525.Az

III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək


 

III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək<b style="color:red"></b>

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə 12-19 may tarixlərində Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimlərinin təşkilatı dəstəyi ilə “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festival Heydər Əliyevin anadan olmasının 95, müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr edilib. 

Artıq üçüncü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən - Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail, İtaliya, Mərakeş, Küveyt,  Makedoniya və  İrandan 60-dan yuxarı təklif daxil olub.   

“Sərhədsiz teatr” festivalında iştirak etmək istəyən kollektivlərin çoxluğunu nəzərə alaraq, festivalın iki istiqamətdə - milli və beynəlxalq mərhələdə keçirilməsinə qərar verilib. Milli Teatr mərhələsinə respublika teatrlarının Sumqayıt, Xırdalan, Lənkəran, Mingəçevir, Xaçmaz, Yevlax, Ağdam, Bərdə, Ağstafa, Zaqatala, İsmayıllı, Göygöl bölgələrinə səfərləri daxil edilib. 

Festivalın Beynəlxalq mərhələsində Acto Teatro Columbiya Teatrının Q.Q.Markesin “Məsum Erendira”, Meksikanın La Kvinta Teatrının “Yeddi rəngin tanrısı”, İrandan Benderabbas Şəhər Teatrının V.Şekspirin “Maqbet” və Muğun-Hünər Teatrının M.Məhdəbinin “Canavar”, Gürcüstandan Muvement Teatrının V.Şekspirin “Fırtına”, Rusiyanın Kazan Müstəqil Teatrının “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademik Teatrının uşaqlar üçün “Möcüzələr ölkəsində” tamaşaları ilə çıxışları planlaşdırılıb.

 





27.03.2018    çap et  çap et