525.Az

Beynəlxalq prinsiplər münaqişənin həlli üçün alətə çevrilməlidir


 

PREZİDENT HƏSƏN RUHANİ: "BİZİM ÜÇÜN ƏHƏMİYYƏTLİDİR Kİ, ÖLKƏLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ VƏ BÖLGƏNİN COĞRAFİYASI DƏYİŞMƏMƏLİDİR"

Beynəlxalq prinsiplər münaqişənin həlli üçün alətə çevrilməlidir <b style="color:red"></b>

Azərbaycanın yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətləri yeni mərhələyə qədəm qoymaqdadır. Son illər ərzində ən müxtəlif sahələrdə iki ölkənin münasibətləri yüksələn xətlə inkişaf edir.

Burada əsas rolu isə yaxın qonşuluq, tarixi bağlar, dini, mədəni, mənəvi dəyərlər oynayır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin əsasını bütün dövlətlərlə yaxın, isti münasibətlərin formalaşması təşkil edir. Qonşu dövlətlərlə isə Azərbaycan xüsusi münasibətlərə malikdir. Azərbaycan - İran münasibətləri dərin tarixi köklərə bağlıdır. Xalqlarımız əsrlər boyu bərabər yaşayıb, ortaq dəyərləri bölüşüblər. İran və Azərbaycan xalqları İslam aləminə mənsub olan xalqlardır. Yuxarıda qeyd etdiyimiz kimi, elmi, mənəvi, mədəni əlaqələr xalqlarımızı  tarix boyu birləşdirib. İki ölkə arasında siyasi münasibətlər hələ Sovet İttifaqının dağılmasından çox-çox əvvəl, Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən başlanıb. 1920-ci il martın 20-də İran-Azərbaycan "Dostluq müqaviləsi" iki ölkə arasında imzalanmış sənədlərin dönüş nöqtəsi olub. Bu tarixi sənədin birinci maddəsinə əsasən, Azərbaycan Respublikasının istiqlaliyyəti İran tərəfindən rəsmi surətdə tanınıb. Ölkəmizin yenidən müstəqillik əldə etməsi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti aparılmağa başlamışdır. Bu gün isə ölkələrimiz həm ikitərəfli, həm də çox tərəfli formatlarda çox yüksək səviyyədə əməkdaşlıq edirlər. İki dövlət beynəlxalq arenada da fəal əməkdaşlıq edir, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər formatlarda bir-birini daim dəstəkləyir. Bu gün əminliklə demək olar ki, güclü siyasi əlaqələrə əsaslanan, möhkəm tarixi və mədəni kökləri olan İran-Azərbaycan münasibətləri dünya üçün müsbət qonşuluq nümunəsidir. Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan verib. İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri və bu səfər çərçivəsində əldə edilən ikitərəfli razılaşmalar əlaqələrdə yeni inkişaf mərhələsinin başlanması kimi qiymətləndirilə bilər. Azərbaycan və İran arasında son illər yüksək səviyyəli səfərlərin sayının artması da əməkdaşlığın inkişafında öz rolunu oynayır.

Prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə mətbuata birgə bəyanatlarında bununla bağlı bildirib: "Bu görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verib".

 Ümumiyyətlə, onu da qeyd edə bilərik ki, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər iki ölkə arasında mövcud olan və uzun illərə söykənən yaxın qonşuluğun və tərəfdaşlığın göstəricisidir. Ruhaninin Bakı səfəri zamanı  "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında Əməkdaşlıq haqqında İcra Proqramı",  "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 2018-2019-cu illər üzrə İcra Planı"nı, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəniyyət və İncəsənət üzrə Mübadilə Proqramı", "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramı", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Anlaşma Memorandumu",  "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu",  "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş" imzalanıb.

Əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən, imzalanan sənədlərdən İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişi göstərə bilərik ki, bütün bunlar tarixi əhəmiyyət daşıyan sənəd kimi dəyərləndirilməkdədir.

Belə ki, Xəzərdə tarixi razılaşma dənizin bölünməsi ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Artıq əminliklə nəticəyə gəlmək mümkündür ki, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək və bu kimi layihələr hər iki dövlətə və xalqa fayda gətirəcəkdir.

Başqa bir məqam isə budur ki, Xəzər dənizinin bölgüsü ilə bağlı daha bir maneənin aradan qalxması Türkmənistan üçün də örnək rolunu oynaya bilər. Eləcə də Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Bütövlükdə isə qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.

Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Bütövlükdə isə qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır.

Bütövlükdə İranla Azərbaycan arasında imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir.

Rəsmi Bakı üçün daha bir əhəmiyyətli və vacib məqam isə İranın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləməsidir. Belə ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakı səfərindəki çıxışında Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini bir daha bəyan edib və beynəlxalq prinsiplərin məsələnin həlli üçün alət kimi istifadə edilməməsi vacibliyini vurğulayıb. İran prezidenti deyib: "Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir".

Azərbaycanın dövlət başçısı isə vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir: "Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır".

Beləliklə, Bakıda imzalanmış sənədlər, iki ölkənin ən vacib məsələlərdə bir-birinə dəstəyi yaxın gələcəkdə mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyini, güclənəcəyini deməyə əsas verir.

PƏRVANƏ

 





30.03.2018    çap et  çap et