Heydər Əliyev Sarayında Azərbaycan teatrının 140 illik yubileyinə həsr edilmiş təntənəli mərasim keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında” 2013-cü il 1 mart tarixli sərəncamına əsasən, Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı çərçivəsində reallaşıb.
Mərasimdə çıxış edən baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev Azərbaycan teatrının tarixi inkişaf yolundan danışıb: “1873-cü ildə ölkəmizdə milli teatrın yaranması, onun daxilində və hüdudlarından kənarda göstərilən tamaşalarla təkcə Azərbaycanda deyil, bütövlükdə Şərqdə ilk peşəkar teatrın əsası qoyulub. Həmçinin 1873-cü ilə qədər artıq teatrın mükəmməl estetik mündəricatı – milli dramaturgiya mövcud olub, Mirzə Fətəli Axundzadə ölməz komediyaları ilə islam dünyasında bu janrın əsasını qoyub. Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Hacıağa Abbasov, Mirmahmud Kazımovski, Hüseynqulu Sarabski, Səməd Mənsur, Mirzəağa Əliyev, Şövkət Məmmədova, Fatma Muxtarova, Mərziyyə Davudova, Sidqi Ruhulla, Əzizə və Sona Hacıyevalar, Ağasadıq Gəraybəyli, Mövsüm Sənani, Abbas Mirzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, Mustafa Mərdanov, Rüstəm Mustafayev, İsmayıl Osmanlı və başqa görkəmli teatr xadimlərinin fəaliyyəti sayəsində Azərbaycan teatrı bir-biri ilə üzvi vəhdətdə olan iki xətt üzrə – Avropa və rus klassiklərinin və Azərbaycan dramaturqlarının əsərləri əsasında inkişaf edib. Bu iki istiqamət Azərbaycan teatrında milli ilə bəşəriliyin, Şərq mentaliteti, sənət spesifikası ilə Avropa teatr ənənələrinin vəhdətini yaradıb. Bu vəhdət isə Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayaraq onun xarakterik xüsusiyyətinə çevrilib. Belə bir xarakterik xüsusiyyət nəticəsində Cavid teatrı, Cabbarlı teatrı, sonrakı dövrlərdə S.Vurğun teatrı, İ.Əfəndiyev teatrı kimi estetik anlayışlar artıq yalnız bu sahənin deyil, ümumən Azərbaycan mədəniyyətinin mühüm hadisələri olub. Məlumdur ki, yaradıcılığın təbiətində fərdilik vardır. Yəni, yazıçı, bəstəkar, rəssam və başqaları əsər yazanda özlərini ifadə edirlər. Kollektiv sənət olan teatrın inkişafı isə eyni zamanda ədəbiyyatın, musiqinin, vokal sənətinin, rəngkarlığın, nitq mədəniyyətinin, rəqsin, fərdi aktyorluq və rejissorluq sənətinin, sənətşünaslığın inkişafı deməkdir. Avropa operasının yüzilliklər boyu keçdiyi keşməkeşli yaradıcılıq yolunu Azərbaycan teatrı bütün Şərqdə ilk dəfə olaraq Üzeyir Hacıbəylinin yaradıcılığının timsalında “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər qısa bir müddətdə qət edib. Üzeyir bəy bütün Şərqdə ilk dəfə olaraq “Arşın mal alan”, “O olmasın, bu olsun” kimi klassik operettalar yazaraq onları Azərbaycan teatrının səhnəsinə gətirib çıxarıb. Dahi bəstəkar öz istedadı ilə Mirzə Fətəli kimi Azərbaycan mədəniyyətinə o vaxtadək tanımadığımız bir janrı – operettanı gətirərək, onu mədəniyyətimizin məhz milli faktoruna çevirib. Teatrımızın səhnəsində canlandırılan Məşədi İbad, Qoçu Əsgər, İntelligent Həsən, Hambal, Qəzetçi Rza bəy Molla Nəsrəddin və Bəhlul danəndə kimi Azərbaycan xalqının milli-ənənəvi qəhrəmanlarına çevriliblər. Bu operettalarda səslənən “Heç hənanın yeridir?”, “Bəs mənim bir abbasım necə oldu?”, “Mən nə qədər qoca olsam da, dəyərəm min cavana”, “Gəlin gətirəndə baxmazlar ki, bu oğlandır, ya qız?” və sair ifadələr qısa müddətdə səhnənin hüdudlarından çıxaraq atalar sözləri səviyyəsində xalqın gündəlik həyatına, məişətinə daxil olub.
Azərbaycan teatrı qısa bir zamanda Şekspiri tamaşaçılara o qədər sevdirə bilmişdir ki, bu sevginin nəticəsi olaraq xalq öz övladlarına onun qəhrəmanlarının adlarını qoyub”.
E. Əfəndiyev 1919-cu ildə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə – bütün Şərqdə, islam dünyasında ilk dəfə olaraq dövlət teatrının yaradılması haqqında Sərəncam imzalanmasını Azərbaycan tarixinin çox əlamətdar bir faktı kimi vurğulayıb. O, Azərbaycan teatrının sovet dövründə inkişaf xüsusiyyətlərindən, tanınmış aktyor və rejissorların səhnəyə gətirdikləri yeniliklərdən məlumat verərək bu gün Azərbaycanın qaçqın teatrlarının, o cümlədən İrəvan, Şuşa, Füzuli teatrlarının fəaliyyət göstərdiyi yeganə ölkə olduğunu deyib: “Əlbəttə, bu da erməni təcavüzünün nəticəsi olan bir sənət tragediyasıdır. Ancaq eyni zamanda, həmin tragediyanın arxasında bu teatr kollektivlərinin nə qədər böyük fədakarlığı, sənət eşqi dayanır. Bütün maddi və mənəvi əzab-əziyyətlərə baxmayaraq bu sənət adamları teatrda bir yerdədirlər, səhnə ilə yaşayırlar”.
Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycan teatrı özünün yeni inkişaf mərhələsini yaşayır: “ Bu prosesin özü bir stimul rolunu oynayaraq teatrımıza, teatrşünaslığımıza yeni həvəs, yeni ehtiras gətirəcək”.
Azərbaycan teatrının tarixi mərhələlərindən söz açan E.Əfəndiyev ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə teatrın inkişafına böyük diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb: “40 il bundan əvvəl teatrımızın 100 illiyinə həsr olunmuş yubiley tədbirində o zaman respublikamıza rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev Azərbaycan teatrının təşəkkül tapması, formalaşması, inkişafı haqqında parlaq məruzə ilə çıxış edib. Respublikanın birinci katibinin – əsas rəhbərinin belə bir mövzuda şəxsən çıxışı bütün Sovet İttifaqında görünməmiş hadisə olub. Teatra belə bir ehtiram ənənəsi bu gün də davam və inkişaf etdirilir. Mədəniyyətin, teatrın inkişafı, o cümlədən dünya teatrına inteqrasiya Azərbaycan dövlətinin daxili siyasətində ən prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə son illərdə ölkəmizin nə qədər teatr binaları yenidən təmir olunub, yeni binalar tikilmiş, maddi-texniki vasitələrlə təmin edilib. Bu gün neçə-neçə teatr xadimlərimiz prezident təqaüdü alırlar. Bütün bunlar şübhəsiz ki, Azərbaycan teatrının daha da inkişaf etdirilməsinə münbit zəmin yaradır”.
Baş nazirin müavini Azərbaycan teatrının 140 illiyi münasibətilə hamını, o cümlədən teatr xadimlərini, işçilərini, bu sahə ilə məşğul olan hər kəsi təbrik edib.
Yubiley mərasimində Azərbaycan teatrının inkişaf tarixini əks etdirən, eləcə də müxtəlif tamaşalardan səhnələr nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində Azərbaycan teatrı ilə bağlı çıxışlarından, Azərbaycan teatrının 125 illiyinə həsr edilmiş tədbirdən, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin teatra göstərdiyi diqqət və qayğını əks etdirən videokadrlar da göstərilib. Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında”, Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında” 2013-cü il 25 iyun tarixli sərəncamlarını oxuyub.
S.ABDULLAYEVA
çap et