlarında, hətta nağıllarda və qədim dastanlarda da mifoloji qat aparıcı olmuş, ideyanın əsas daşıyıcısına və açılışına  xidmət etmişdir".

Alim mühüm tezis daxilində bir neçə vacib müddəanı irəli sürüb. Bu da ondan ibarətdir ki, mifoloji rəvayətlə xalq şeirinin sintezi Azərbaycanda epos təfəkkürünü formalaşdırıb. Mifoloji mətnlər və qədim xalq şeiri örnəkləri dastana keçid üçün mənəvi körpü  olub. "Kitabi-Dədə Qorqud" dastanı "Alp Ər Tonqa", "Gültəgin", "Tonyukuk", "Oğuz kağan", "Göytürk", Oğuznamələr" kimi ortaq türk dastanlarından fərqli olaraq ümummilli bütövlüyə doğru etnik-mədəni prosesə çevrilib, etnik-coğrafi baxımdan daha çox Azərbaycan hadisəsi olub.

İ.Həbibbəyli Gəmiqaya-Qobustan abidələrinə protoazərbaycanlıların həyatı və təbiətinin qayaüstü rəsmlərdə ifadəsi kimi dəyər verib. Alim "Gəmiqaya-Qobustan qayaüstü rəsmlərini sistemləşdirmək, oxşar süjetlərə aid rəsmləri yan-yana düzüb bütövləşdirməklə möhtəşəm bir eposu formalaşdırmaq mümkündür"- qənaətindədir. "Heç ola bilməz ki, Gəmiqaya-Qobustan qayaüstü rəsmlərini, əlifbasını və "mətnlərini" yaşadan xalq onun şifahi və yazılı bədii təfəkküründə iştirak etməmiş olsun". Akademik fikirlərini belə yekunlaşdırıb ki, qədim dövr Azərbaycan ədəbiyyatı şifahi xalq ədəbiyyatının yaranması və inkişafı dövrünün ədəbiyyatı olub, milliyazılı  ədəbiyyatın meydana çıxmasına münbit zəmin hazırlayıb...

"Məcmuə"nin Azərbaycan ədəbiyyatı bölməsində 24 məqalə verilib. Ə.Əsgərli  "Ülfət və məhəbbət şairi" məqaləsində xalq  şairi Nəriman Həsənzadənin 7 cildliyinin birinci cildindəki şeirlərin təhlilinə, professor Paşa Kərimov "Kişvəri və Şah İsmayıl Xətai" məqaləsində Kişvərinin özündən sonrakı şeirin inkişafında roluna, dosent Qurban Bayramov "Molla Pənah Vaqif və Qarabağ ədəbi mühiti" məqaləsində milli realist poeziyanın təşəkkülünə diqqət yetirib.

Dosent Şahbaz Şamıoğlu (Musayev) "Mirzə Fətəli Axundzadənin  bir nəsr əsəri haqqında" məqaləsində sənətkarın  "Fəqəreyi-əcibə" ("Qəribə hekayə")  əsərinə, dosent Lütviyyə  Əsgərzadə "Şeyx Sənan əfsanəsi və tarix" məqaləsində "Şeyx Sənan" mövzusunun yayılma məkanına, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlu (Əhmədov) "Mirzə Müslüm Qüdsi İrəvani" məqaləsində onun yaradıcılığının bədii-poetik özəlliklərinə, professor Baba Babayev "Seyid Hüseynin hekayələri" məqaləsində yazıçı nəsrinə ədəbi tənqidin münasibətinə,  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı"Sürurinin bir qəzəli  haqqında" məqaləsində sənətkarın bir qəzəlinə olan Füzuli marağına, professor Abid Tahirli "Abay dağlının "Onlar türklərdi" romanında  repressiyanın bədii ittihamı" məqaləsində bolşevizmin, sovet rejiminin ifşasına, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli "Abbas Səhhətin  lirikası" məqaləsində şairin lirikasına çağdaş ədəbiyyatşünaslıq səviyyəsindən qiymətinə xüsusi yer ayırıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova "Cavid yaradıcılığı: zamana baxış kontekstində" məqaləsində milli insan böhranının Cavid sənətindəki ifadəsinə, filologiya üzrə fəlsəfə doktoru, dos. Könül Hacıyeva "XV əsr Azərbaycan  şairi Xəlilinin əsərlərinə yazılan nəzirələr haqqında" məqaləsində  şairin orijinal poeziyasına təqlidə, dosent Bahar Bərdəli (Məmmədova) "Sabir Rüstəmxanlının poeziyasında vətənpərvərlik duyğuları" məqaləsində S.Rüstəmxanlı şeirinin Vətən yanğısına,  filologiya üzrə fəlsəfə doktoru Ülkər Zakirqızı (Məmmədova) "Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi şeirləri" məqaləsində Ş.Sührəvərdinin ərəb dilli və farsdilli ədəbiyyatın nümayəndəsi olmasına, filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd (Hacıyeva) "Abdulla Şaiqin "Aldanmış ulduzlar" pyesinin Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" povesti ilə müqayisəli təhlili" məqaləsində sözügedən əsərlərin dövr və müəllif tendensiyasındakı müxtəlifliyinə dəyər verib.

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Ağayevanın "Füzuli yaradıcılığında  ikidillilik"  məqaləsində diqlossiyanın (ikidillilik) Füzuli üslubunun elementlərindən biri kimi dəyərləndirilməsi, fəlsəfə doktoru Aləmzər Tağıyevanın "Nizamişünaslıqda multidistiplinar araşdırmalar" məqaləsində Nizami yaradıcılığının dünya ədəbiyyatını zənginləşdirməsi, Elza Rəhimovanın "Qabilin yaradıcılığında  mənəvi dəyərlərin təcəssümü" məqaləsində müəllifin mentalitet haqqında  poetik düşüncəsi, Qardaşxan Əzizxanlının "XX əsrin  ikinci yarısında Azərbaycan vətəndaşlıq lirikasında şair kimliyi" məqaləsində M.Araz, S.Tahir və M.İsmayıl yaradıcılığındakı vətəndaşlıq motivi, Könül Əliyevanın "Nizaminin astronomiya haqqındakı fikirlərinin poetik təcəssümü" məqaləsində şairin astronomiya elmi haqqında düşüncələri, Pəri Həsənlinin "Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərinin tədqiq tarixinə dair" məqaləsində poemanın Füzuli yaradıcılığındakı yeri, Gülnar Qasımlının "Müasir Azərbaycan poemalarının aparıcı obrazları" məqaləsində müstəqillik dövründəyazılmışpoemalarda  çağdaş Azərbaycan  reallıqlarına münasibət özünə yer alıb.

"Ədəbiyyat nəzəriyyəsi" bölməsində 5 məqalə verilib. Filologiya üzrə elmlər doktoru Vüqar Əhmədin "Səyavuş" faciəsinin dil-üslub xüsusiyyətləri və tamaşa  tarixi" məqaləsi dramaturqun üslub sənətkarlığından, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmanovun "Bəzi tekstoloji terminlər və onların  konseptos-ferası" məqaləsi terminoloji  anlayışlar və onların sərhədləri, filologiya üzrə fəlsəfə doktoru Nailə Muradəliyevanın "Məhəmməd Hadinin müxəmməsləri" məqaləsi müxəmməslərin mövzu mündəricəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə İkramqızının (Əlizadə) "Alleqorik obrazlar və onların poetik ifadə  vasitələri" məqaləsi alleqoriyanın ideya-estetik xüsusiyyətləri və dünya ədəbi təcrübəsi ilə bir yerdə öyrənilməsinin vacibliyi, Şəhanə Əliyevanın "Azərbaycan dramaturgiyasında ikonik və ikonoqrafik kodlar" məqaləsi vizual qavrayışa əsaslanan obraz və kompozisiya elementlərinin zənginliyindən bəhs edib.

"Ədəbiyyat məcmuəsi"nin ədəbi tənqid bölməsində 1 məqalə özünə yer alıb. Filologiya üzrə elmlər doktoru, professor Nizami Tağısoy "Elçinin "Baş" romanı və Azərbaycan ədəbi-nəzəri tənqidi" məqaləsində roman haqqında   ədəbi tənqid mövqeyindən danışıb.

Folklorşünaslıq şöbəsində 2 məqalə verilib.  Filologiya üzrə elmlər doktoru İslam Sadıq "Yusif Vəzir Çəmənzəminli və şumer qaynaqları" məqaləsində ədibin qəbilə-əşirət çağlarının izindən, Şumer, Akkad, Babil və Assur qaynaqlarından,  filologiya üzrə fəlsəfə doktoru Ülkər Ələkbərova "Sünə və yula türk və monqol xalqlarının inanclarında" məqaləsində türk ruhundan - kut və yula mənalarının hal dəyişmələrindən bəhs edib.

Ədəbi əlaqələr bölməsində 7 məqalə özünə yer alıb ki, bunlar türk və rus ədəbi-mədəni  əlaqələrinə aiddir. Professor Məmməd Əliyev "XVIII əsr: türkün iki şairi" məqaləsində M.P.Vaqif və Məhtimqulu Fəraqinin realizimindən, filologiya üzrə elmlər doktoru Almaz Ülvi (Binnətova) "Əlişir Nəvainin "Məcalis ün-nəfais" əsəri" məqaləsində adı gedən əsərin mükəmməl təzkirə nümunəsindən, filologiya üzrə elmlər doktoru Kamil Hüseynoğlu "Alp ər Tonqa və Əfrasiyab eyni şəxsiyyət deyildir" məqaləsində onları eyniləşdirən və ayıran səbəblər, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayeva "1920-ci illər Azərbaycan ədəbi mühitinin formalaşmasında türk yazarları faktoru" məqaləsində türklərin 1920-ci illər ədəbiyyatındakı  rolundan, filologiya üzrə fəlsəfə doktoru Mahrux Tağıyevanın "F.M.Dostoyevskinin "Şeytanlar" romanının Azərbaycan dilinə tərcüməsində Pyotr Verxovenskinin portretinin verilməsi" məqaləsində portretyaratma üsulu və Məmməd Qocayevin tərcüməsindən, Könül Sadiyeva "Rus postmodernizminin nəzəri-fəlsəfi təhlili" məqaləsində postmodernist ədəbiyyatın Rusiyadakı təzahür xüsusiyyətlərindən, Nərminə Hüseynova "Artıq  adam" tipajının formalaşmasında Yevgeni Onegin  və Peçorin obrazlarının rolu" məqaləsində obrazların müqayisəli təhlilindən söz açıb.

Mətbuat tarixi bölməsində 3 məqalə verilib. Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Quliyevanın "Mətbuatşünaslıq tariximizdən" məqaləsində milli mətbuatın inkişaf yolu, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın "Molla Nəsrəddin" jurnalında onomastik vahidlər" məqaləsində jurnaldakı anomastika, Aynurə Paşayevanın "Azərbaycan" jurnalının səhifələrində "Molla Nəsrəddin" ənənələri" məqaləsində mollanəsrəddinçilərin işlətdiyi  mövzuların əhəmiyyəti göstərilib.

Yubileylər bölməsində filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımova mətnşünas-alim Əliheydər  Hüseynovun 100 illik yubileyini, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı isə ədəbiyyatşünas - alim, şair və tərçüməçi Əflatun Saraclının 80 illik yubileyini təbrik edib. Jurnalın sonunda 2017-ci ilin xronikası verilib.

 





14.03.2018    çap et  çap et