Bakıda Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Çinin Beynəlxalq Araşdırmalar Fondunun birgə hazırladığı “Çin azərbaycanlıların gözü ilə” kitabının təqdimatı keçirilib. Tədbirdə Çinin Beynəlxalq Araşdırmalar Fondunun icraçı direktoru Lyu Quçan, qurumun vitse-prezidenti Yuy Çjenci, Çin Xalq Respublikası (ÇXR) Xarici İşlər Nazirliyinin Avropa İdarəsi və Mərkəzi Asiya üzrə müşaviri Çao Yünlon, Milli Məclisin deputatları, diplomatlar və digər rəsmi şəxslər iştirak ediblər. Tədbiri açan SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, “Çin azərbaycanlıların gözü ilə” kitabının hazırlanması mühüm layihədir: “Bu nəşr Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafına töhfəsini verəcək”.
İki ölkə arasındakı əlaqələrin tarixindən danışan SAM-ın direktoru qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Çin ilə əməkdaşlığının inkişafına həmişə böyük diqqət ayırıb: “Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirməsi nəticəsində ölkələrimiz arasında əlaqələr daha da inkişaf edib. Bu kitab həm də Çin Beynəlxalq Araşdırmalar Fondu ilə SAM arasında əməkdaşlığın ilk pöhrələrindəndir”.
Çin Beynəlxalq Araşdırmalar Fondunun sədri Lyu Quçan kitabın hazırlanmasının iki ölkə arasındakı əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə olduğunu və nəşrin azərbaycanlıların ÇXR haqqında biliklərini artırmasına imkan yaradacağını diqqətə çatdırıb.
“Sarı əjdaha oyanır” sərlövhəli iqtisadi-analitik yazısı ilə kitabın ərsəyə gəlməsinə töhfəsini verən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Çin və Azərbaycan arasında genişlənməkdə olan iqtisadi əlaqələri ön plana çəkərək, ÇXR hökumətinin ölkə iqtisadiyyatının dövlət tərəfindən tənzimləməsi strategiyasının uğurlu nəticələrindən danışıb. Kitabda Ziyad Səmədzadədən əlavə, daha 9 azərbaycanlı ziyalı və dövlət xadiminin yazıları toplanıb.
Nəşrin baş redaktoru və “Ön söz”ünün müəllifi SAM-ın direktoru Fərhad Məmmədovdur.
S.ABDULLAYEVA
çap et