“Park Bulvar” ticarət və əyləncə mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Filliqar” rok qrupunun konserti olub.
Tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib.
Konsertdən əvvəl qrupun üzvləri jurnalistlərə müsahibələrində Xəzər dənizinin kənarında yerləşən Bakının gözəlliyindən zövq aldıqlarını və Azərbaycanda olmalarından məmnunluqlarını söyləyiblər. Onlar konsertdə repertuarlarındakı musiqilərlə yanaşı, vaxtilə fəaliyyət göstərmiş Azərbaycanın “Yuxu” qrupu tərəfindən ifa olunan “Xəzərin sahilində” mahnısını ifa edəcəklərini bildiriblər.
Əvvəlcə qonaq qismində “Bakı” və “5:59” yerli rok qrupları çıxış edərək öz repertuarlarına daxil olan mahnıları ifa ediblər.
Sonra amerikalı rok qrupu səhnəyə çıxıb.
“Filliqar” rok qrupu iyunun 25-dən iyulun 7-dək Azərbaycanda səfərdə olacaq. Qrupun Azərbaycana səfəri ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədini daşıyan “Mədəniyyət elçiləri” proqramı çərçivəsində reallaşdırılır. “Filliqar” qrupu Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində açıq havada ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün rok üzrə bir sıra ustad dərsləri keçəcək. “Filliqar” rok qrupunun bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.
“Filliqar” Amerikanın ən yaxşı rok qruplarından sayılır və onların sonuncu albomu olan “The Nerve” 2012-ci ilin müstəqil musiqi mükafatlandırmaları zamanı ilin ən yaxşı albomu seçilib.
S.ABDULLAYEVA
çap et