525.Az

“31 mart - Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açıldı


 

“31 mart - Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisi açıldı<b style="color:red"></b>

Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanası ilə birgə 1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart -Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimini keçirib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir: “Bu il Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb ki, bununla bağlı respublikanın müxtəlif regionlarında, müxtəlif təşkilatlar tərəfindən və beynəlxalq səviyyədə silsilə tədbirlər reallaşdırılır”.

K.Tahirov bir sıra tarixi faktlara istinad edərək Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırım siyasətindən ətraflı danışaraq qeyd edib ki, erməni Daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən bu günə qədər Azərbaycan torpaqlarında günahsız insanların qanı tökülüb. O deyib ki, daşnak-bolşevik hərbi qüvvələri şəhərdə və ətraf kəndlərdə kütləvi qətliam və dağıntılar törədiblər: “Erməni dəstələri bir çox tikililərə, “İsmailiyyə” binasına, Təzəpir məscidinə od vurublar. Mart günlərində Bakının istisnasız  olaraq  bütün azərbaycanlı əhalisi - kübar zümrələrdən tutmuş sadə adamlara qədər bütün təbəqələr erməni zorakılıqlarının və talanlarının qurbanlarına çevrilib. 31 mart günlərində Bakıda törədilmiş soyqırım bəşəriyyət tarixində ən qəddar cinayətlərdən biri kimi qiymətləndirilib və Ümummilli lider Heydər Əliyev tərəfindən bu cinayətə lazımi siyasi-hüquqi qiymət verilib. Ulu öndərin 26 mart 1998-ci il tarixli 690 nömrəli Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırım Memorial Kompleksi yaradılıb”.

Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələkxanım Hacıyeva çıxış edərək bildiriblər ki, həmin günlər qırğınlar yalnız şəhərin hüdudları ilə məhdudlaşmayıb. Erməni quldur dəstələri  Bakının ətraf kəndlərinə də basqınlar edərək sakinlərin evlərinə soxulub, şəhər kənarı yollarda pusqular qurub, yoldan keçən müsəlmanları qarət edib və qətlə yetiriblər. Kütləvi qırğınlar Qarabağın azərbaycanlı kəndlərində, Şuşada, eləcə də aprel-may aylarında Şamaxıda, Qubada, Lənkəranda, Gəncəbasarda və başqa bölgələrdə davam edib, 30 mindən çox müsəlman-türk, habelə digər qeyri-erməni millətindən olanlar - ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetiriliblər. 1918-ci il  martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam edib.

Professor K.Tahirov tarixin yazıya alınaraq gələcək nəsillərə olduğu kimi çatdırılmasının vacibliyini vurğulayıb, bu mövzuda kitabların sayının çoxalmasını, onların nəşrinin həyata keçirilməsini təbliğat üçün əhəmiyyətli hesab etdiyini, beynəlxalq kitab sərgilərində bu cür nəşrlərlə çıxış etdiklərini, Milli Kitabxananın da bu məqsədlə metodik və biblioqrafik vəsait hazırladığını bildirib.

Sonra tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “31 mart -Azərbaycanlıların soyqırımı günüdür”  adlı Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materiallarndan ibarət geniş sərgi ilə tanış olublar.

Bundan əlavə, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart - Azərbaycanlıların soyqırımı günüdür” adlı tədbir keçirilib.

 





31.03.2018    çap et  çap et