525.Az

Silahlanan qırğızlar və taciklər


 

Silahlanan qırğızlar və taciklər<b style="color:red"></b>

Zahid Oruc

Orta Asiya uğrunda savaş yeni sürət götürür və indiki gərginlik keçmişdəki kimi hər hansı bir ölkənin daxili həyatında deyil,dövlətlərarası münaqişələr perspektivində inkişaf etməkdədir.Bunu təsdiq edən ən baslıca fakt sürətlə silahlanma yarışının aktiv fazaya keçməsidir.Sual olunur-regionun həyatında hansı kardinal dəyişiklik baş verib ki,xalqlar özünümüdafiənin bütün vasitələrini işə salıblar?Rusiya müdafiə naziri Sergey Şoyqu Qırğızıstana göndərilən texnika və silah partiyasının iki ölkə arasında imzalanmış müqavilə əsasında gerçəkləşdirildiyini bəyan edib və kontraktın 1.1 milyard dollarlıq dəyərə malik olduğunu bildirib.

Cəmi 15 minlik hərbçiyə malik bir dövlətin belə yüksəktutumlu xərcləri təhlükəsizlik ehtiyacına yönəltməsi heyrət doğurur.Bir müddət öncə Kollektiv Təhlükəsizlik Təşkilatından çıxan rəsmi Daşkənd və tez-tez Qırğızıstanla sərhəd ixtilafları yaşayan Tacikistanın arasında dərinləşdirilən soyuqluq yaxın gələcəkdə Orta Asiyada parçalanmanın qaçılmaz olacağını deməyə əsas verir.

Bir tərəfdən də beynəlxalq oyunçular prosesi öz xeyirlərinə dəyişmək üçün hər cür təxribata əl atırlar.Əslində Rusiyanın sözügedən hərbi addımının arxasında,həmçinin 200 milyon dollarlıq texnika satacağı Tacikistanla tərəfdaşlığının nüvəsində gizlənən məqsəd silah bazarını əldə saxlamaq niyyəti ilə bərabər,bölgəyə nəzarətini gücləndirmək,strateji resursların nəqlinə nəzarəti artırmaq və ABŞ-ı regiondan vurub çıxarmaqdır.Məhz ona görə də Qırğızıstan hökumətinin yarım milyardlıq borcunu onlara “bağışlayırlar”.Bu mafiya oyunlarındakı tələləri xatırladır.Əvəzində ölkənin mühüm bir ərazisində-Kantda rus hərbi bazasının qalma müddətini 2032-ci ilədək uzadırlar.Bunlar o zaman baş verir ki,Manas ətrafında ultimatumlar genişlənir və qırğız iqtidarı Amerikaya ilin sonunadək oranı boşaltmağı tələb edir.Lakin Qərb belə də asanlıqla strateji meydanı əldən verə bilməz.

Əfqanıstan hadisələri fonunda Orta Asiyanın siyasi sabahı daha dumanlı görünür.Belə ki,koalisiya qoşunları 2014-cü ildən sonra qədim xaos diyarını tərk edəcəkdir və bununla da təhlükəli ssenarilərin,terror və radikal dini ekstremizmin yayılma arealı təzədən Asiyaya doğru genişlənə bilər.Məhz onu nəzərə alan ABŞ rəhbərliyi Özbəkistana fərqli bir statusda yanaşdığını hər zaman göstərməyə çalışır.

Nələr vəd olunurdu?Etnik eyniliyə və tarixi əlaqələrə rəgmən özbəklərin Əfqanıstanın gələcəyində daha mühüm oyunçuya çevrilməsi mümkün idimi?

Məlumatlara görə İslam Kərimova Qərbdən gələn mesajlar bundan ibarət idi ki,hərbi yardım və geniş təhlükəsilik dəstəyi fonunda onun siyasi idarəçiliyinə loyallıq göstəriləcək və Kərimovun iqtisadi layihələri Avropa tərəfindən dəstəklənəcək.Yetər ki,Taliban rejiminə zərbə vurmaq üçün Özbəkistan təşəbbüsü ələ alsın və koalisiyanın yarımçıq qalan missiyasını davam etdirsin.Amma Kərimov uşaq deyil və üç imperiyanı dağıtmış Qəndil dağları ilə savaşmağa onu heç nəylə stimullaşdırmaq olmaz. O,nəinki Əmir Teymurun vəsiyyətlərini,eləcə də Makedoniyalı İsgəndərin yürüşlərinin aqibətini yaxşı bilir və dünyəvi şöhrətə ehtiyacı yoxdur!

Əvəzində Hidro Elektrik Stansiya tikməsiylə özbəklərin suyunu və beləliklə,torpaqlarının nemətini onların əlindən alan tacikləri müharibə ilə hədələyir.

Rəsmi Moskva Asiya dövlətlərini belə himayə etməklə suveren ölkələri təkrar öz orbitinə çəkir və göstərmək istəyir ki, əgər Rusiya ilə yaxından əlaqələr qursanız stabilliyə və iqtidarların gələcəyinə hər hansı təhlükədən sığortalanmış olacaqsınız.Yəni,rəngli inqilablar bu dövlətlərdən yan keçəcək və iqtisadi-siyasi böhran yaranmayacaq.Doğrusu bazarlaşma üçün yüksək ticarətə layiq məsələlərdir.Bir şərtlə ki,ruslar belə ucuz almaq istədiyi dövlətlərin xalqı olmasaydı.Məlumatlar və reytinqli sorğular sübut edir ki,bu ölkələrdə nəinki keçmişin nostaljisi duyulmur,əksinə desovetləşmə meyli güclüdür və ictimai fikirdə avropalaşma tendensiyaları üstünlük təşkil edir.Ruslar silah satır,Qərbsə dəyər və texnologiya.Ona görə xarici siyasət orientirlərinə görə çarpazlaşma intensivləşəcək və daxili-xarici gərginliklər orta Asiyadan yan keçməyəcək.

“Silahların sona qədər susmaması” qanunu var.Yəni tanklar ,toplar,yaxud artilleriya sistemləri,müasir raket qurğularının axıradək çəkindirmə və balans məqsədini güddüyünü heç kəsə inandıra bilməzsən.Silahlar danışanda isə insanlar susmalı olurlar!

 





28.06.2013    çap et  çap et