525.Az

"Xocalı dərsi" filminin təqdimatı oldu


 

"Xocalı dərsi" filminin təqdimatı oldu <b style="color:red"></b>

Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi  ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filminin təqdimatı olub.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun məsləhəti əsasında əməkdar jurnalist Mübariz Əsgərovun ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən filimdə "Xocalı soyqırımı, səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabındakı faktlardan istifadə olunub.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyev, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, KİV qurumlarının rəhbərləri, baş redaktorlar, QHT nümayəndələri, Xocalı sakinləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, 45 dəqiqəlik "Xocalı dərsi" filmində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə və sonrakı günlər erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində həyata keçirdiyi soyqırımın dünya mətbuatında necə işıqlandırıldığı göstərilir, Heydər Əliyev  Fondunun vitse-prezidenti  Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində aparılan təbliğat işləri və nəticədə xarici ölkələrin bu soyqırımı tanıması haqqında ətraflı məlumat verilir.

Təqdimat mərasimində çıxış edən Ə.Mehdiyev deyib ki, saxta sovet ideologiyası nəticəsində tariximiz unudulub, gənc nəsillər bu həqiqətlərdən zamanında xəbər tuta bilməyib: "Bunun da acı nəticələrindən biri azərbaycanlılara qarşı bu faciələrin, etnik soyqırımların yenidən törədilməsidir. Erməni faşistlərinin törətdikləri bu əməllərin ifşa olunması üçün çox işlər görülür. Azərbaycan prezidenti də bu ilin yanvarında müvafiq Fərman imzalayıb. Bu istiqamətdə KİV-in və QHT-lərin fəaliyyətləri də öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası  soyqırımın tanınmasında mühüm əhəmiyyət daşıyır. İslam Əməkdaşlıq Təşkilatı, ABŞ-ın 20-dən çox ştatı və bir çox ölkələr bu soyqırımı tanıyıb".

Ə.Mehdiyev gələcəkdə  "Xocalı dərsi" sənədli filminin əsasında bədii film də çəkilə biləcəyini qeyd edib.

Daha sonra "Xocalı dərsi" sənədli filmi nümayiş olunub. Sənədli filmdə Azərbaycan Prezidentinin köməkçisi Ə.Həsənov Xocalı soyqırımının dünyada tanıdılması və erməni faşistlərinin cəzalandırılmasının zəruriliyi barədə fikirlərini bölüşür, "Xocalıya ədalət!" kampaniyasını yüksək qiymətləndirir.

Məhz bu tədbirlərdən sonra Ankara, Berlin, İzmir, İzmit, Kocaeli, Sakarya, Uşak, Sarayevo, Haaqa, Mexikoda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidələr qoyulub, soyqırım Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Şotlandiya, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, İndoneziya, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb və pislənilib.

Filmdə erməni işğalçılarının Xocalıya basqın etdiyi gecə dörd gün meşədə gizlənən bir ailənin çəkdiyi əzablardan da söhbət açılır. Hadisənin canlı şahidi olan Xocalı sakini Sənəm Abdullayeva o dəhşətləri xatırlayaraq, dinc əhalinin başına gətirilən müsibətlərdən danışır, anası, atası və 16 yaşlı kiçik bacısının meşədə öldüklərini deyir.

Xocalıdan olan ailənin sağ qalan üzvlərini erməni qəsbkarları əsir götürür, bir müddət saxlanıldıqdan sonra Azərbaycan tərəfinin danışıqları nəticəsində onlar azad edilirər.

Filmin nümayişindən sonra fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov filmdə tarixi sənədlərə, Xocalı soyqırımı haqqında dünya mətbuatında yazılanlara istinad olunmasının əhəmiyyətindən danışıb, filmin müxtəlif dillərdə tərcümə olunmasının zəruriliyini vurğulayıb.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Azərbaycanın son iki yüz ildə yaşadığı faciələrin bir çox hallarda unutqanlığın nəticəsində təkrarlandığını bildirib.

Millət vəkili deyib ki, "Xocalı dərsi" filmində əksini tapan sənədli kadrlar 26 il öncə yaşanan faciəni gələcək nəsillərin yaddaşına həkk edəcək. İşğalda olan torpaqlarımız Azərbaycan xalqının, dövlətinin, ordusunun gücü ilə azad olunacağına əminliyini bildirən millət vəkili aprel döyüşlərinin buna bariz nümunə olduğunu söyləyib.

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, Qarabağ döyüşçüsü Şamil Sabiroğlu, təşkilatın Qadınlar Şurasının sədri, Xocalı köçkünü Ayna Novruzova, Cəbrayıl rayonu Tatar kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sərfinaz Mərdanlı filmdən təsirləndiklərini deyərək, azərbaycanlılara qarşı soyqırım törədən Ermənistanın mütləq cəzasını alacağına, ordumuzun torpaqları işğaldan azad edəcəyinə inandıqlarını vurğulayıblar.

Sonda filmin yazıldığı disk iştirakçılara paylanıb.

Şahanə MÜŞFİQ

 





30.03.2018    çap et  çap et