525.Az

Qubadakı XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” bərpa olundu - Fotolar


 

Qubadakı XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” bərpa olundu - <b style="color:red">Fotolar</b>

Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası başa çatıb.

Martın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və xanımı Anna Sekuta tarixi abidənin bərpadan sonra açılış mərasimində iştirak etmək üçün Qubaya səfər ediblər.

Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib. Tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib.

Təmir və bərpa işləri qədim hamamın daxilində də aparılıb. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilib. Bərpa zamanı sementi gil və əhəng kimi tikinti materiallar əvəzləyib. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb.

Ə.Qarayev çıxışı zamanı Azərbaycanda bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, bu tikililərin milli sərvətimiz olduğunu qeyd edib.

Nazir bildirib ki, xalqımızın memarlıq istedadından xəbər verən abidələr turizmin inkişafında da mühüm əhəmiyyətə malikdir.

Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyətin acınacaqlı olduğundan danışan Əbülfəs Qarayev bunun ciddi narahatıq doğurduğunu diqqətə çatdırıb:
 
“Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarındakı mədəni və tarixi abidələri dağıdırlar. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var. Bu barədə müvafiq beynəlxalq təşkilatlar da məlumatlandırılıb. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. Amma bu missiyaların həyata keçirilməsinə işğalçı Ermənistan tərəfindən əngəllər törədilir. Azərbaycan həmişə multikultural ənənələri ilə seçilib. Qubada yerləşən “Günbəzli hamam”ın bərpasına xarici ölkə nümayəndəliklərinin cəlb olunması onların bu rayonda mövcud mühitə hörmət əlaməti kimi qəbul edilməlidir".

“Günbəzli hamam” abidəsində aparılan bərpa işləri ilə yaxından tanış olan səfir həyata keçirilən layihənin xalqlarımız arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Bildirilib ki, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 2001-ci ildən etibarən dünyanın yüzdən çox ölkəsində müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üzləşən arxeoloji ərazilərin, eləcə də müxtəlif mədəni irs nümunələrinin qorunmasına dəstək verib.

Abidə bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək. Qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.

“Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla, iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.

1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

 





26.03.2018    çap et  çap et