525.Az

Vətən sevgisi - xəyanətkarlara yaddır...


 

Antimilli qüvvələrin əlində oyuncağa çevrilənlərin əməlləri nifrət və qəzəb hissi doğurur

Vətən sevgisi - xəyanətkarlara yaddır...<b style="color:red"></b>

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, internetdə getdikcə sayı artan virtual ictimai ünsiyyət şəbəkələrinin və kanallarının mövcudluğu insanlara heç bir kütləvi informasiya vasitəsinin köməyindən istifadə etmədən birbaşa, hətta öz mənzilindən fikirlərini, rəy və mülahizələrini çoxsaylı auditoriyaya çatdırmaq imkanı verir.

Hüquqi, demokratik, dünyəvi dövlət olan, bütün fundamental azadlıqların, o cümlədən, söz və mətbuat azadlığının təmin edildiyi müstəqil Azərbaycanda da hazırda əhalinin 80 faizi internet istifadəçisidir. Bu, ölkəmizin sosial-iqtisadi inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri olmaqla yanaşı, xalqımızın dünya birliyinə inteqrasiya üçün də çox vacib amildir. İnternetdən səmərəli istifadə etməklə biliklərimizi artırmaq, intellektual imkanlarımızı genişləndirmək, müxtəlif ölkələrdə yaşayan həmfikirlərimizlə əlaqələr qurmaq, yeni ideyalardan xəbər tutmaq, biznes layihələri həyata keçirmək və digər faydalı işlər görmək mümkündür. Lakin informasiyanın saxlanmasını və ötürülməsini təmin edən bu qlobal kompüter şəbəkəsinin faydaları ilə yanaşı, digər cəhətləri də vardır ki, bunlardan biri informasiya müharibəsində ən təsirli vasitəyə çevrilməsidir...

Azərbaycan müharibə şəraitindədir və Ermənistanın otuz ilə yaxındır davam edən açıq təcavüzkarlığının ağır nəticələri ilə üzləşib. Bu təcavüz və işğalçılıq təkcə xarici havadarlardan alınan dəstəklə, hərbi vasitələrlə, silah-sursatla həyata keçirilməyib, həm də geniş miqyaslı informasiya həmləsi ilə gerçəkləşdirilib. Dünyaya səpələnmiş ermənilərin, onların diaspor təşkilatlarının, xüsusən, ötən əsrin səksəninci illərinin sonu - doxsanıncı illərinin əvvəllərində bu sahədəki fəaliyyəti ölkəmiz və xalqımız haqqında həqiqətlərin təhrif olunmasına, beynəlxalq ictimaiyyətə yanlış və saxta məlumatların çatdırılmasına yönəlib, acı da olsa, etiraf etməliyik ki, bizim üçün ciddi problemlər yaradıb. Yalnız ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan və müstəqil dövlət quruculuğuna başladıqdan sonra erməni təbliğatına qarşı sistemli şəkildə təsirli tədbirlərin görülməsi mümkün olub. Yeni əsrin əvvəllərindən isə ölkəmizin hərtərəfli güclənməsi informasiya müharibəsində tarazlığın bərpa olunmasına təkan verib, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü, ardıcıl tədbirlər nəticəsində Azərbaycan informasiya blokadasından çıxmağa, öz həqiqətlərini dünyaya çatdırmağa nail olub. 

Adi müharibədən fərqli olaraq, informasiya müharibəsini hansısa vasitələrlə dayandırmaq mümkün deyildir və bu gün əminliklə deyə bilərik ki, Ermənistanla, xüsusilə, erməni lobbisi ilə informasiya müharibəsində biz qalib gəlirik. Lakin həm işğalçı Ermənistan, həm də beynəlxalq arenada milli maraqlara uyğun müstəqil siyasət yürüdən Azərbaycanın əleyhinə olan digər qüvvələr bu müharibədə yeni üsul və vasitələr axtarışını davam etdirirlər. Müxtəlif səbəblərdən Avropa ölkələrinə gedərək, orada özünə sığıncaq tapmış antimilli ünsürlərdən istifadə edilməsi məhz belə üsullardandır. Heç təəccüblü deyildir ki, həmin ünsürlər də öz "ağalar"ı kimi hədsiz əsəbilik və isterika, simasızlıq, tərbiyəsizlik, mənəviyyatsızlıq, əxlaqsızlıq nümayiş etdirirlər.

Öz xalqına xəyanət etmək, öz dövlətini gözdən salmaq, öz millətinə həqarət yağdırmaq dünyanın heç bir yerində rəğbət doğura bilməz. Son vaxtlar "Youtube", "Facebook", "Twitter" və digər sosial şəbəkələrdəki söyüş və təhqir dolu çıxışlarında öz doğma vətənini, milli dövlətçilik rəmzlərini, xalqını və onun sevilən rəhbərini hədəf seçən ləyaqət və şərəf hissini itirmiş adamların belə yaramaz fəaliyyətinin beynəlxalq aləmdə hansısa ciddi reaksiya doğurmadığı göz qabağındadır. Üç-beş nəfər milli xəyanətkarın əl boyda kağıza hədyanlar yazıb küçələrdə dolaşmasının dünyaya demokratiya və azadlıq dərsi keçməyə çalışan avropalılarda müstəqil Azərbaycan dövləti haqqında nəsə mənfi bir təəssürat yarada bilməsi mümkündürmü? Hansı nüfuzlu ekspert "söyüş taktikası"nı və dönə-dönə üzr istəyirəm, "tualet müxalifətçiliyi"ni siyasi mübarizə vasitəsi kimi dəyərləndirər?!

Bu gün müstəqil Azərbaycanın beynəlxalq müstəvidəki nüfuzu onu regionun həqiqi lideri olduğunu sərgiləyir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin siyahısı çox genişdir. Azərbaycan artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunlara Qlobal Bakı Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu, 2015-ci ildə ilk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını misal göstərmək olar. Dünyanın inkişaf etmiş ölkələrinin Azərbaycanla ən müxtəlif istiqamətlərdə strateji əməkdaşlığı, müstəqil dövlətimizin və onun başçısının apardığı siyasətin dürüstlüyündən xəbər verir. Üç-beş nəfər xəyanətkarın bu nailiyyəti, ölkəmizin bəşəri və demokratik dəyərlərə sadiqliyini kölgə altına salması mümkündürmü? Qətiyyən yox!

Azərbaycan bu gün adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə dünyada aparıcı dövlətlər sırasındadır. Son 15 ildə ölkəmizə yatırılan sərmayənin həcmi 230 milyard dollara bərabər olub və bu vəsaitin yarısını xarici investisiyalar təşkil edib. Bu, o deməkdir ki, dünyanın maliyyə qurumları da, böyük şirkətləri də, varlı-imkanlı adamları da Azərbaycan dövlətinə, onun siyasi rəhbərliyinə, buradakı sabitliyi və əmin-amanlığa inanır, ölkənin gələcəyi ilə bağlı heç bir narahatlıq keçirmir.

Bəs kimdir Azərbaycanı gözdən salmağa çalışan bu orduxanlar, mirzələr, elnurlar və digərləri? Bu milli xəyanətkarların əxlaqsız davranışıları onların mənhus xislətinin ən bariz göstəricisidir və ölkəmizin bütün ləyaqətli vətəndaşlarında təkcə ikrah hissi, qəzəb və hiddət deyil, həm xəcalət hissi doğurur. Özünü azərbaycanlı adlandıran bu nadürüstlərin hərəkətləri xalqımızın milli özünəməxsusluğuna, mənəvi-əxlaqi dəyərlərinə, zəngin adət-ənənlərinə, həyat tərzinə tamamilə ziddir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun təbirincə desək, Azərbaycanı söyməklə öz komfortlu yaşayışını təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq öz Vətəninə qarşı savaş açmaq insanlıq simasını itirməkdən başqa bir şey deyildir. Şəxsi problemləri və ya siyasi uğursuzluqları üzündən öz ölkəsini tərk edən belə adamların ölkəmizdə ictimai rəyə təsir göstərməsi qeyri-mümkündür. Biz bu gün çox yaxınlığımızda olan ölkələrdə - İraqda, Suriyada siyasi çaxnaşmaların və xarici müdaxilənin yerli əhalini necə dəhşətli faciələrə düçar etdiyini elə həmin internet resurslarında hər gün görür, sosial-iqtisadi cəhətdən davamlı inkişaf edən dinc və sakit bir məmləkətdə rifah və rahatlıq içərisində yaşadığımıza görə dərin məmnununluq hissi keçiririk. Azərbaycandakı bu firavanlığı, əmin-amanlığı gözü götürməyənlərə, xalqımızın təhlükəsizliyini, ölkəmizin tərəqqisini təmin edən siyasi iqtidarı, onun qüdrətli liderini qaralamağa cəhd göstərənləra bizim hər birimizin düşmən kimi baxmağa haqqımız var.

Kompüter ekranından milli kimliyimizə küfr edən, hədyanlar söyləyən belə şəxslərin nə vaxtsa Azərbaycana qayıdıb, bizim aramızda özlərinə yer tuta bilməzlər. Dünya şöhrətli braziliyalı yazıçı Paulo Koelyonun dediyi kimi, satqınlıq - gözlənilməyən zərbədir! Xəyanət, satqınlıq yolunu tutanların, xüsusən də, milli məsələdə düşmən tərəfinə keçən və onun mövqeyindən çıxış edənlərin reablitasiyası mümkünsüz, tövbəsi qəbuledilməzdir. Bu baxımdan Azərbaycanda yaşayan doğmalarının, yaxınlarının belələrindən üz döndərməsi, onları övladlıqdan, qohumluqdan çıxarması tamamilə təbii sayılmalıdır.

Ulu öndər Heydər Əliyev deyirdi: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənəmizdir". Antimilli mövqeyə yuvarlanmış milli bədbəxtlərin "fəaliyyəti" xaricdə yaşayan soydaşlarımızla bağlı uzun illərdir arzuladıqlarımızı bir daha dilə gətirmək zərurəti yaradır. Bu arzu möhtərəm cənab Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimindəki çıxışında çox gözəl ifadə olunb. Belə ki, dövlətimizin başçısı xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin müxtəlif dövlət və qanunvericilik orqanlarında, media qurumlarında lazımi səviyyədə təmsil olunmamasını təəssüf hissi ilə qeyd edib. Bu gerçəklik xaricdəki həmvətənlərimizi düşündürməli, diaspor təşkilatlarımızı hərəkətə gətirməlidir. Hamımıza məlumdur ki, ermənilər hansı dövlətdə yaşamalarına baxmayaraq, orada informasiya agentliyi yaradır, həmin ölkənin marağını müdafiə etmək adı ilə öz niyyətlərini həyata keçirirlər. Ölkəmizin rəhbəri dəfələrlə qeyd edib ki, Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün lazımi tədbirlərin görülməsinə dövlətimiz istənilən formada öz dəstəyini verə bilər.

...Antimilli qüvvələrin Azərbaycanda prezident seçkiləri ərəfəsində fəallaşması, siyasi buqələmunların internet üzərindən "müxalifətçilik" oyununa başlaması təsadüfi deyildir. Onların istəyi bu prosesi pozmaq, ölkənin imicinə zərbə vurmaqdır. Ancaq normal seçki texnologiyası ilə bir araya sığmayan və puça çıxacağı heç bir şübhə doğurmayan söyüş və təhqir kampaniyasının bu mühüm siyasi hadisəyə təsir göstərməsi mümkünsüzdür. Xalqımız seçkilərin tam demokratik şəraitdə, şəffaf keçiriləcəyinə, vətənini ürəkdən sevən, öz torpağının qədrini bilən, burada yaşamağa haqqı çatan və Azərbaycanın ərazi bütövlüyünün bərpası, doğma Qarabağın işğaldan azad edilməsi naminə hər cür fədakarlığa hazır olan hər bir vətəndaşımızın bu seçkidə fəal iştirak edəcəyinə və dövlətimizin bundan sonrakı inkişafına da təminat yaradacaq namizədə səs verəcəyinə əmindir!

 





30.03.2018    çap et  çap et