525.Az

Tofiq Abdin yeni kitabını təqdim edib


 

Tofiq Abdin yeni kitabını təqdim edib<b style="color:red"></b>

Şair-publisist Tofiq Abdinin “Onların dünəni” (Publisistika-1) adlı kitabının İqtisadi Tədqiqatlar Mərkəzində (İTM) təqdimat mərasimi keçirilib.

İTM-in İdarə Heyətinin sədri, jurnalist-iqtisadçı Qalib Toğrul bildirib ki, Tofiq Abdin uzun illərdir, ədəbiyyatımızda müxtəlif janlarda yazılar yazan bir qələm sahibi kimi tanınır: “Bizim bir çoxumuz onun yazılarından bəzi cəhətlər əxz etmişik. Şəxsən mən hələ orta məktəbdən onun “Qobustan” toplusunda çıxan yazılarının həvəskarı idim. O toplunu bir çox zaman onun yazılarına görə alırdım. Həmin yazıları bu kitabda görəndə çox məmnun oldum. Onun bir zamanlar yazdığı “Lili İvanovanın səsi və barmaqları” essesi publisistikamızın ən maraqlı yazılarından biri kimi hələ də xatırlanmaqdadır. İndiki jurnalistikamız bir çox keyfiyyətlərini “Qobustan” toplusundan və onun yaradıcılarından olan Tofiq Abdindən alıb – desəm, yanılmaram. 18 sənət insanın həyat və yaradıcılığından bəhs edən bu kitabın böyük maraqla qarşılanacağına inanıram. Bir məsələni də qeyd etmək istərdim: bəzən Tofiq Abdinin şairliyi unudulur. Amma o, ötən əsrin altmışıncı illərində populyar şeirlərin müəllifi kimi tanınıb, bir çoxları onunla söhbət etməyi özünə rahatlıq bilib. İndinin özündə də respublikamızın iki tanınmış qəzetinə həftəlik yazılar yazan Tofiq Abdin daim axtarışda, yeniliklər etməkdədir”.

İTM-in əməkdaşlarından Rəcəb İmanov  və Rahib Zeynalov Tofiq Abdinin imzasını hər zaman axtardıqlarını qeyd ediblər.

Sonda şair-publisist Tofiq Abdin Mərkəzin üzvlərinə təşəkkürünü bildirib, imzalı kitablarını onlara təqdim edib, suallara cavab verib.

Tofiq Abdin kitabın nəşrini təmənnasız həyata keçirən “Vektor” nəşrlər evinin rəhbəri Elçin İsgəndərzadəyə də təşəkkür edib.

 





28.06.2013    çap et  çap et