Azərbaycanın Moldovadakı səfirliyi və Yakov Tixman Fondu iki ölkə arasında mədəni əlaqələrin inkişafına dair layihəni həyata keçirməyə başlayıb.
Səfirlikdən verilən məlumata görə, Kişinyovdakı “Niagara Art Gallery” Mərkəzində Azərbaycanın tanınmış rəssamları Nazim Məmmədov, Aqşin Kazımov, Anar Hüseynzadə və Nazim Şamxorovun əsərlərinin sərgisi açılıb. Onlar bir həftə Moldovada ölkənin tanınmış rəssamları ilə birlikdə çalışıblar.
Sərginin açılışı mərasimində Bolqarıstan səfiri Georgi Panayotov, Macarıstan səfiri Matiyaş Siladi, Polşa səfiri Artur Miçelski, Gürcüstanın və Çinin müvəqqəti işlər üzrə müvəkkilləri, Avropa Şurasının Moldovadakı nümayəndəliyinin başçısı Ülvi Axundlu, Moldova XİN Avropa inteqrasiyası departamenti rəisinin müavini Ruslan Bolboçanu, Moldova Etnik münasibətlər bürosunu sədri Yelena Belyakova, Macarıstanın Konstitusiya Məhkəməsinin sədri Peter Paçzolay, Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri Fuad Cavadov və Rövzət Qasımov, səfirliklərin və Kişineu şəhərində akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları iştirak ediblər. Tədbirə qatılanlar sırasında Moldova Bəstəkarlar İttifaqının sədri Vladimir Belyayev, dünya şöhrətli dirijor, Moldovanın Xalq artisti Georgi Mustya, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov və Moldova Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvləri, alimlər, incəsənət xadimləri, tanınmış rəssamlar, Moldovanın ictimai xadimləri, biznesmenlər, KİV nümayəndələri də olublar. Mərasimdə Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Yakov Tixman, rəssam, Moldova Politexnik Universitetinin professoru Liviu Xınku çıxış edib. Açılış mərasimində tanınmış Azərbaycan rəssamlarının əsərlərindən ibarət albomlar və kataloqlar nümayiş etdirilib.
Bu ilin sentyabrında Azərbaycanda Moldova və Azərbaycan rəssamlarının görüşünü keçirmək planlaşdırılır. Bu görüş də rəsm əsərləri sərgisinin açılışı ilə başa çatacaq.
Hər iki sərginin yekunları üzrə Azərbaycan və Moldova rəssamlarının əsərlərinin kataloqunu nəşr etmək planlaşdırılır.
S.ABDULLAYEVA
çap et