525.Az

Təhtəlşüurun dolanbaclarında


 

Təhtəlşüurun dolanbaclarında<b style="color:red"></b>

Rusiya yazarlarının nüfuzlu mətbu orqanı olan “Literaturnaya qazeta”nın son saylarından birində yazıçı Afaq Məsudun ötən il Moskvada nəşr olunmuş “Seçilmiş əsərləri” haqqında resenziya çap olunub. Resenziyanı oxuculara təqdim edirik.   

Rus oxucusu görkəmli Azərbaycan yazıçısı Afaq Məsudun bir çox əsərləri ilə çoxdan tanışdır. Bu yaxınlarda “Xudojestvennaya literatura” nəşriyyatı nasirin roman, hekayələr, müsahibə və qeydlərdən ibarət “Seçilmiş əsərləri”ni  nəşr edib. Bu, rus oxucularına Afaq Məsudun yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı yaradır...

Kitabda yer almış “Azadlıq” romanı ötən əsrin 90-cı illərində Azərbaycanda baş vermiş hadisələrdən bəhs edir. O dövrün siyasi fiqurları əsərdə “Prezident”, “General” (eyni zamanda “Ata”) və “Polkovnik” kimi göstərilir. Lakin tarixi hadisələr romanın əsas mövzusu üçün yalnız fon rolunu oynayır. Bunu əsər üzərində işləməyi “təhtəlşüurun ən dərin, ən sirli qatlarına enmək” kimi səciyyələndirən yazıçının özü də təsdiqləyir...

Romanı oxuyarkən, həqiqətən də, özünü maraqlı fantsamaqorik yuxular dünyasına səyahətə çıxmış adam kimi hiss edirsən. Yazıçı oxucunu öz arxasınca məhz belə bir sirli aləmə çəkib aparır. Oxucu qeyri-iradi olaraq, qəhrəmanların yuxularında cərəyan edən qorxunc, vahiməli səhnələrin təkrar-təkrar şahidi olur. Yuxular təhkiyənin məzmunu və mahiyyəti ilə vəhdətdədir. Bu yuxular əsərin toxumasına elə ustalıqla yerləşdirilib ki, çox zaman onları gerçəklikdən fərqləndirmək mümkün olmur. Bəlkə bu səyahət, çoxdandır ki, insanları narahat edən “yuxugörmə nədir?” sualına cavab axtarmaq məqsədi daşıyır? Yuxu bizim təhtəlşüurumuzun məhsuludur, yoxsa başqa dünyaların hüdudundakı sirli-sehrli bir məkandır? Bəlkə özünəmxsus “ölüm repetisiyası”dır?  Romanda psixiatr Veysov bu suala cavab tapmağa çalışır. Peşəkar biliklərə malik olsa da, pasientlərinin bir çoxu kimi, o özü də hər gecə təkrarlanan dəhşətli yuxuların girdabına yuvarlanır...

Maraqlıdır ki, yuxular əsərdə yalnız əsas intriqa rolunu oynamır, eyni zamanda özünəməxsus birləşdirici faktora çevrilir: ölümün qarşısında olduğu kimi, onların sehri  qarşısında da hamı bərabərdir - yaşlı professor da, zəhmli General da, digər personajlar da...

“Azadlıq” romanından başqa kitabda müxtəlif illərdə yazılmış və müəyyən mənada bu əsərin mövzusunu davam etdirən hekayələr toplanıb - həmin hekayələrin qəhrəmanları da sirli şüuraltı proseslərdə iştirak edirlər və bu, çox vaxt onların məhvinə gətirib çıxarır... Kişinin ürəyində müəmmalı bir arzu baş qaldırır: o, arvadını öldürmək istəyir ki, onun sifətindəki sirli, anlaşılmaz laqeydliyi qoparıb atsın (“Qu quşu”). Hər dəfə yaz gələndə qadın dəhşətli yorğunluq hiss edir, həyatdan bezir (“Qəza”)... Kitabdakı ən təsirli hekayələrdən biri isə yeniyetmə qız uşağı haqqındadır: bu qız 14 yaşında lüteran kilsəsində rekviyem dinlədikdən sonra özündə musiqi istedadı kəşf edir, ancaq musiqi ilə peşəkar səviyyədə məşğul olmaq artıq onun üçün gecdir (“Alman kilsəsi”)...


Kitabın üçüncü bölümünü müsahibələr və müəllifin qeydləri təşkil edir ki, bu da oxucuya yazıçı peşəsinin pərdəarxası məqamlarını görmək imkanı yaradır: “Yaşı səksəni adlamış, yatağa düşsə də, həyatsevər toxumalarının diriliyini itirməmiş bir qoca haqqında yazıram. Əzrayıl başının üstünü kəsdirsə də, min bir bəhanə ilə onun cəngindən qurtulan bu qoca məni də yorub əldən salır. Bəzən mənə elə gəlir ki, yazını axıra çatdıra bilməyəcəyəm. Qorxuram qocadan qabaq özüm öləm”.

“Seçilmiş əsərlər” yazıçının bədii dünyasının özəllikləri barədə oxucuda tam, dolğun təəssürat yaradır. Bu kitab həm müəllifin yaradıcılığı ilə ilk təmas, həm də daha əhatəli tanışlıq üçün gözəl mənbədir... Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərovun “Afaq Məsud dünyası” adlı bədii cəhətdən olduqca dolğun və məzmunlu giriş sözü də məhz bu məqsədə xidmət edir.    

Valeriya Qalkina
“Literaturnaya qazeta”
21 fevral, 2018

 





02.04.2018    çap et  çap et