525.Az

Ermənistan əhalisi Serj Sarkisyana qarşı kütləvi etiraz aksiyalarına başlayıb


 

İŞĞALÇI ÖLKƏ VƏTƏNDAŞLARI ONU BAŞ NAZİR POSTUNDA GÖRMƏK İSTƏMİRLƏR

Ermənistan əhalisi Serj Sarkisyana qarşı kütləvi etiraz aksiyalarına başlayıb<b style="color:red"></b>

Ermənistanda ciddi qanun pozuntuları ilə yadda qalan prezident seçkilərindən sonra qeyri-sabit ictimai-siyasi vəziyyət, əhalinin acınacaqlı sosial həyat şəraiti daha da dərinləşməkdədir.

Konstitusiya dəyişikliklərindən sonra işğalçı ölkədə prezident idarə üsulundan parlament respublikasına sürətli keçid - Armen Sarkisyanın formal olaraq dövlət başçısı kürsüsünə gətirilməsi göstərdi ki, prezident səlahiyyətlərini təhvil verməyə hazırlaşan Serj Sarkisyan baş nazir postuna sahiblənməklə əvvəlkitək hakimiyyəti öz əlində saxlamağa çalışır. Ermənistan vətəndaşlarının rifah halının yaxşılaşdırılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli, ölkədə geniş yayılmış yoxsulluğun qarşısının alınması isə hərbi xunta rəhbərinin planlarına daxil deyil.

Ermənistan parlamentində gizli səsvermə yolu ilə prezident seçilən Böyük Britaniya vətəndaşı A.Sarkisyanın bu posta qanunsuz gətirilməsi isə hər kəsə məlumdur. Başqa ölkənin vətəndaşı olan yeni dövlət başçısını ermənilər qəbul etmək istəmirlər. Ermənistan əhalisi A.Sarkisyana Qərbin agenti kimi baxır və haqlı olaraq düşünürlər ki, bu adam yalnız öz himayadarlarının maraqlarını yetirmək üçün dövlətin başına gətirilib. Yeni prezident isə bu ittihamlara qarşı əsaslı arqument gətirməkdə acizdir. O, yalnız "özümü həmişə Ermənistan vətəndaşı kimi hiss etmişəm" deməklə bərayət qazanmağa çalışır. Halbuki hiss etməklə heç nə bitmir. Ermənistan konstitusiyasında prezident seçilmək üçün ən azı 6 il ölkə vətəndaşı statusunu daşımaq əsas tələblərdən biri kimi göstərilib. Bu şərtə əməl olunmadan A.Sarkisyanın dövlət başçısı kürüsüsünə əyləşdirilməsi isə yeni dövrdə də işğalçı ölkədə qanunların, insan hüquq və azadlıqlarının ayaqlar altında olacağından xəbər verir.

Ona görə də işğalçı ölkədə keçirilən prezident seçkiləri bütün dünyada mənfi rezonans doğurub. Ermənistan mətbuatı ilə yanaşı, bir çox xarici ölkələrdə gedən yazılarda seçkilərin qeyri-bərabər, antidemokratik şəraitdə keçirildiyi vurğulanır.

Rusiyanın "Vestnik Kafkaza" xəbər portalı yazır ki, Ermənistanda prezidenti yüzminlərlə insan yox, 90 nəfər seçib: "A.Sarkisyan yalnız 90 nəfərin prezidenti olacaq. Erməni əhalisi seçkilərdən bixəbər qalıb. Ermənistan vətəndaşları onları nə gözlədiyindən, yeni prezidentin ölkəyə formal rəhbərlik edəcəyi 7 il ərzində nə işlə məşğul olacağından xəbərsizdir".

Ermənistanın "Hraparak" qəzeti isə qeyd edib ki, ilk dəfə parlamentdə baş tutan prezident seçkilərində ağ ləkələr özünü göstərib. Hesablama Komissiyasının üzvləri Armen Sarkisyanın namizədliyi ilə əlaqədar etibarsız sayılan seçki bulletenlərinin məzmununu açıqlamayacaqlarına and içsələr də, qəzet həmin bulletenlərdə bəzi erməni deputatların prezident kimi Qagik Tsarukyanı qeyd etdiklərini öyrənə bilib.

Sözügedən qəzet yeni prezidentin vətəndaşlıq məsələsinə də diqqət çəkib, baş vermiş hadisəni qanun pozuntusu kimi qiymətləndirib. Qəzet sual edir ki, əgər prezident seçilmək üçün Konstitusiya pozulursa, onda nəyə görə bu maddəni birdəfəlik əsas qanundan çıxarmırlar? "Hraparak" bununla mövcud qanun pozuntusundan qaçmağın mümkün olduğunu ironiya ilə qeyd edib.

"Aravot" xəbər saytı isə yazır ki, prezident seçkilərindən sonra dərinləşməkdə olan problemlər Ermənistanın xarici təhdidlərə qarşı həssaslığını artırır.

Saytın məlumatına görə, DİALOQ İctimai Birliyinin sədri Yuriy Navoyan qeyd edib ki, Ermənistanı bürüyən korrupsiya, rüşvətxorluq, inhisarçılıq, zəyif siyasi sistem, seçkiyə inamsızlıq,  kütləvi miqrasiya ölkəni inkişafdan saxlayan əsas amillərdir: "Əhalinin sosial-iqtisadi dumunu bərbad vəziyyətdədir. Ermənilər çıxış yolunu xarici ölkələrdə məskunlaşmaqda görürlər. Bütün siyasi partiyalar bu problemlərlə bağlı çıxışlar etsələr də, heç kəs islahatlar üçün proqram ortaya qoymur. Bu da erməni siyasətçilərin qeyri-səmimiliyindən xəbər verir.

Bütün bunlardan xəbərdar olan əhali çıxış yolunu ya ölkəni birdəfəlik tərk etmək də, ya da kütləvi aksiyalarla hakimiyyətə öz etirazlarını bildirməkdə görürlər.

Bu mənada, İrəvan yenidən qəzəbli xalq kütlələrinin mitinqləri ilə sirkələnməkdədir. Bugünlərdə Azadlıq meydanına toplaşan nümayişçilər Serj Sarkisyanın baş nazir postuna keçərək ölkəyə rəhbərliyini möhkəmləndirməsinin qarşısını almaq üçün çıxışlar edirlər. Həmişə diaporla əlaqələri tənzimləməyə çalışan Serj Sarkisyana bu dəfə xaricdə yaşayan ermənilər də üz çeviriblər. "Vestnik Kafkaza" qazetinin məlumatına görə, erməni diasporunun təmsilçiləri Paris, Strasburq, London və Los-Ancelesdə Ermənistan hakimiyyətinə qarşı kütləvi aksiyalar təşkil ediblər. Ermənilər hazırki rejiminin yarıtmaz siyasətinə, işğalçı ölkədə insan hüquqlarının pozulması, mətbuat azadlığının boğulmasına qarşı etiraz edir, Serj Sarkisyanı hakimiyyətdən getməyə çağırırlar.

"Hraparak" qəzetinin baş redaktoru Armine Ohanyan bildirib ki, Ermənistanda ildən-ilə mətbuat nümayəndələrinə qarşı təqiblərin sayı artır, söz azadlığına qarşı təzyiqlər gücləndirilir. O qeyd edib ki, hazırki rejimə qarşı mübarizə aparmaq lazımdır: "Hakimiyyətə güzəştə getmək olmaz. Əgər biz 1 millmetr geriyə çəkiliriksə, onlar 1 metr qabağa gəlirlər.

Hüquq müdafiəçisi Aşot Melikyan isə söz azadlığının qarşısı ala bilməyəcəklərini, Ermənistan hakimiyyətinin bu istəyinə də asanlıqla nail olduğunu diqqətə çatdırıb. O bildirib ki, dövlət orqanları mətbuata qarşı daha sərt addımlar atmağa hazırlaşır: "Biz görürük ki, yeni seçiləcək baş nazir açıq, şəffaf işləmək istəmir. Serj Sarkisyan dövlət başçısıykən necə qapalı işləyirdisə, baş nazir postuna əyləşəndən sonra da o cür yarıtmaz fəaliyyət aparacaq".

Ceyhun ABASOV

 





14.03.2018    çap et  çap et