525.Az

Tillerson dövlət katibi postundan niyə uzaqlaşdırıldı?


 

"TRAMPIN AMERİKA PREZİDENTİ OLDUĞU MÜDDƏT BİR İLDƏN BİR AZ ARTIQDIR, ANCAQ ÖZ KABİNETİNDƏ İSTEFAYA GÖNDƏRDİYİ MƏMURLARIN SAYI-HESABI YOXDUR"

Tillerson dövlət katibi postundan niyə uzaqlaşdırıldı?<b style="color:red"></b>

"Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən niyə çıxartdı? Bu sual hazırda çoxlarını maraqlandırır. Fikrimcə, Tramp Tillersonun son dərəcə müstəqil hərəkət etməsindən narahat idi".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, həqiqətən Tillerson siyasi çəkisinə görə Trampdan geri qalmırdı: "Belə baxanda, böyük neft şirkətinin rəhbəri olan Tillersonun pulu keçmiş tikinti maqnatı Trampın pulundan çox idi. Elə dövlət katibi vəzifəsində də Tillerson müstəqil qərarlar verməyə çalışırdı, ancaq Ağ Ev administrasiyası onun qərarlarından sanki qıcıqlanırdı, Trampın müşaviri və kürəkəni Kuşner də Tillersonla razlaşdırmadan xarici siyasətlə məşğul idi. Bu da Tillersonun xoşuna gəlmirdi. Bir sözlə, iki qoçun başı bir qazanda qaynamadı".

E.Şahinoğlu bildirib ki, Trampın Amerika prezidenti olduğu müddət bir ildən bir az artıqdır, ancaq öz kabinetində istefaya göndərdiyi məmurların sayı-hesabı yoxdur: "Bu, ondan irəli gəlir ki, Donald Trampın daxili və xarici siyasətdə sistemli yanaşması yoxdur. Bir neçə gün əvvəl iqtisadi məsələlər üzrə müşaviri də Ağ Ev sahibinin Avropa Birliyi dövlətlərinə qarşı tətbiq edilən yeni iqtisadi qaydalarla razılaşmayaraq istefa vermişdi".

Reks Tillersonun bir neçə həftə əvvəl Türkiyə paytaxtına gəlib razılaşmalar əldə etdiyini xatırladan politoloq deyib ki, Türkiyənin işinin yenə çətinə düşdü: "Ankara ilə Vaşinqton arasında münasibətlərin normallaşması və Suriyada ortaq maraqların qorunması məqsədilə iki mexanizm əldə edildi. Elə bu günlərdə həmin mexanizmlər işə salınmalı idi. Tillerson daha dövlət katibi deyil. Bu, o deməkdir ki, Ankara indi yeni dövlət katibi Mayk Pompeo ilə eyni məsələləri müzakirə etməlidir. Ancaq Pompeonun Türkiyəyə simpatiyası yoxdur və bəlli deyil ki, o, Tillersonun Ankara ilə əldə etdiyi razılaşmaları yerinə yetirəcək, ya yox".

Ceyhun ABASOV

 





15.03.2018    çap et  çap et