525.Az

Sözdə səsin melodiyası


 

Sözdə səsin melodiyası <b style="color:red"></b>

Ömür bir yoldur, – deyirlər. Vaxtı, zamanı, məsafəsi, sonu bəlli olmayan bir yol... Bu yola iz qoyanı da olur, sadəcə keçib gedəni də. Özünə qoşa yol salanı da.  Uşaqlıqda nə vaxtsa arzularının qoynuna – Bakıya aparacağına həsrətlə baxdığı Böyük Mərcanlı kəndindəki evlərinin yanından keçən dəmir yolu, onu çox sonralar qoşa qollarında sevdiyi Bakıya aparacaq; gələcək həyatını qurmağa, arzularını reallaşdırmağa.

Orta məktəbi bitirəndə yaxınlarına elə gəlirdi ki, məktəbli Məleykə ingilis dili mütəxəssisi olacaq. Ancaq bu çəlimsiz qızın qəlbində səhnəyə nə boyda məhəbbət gəzdirdiyindən isə hər kəs xəbərsiz idi. Hətta canı qədər sevdiyi atası belə...

Qızının dram dərnəyində aparıcı, rəqqasə, aktrisa, müğənni kimi çıxışına qısqanclıqla yanaşan ata, bu həvəsin keçici olacağını düşündüyündən yavrusunun səhnəyə çıxması üçün ona “elçi düşən” müəllimlərinə hər dəfə könülsüz razılıq vermək zorunda qalır. Onun bu jesti məktəbli Məleykəyə hər dəfə unudulmaz anlar yaşadır...

Sonralar Xalq Teatrı səhnəsi, böyük məclislər. Hər dəfə tamaşaçı ilə ünsiyyət Məleykəyə bir başqa gözəllik yaşadır. O, bu gözəlliyi doya-doya yaşamaq, yaşamaq istəyir...

Səhnə adamı olacaqdı Məleykə! Bu istək ailədə necə qarşılanacaq? Mühafizəkar kənd mühiti, ailə qadağaları...

İradə, səbr və prinsipiallıq! Sonucda sərt qadağalarda yumşalmalar. Övladını hüquqşünas və ya jurnalist görmək arzusunda olan ata, sevimli qızının iradəsinin qarşısında duruş gətirə bilmir, geri çəkilir. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olduqdan sonra “mən sənə güvənirəm”, – deyib yavrusuna yardımçı olmaq qərarına gəlir.

Tələbəlik həyatı. İctimai-mədəni mühit. Filmlərdən aldığı dəvətləri qəbul etmiş olsaydı, bəlkə də bu gün onun yaradıcığından bir başqa cür söz açacaqdıq. Buna onun özü kimi, indi biz də üzülürük....

Və nəhayət efir həyatı. Milli televiziyada müsabiqəyə qatılır, qalib olur; efirə vəsiqə qazanır. O vaxtlar hər kəsə nəsib olmayan qismət. Məleykə isə bunun fərqində deyil. Televiziyada çıxış etmək ağlının ucundan belə keçmir. Çünki o, teatr adamı olacaqdı. Ancaq efirdən söylənən şeir ifalarını anasının necə böyük sevgi ilə izlədiyinin şahidi olduğu vaxtlar, məktəbli Məleykə “zaman olacaq sənin qızın da efirdən bax, beləcə şeirlər söyləyəcək”, – söyləmişdi anasına. O gün gəlmişdi...

“Ozan” folklor toplusu: “Deməyi bizdən, yozmağı sizdən...”. Sonralar saysız-hesabsız verilişlərdə çıxışlar edəcəkdi Məleykə xanım. Amma nədənsə tamaşaçılar onu daha çox bu verilişlə xatırlayacaqlar. “Mən hələ tələbə ikən bir tək “Ozan” verilişi ilə həyatımın əsl şöhrətli anlarını yaşamışam!”, – deyir Məleykə xanım.

Fərqlənmə diplomu. Bu onun təhsilinin son göstəricisi sayılır. Gənc mütəxəssis kimi ona ali məktəbdə qalıb, təhsilini davam etdirmək, işləmək məsləhət görülür. Lakin.... Atanın vaxtsız ölümü. 11 uşaqlı ailə. Tək ana. Məleykə – ailənin ikinci övladı...

Gediş. Rayonda mühüm vəzifə təklifi; ev, maşın... Heç biri qəbul olunmur. “Mən geri qayıdacam”, – deyir. Geri qaytarılması üçün institutun rəhbərliyi tərəfindən rayona göndərilən nümayəndələrə isə “dönəcəm, amma bir az zamana ehtiyacım var”, – deyir Məleykə xanım.

Rayon Mədəniyyət Evi. Özünün istəyi ilə bədii rəhbər vəzifəsi. Hamı kollektivdə yeni bir canlanmanın  yaranacağını düşünür. O isə hər şeyini qoyub gəldiyi yaradıcı Bakı mühiti üçün darıxır.

Qayıdış. Bir vaxtlar onun gedişinə üzülən doğma təhsil ocağı, istedadlı yetirməsinin dönüşünə sevinir, yenidən ona qucaq açır.

Yenidən efir həyatı. Səhnə. AMEA-nın Memarlıq və İncəsənət İnstitutu: 3 illik aspirantura həyatı. Və üstəgəl elmi-pedaqoji fəaliyyət...

lll

 “Hər divar bir qapıdır”, – deyir Emerson.

Məleykə xanım istedadın, bacarığın mütləq hər divarda bir qapı açacağını söyləyir tələbələrinə. Bunun zamanla bağlılığını başa salır onlara...

Məleykə Məmmədova (Məleykə Alıqızı). Azərbaycan Mədəniyyət və İncəsənət Univerisitetinin “Rejissor sənəti” fakültəsi , “Kütləvi tədbirlər və bayramlar rejissorluğu” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Məleykə Alıqızı. Tanınmış bədii qiraət ustası. Sevilən, müqəddəs olanlara önəm verən, daima axtarışda olan bir sənət adamı.

Hər gün kafedraya, dərs otağına daxil olanda dəhlizdə neçə-neçə tələbə ilə rastlaşmalı olur: Kiminin əlində tamaşanın ssenarisi, quruluş planı, məşq vaxtı, yeri, kimininsə hazırladığı göstərinin afişası, dəvətnaməsi... Hər birinin də dilində, ürəyində bitib-tükənməyən suallar... Cavablarsa aydın, səlist və sadə...

Bu gün Məleykə xanım özünü daha çox müəllim-öyrətmən kimi görür. (Məncə, öyrətmən sözü ona daha çox yaraşır. Mən, Məleykə xanımın dilindən bu sözü çox sevdim.) Hər nəyi varsa dərs üçün, tələbələri üçün həsr edən bir öyrətmən kimi. Çünki o öyrəncilərinin (bu ifadəni də Məleykə xanım daha çox sevir) əhatəsində ÖZÜ olur.

Tamaşaçılarından tez-tez eşidər: “Sizin ifanızda lirik şeirlər gözəl səslənir...” Bu sənətçi xanımın isə daha çox Vətən duyğulu şeirləri söyləmək hissi keçir qəlbindən. “Mən sevgi şeirləri söyləyəndə itirilmiş yurdumun fəryadlarını duyuram ruhumda, utanıram...”, – deyir Məleykə xanım.

Məleykə xanım tələbələrinə təkcə sənətin sirlərini öyrətməklə kifayətlənmir, o həm də gənc rejissorlara müasirlik duyğusunu, zamanın tələblərindən çıxış edərək vətəndaşlıq mövqeyini ifadə etmək vərdişini aşılayır. Yetirmələrinə hər dəfə, dönə-dönə “siz sənətkar olmaya bilərsiniz, lakin vətəndaş olmağa borclusunuz”, – deyir.

Sevimli müəllimləri haqqında yetirmələrinin dilindən ancaq xoş sözlər eşitməli olursan: “Mənim əziz müəllimim.” “Uğurlarımızın hamısı sizindi.” “Sizin əziyyətinizin bəhrəsidi.” “Sizin üçün çox darıxmışıq.”

“Mənim uğurlarımın 90 faizi alın tərimin məhsuludur”, – deyirdi Faradey.

Məleykə xanım indiyə qədər nə qazanıbsa, yalnız öz istəyi, öz zəhməti və öz iradəsinin gücü ilə qazanıb. Və təbii ki, Uca Tanrının da nəzəri üstündə.

Ailə, dərs, yaradıcılıq, doktorluk işi – bütün bunların yükünü, ağırlığını sevə-sevə çəkir. Hansı məqamda, nədənsə usansa belə biruzə vermir. Sonda hər şeyə bir təbəssüm qatır. Çox şeyi əvəzləyəcək, ağrıları yox edəcək bir təbəssüm. O təbəssüm özünə də bəs edir, ətrafındakılara da.

O, öyrətməkdən çox, nələri isə öyrənmək həvəsindədir. Bu həvəs onun həzz mənbəyidir. “Mən hətta tələbələrimdən də öyrənirəm”, – deyir Məleykə xanım.

lll

Sənət, ədəbiyyat ölümdən oğurlanmış vaxtdır, – deyirlər.

Məleykə xanım mahir poeziya bələdçisidir. Ruhuna doğma şeirləri seçib səsləndirməkdən doymur. Poeziya onun ruhuna yeni rəng qatır. Söz sərrafı olaraq şeiri cilalayır. Onu özünün ifaçı qəlbinə salır. Məleykə xanım üçün hər bir şeirin özü bir obrazdır. Obrazı yaratmaq üçün ifaçıdan ürək tələb olunur. Hər ifaçıda da ürək olmur ki... “Deklomasiya söyləmək qiraətçi olmaq anlamına gəlməz” – Məleykə xanım belə düşünür.

Şairin oxucularına verdiyi bir ömür payını sənətçi tamaşaçı, dinləyici yaddaşına köçürür; öz səsiylə, ifasıyla. Onun səs tembrində şair nəzərdə tutmadığı məqamları görür, duyur, hiss edir. Şair ifadə edir, qiraətçi ifa edir. Şeir söyləndikcə onların ikisi də sanki bir canda bütövləşir, tamlaşır. Şairlə bədii qiraətçi arasındakı dostluğun əsas səbəbi şeirin-ifadə ilə ifanın vəhdətindən doğur. Doğmalaşır. Doğmalaşdırır.

Gözəl görünüşü var Məleykə xanımın. Səhnəyə çox yaraşır. Qara qaşları, iri, qara gözləri, siyah saçları, şux qaməti, ədalı duruşu, incə, zərif, məlahətli səs tembri ilə səhnəyə bir başqa gözəllik qatır bu sənətçi xanım.

Amerikadan yayımlanan və Güney azərbaycanlıların səsini dünyaya duydurmaq amacında bulunan Gün.Az.tv-nin tamaşaçıları Məleykə xanımı “Səma nəğmələri” adlı müəllif proqramından yaxşı tanıyırlar.

Qardaş ölkədə keçirilən bir çox qurultay, yubiley və festival tədbirlərində Azərbaycan mədəniyyətini sevə-sevə təmsil edən bu sənətçi xanım üçün Türkiyə səhnəsi bir başqa aləmdir. Türkiyəli bir tamaşaçının “Bu qızın səsi ilə bütün Turanı ayağa qaldırmaq olar!” ifadəsi Məleykə xanımın sənətinə verilən ən böyük qiymətdir.

lll

Ən çox baharı sevir Məleykə xanım. Hər açılan çiçəyi, gülü yeni yaranış kimi qəbul edir. “Təbiət baharla başlayır”, – deyən Məleykə xanım təbiətin təzə-tərliyindən öz təbəssümünü əsirgəmir.

Son vaxtlar ağacların yarpaqlarına min rəng qatan payızı sevir. Adama məyusluq gətirən xəzəlini də. Amma məğrurluğunu qoruyub saxlamaq istəyən, saralmış, üzüquyulu yerə sərilmiş, küləyin belə oynada bilmədiyi çinar yarpaqlarına dözə bilmir. Hamısını yığıb ağaca düzmək istəyir. Təbiətdən, torpaqdan küsmüş ağaca... Cəbrayılın əzəmətli çinarlarına düzürmüş kimi.

Yolları, cığırları örtmüş qurumuş yarpaqlara, çılpaq ağaclı payıza öz baxışlarıyla bir bahar sevdası bağışlayır. Həmişə “gecikmiş yaz” dediyi payıza, sanki baxışlarıyla yaşıl don geyindirir. Qoxusuz payız güllərinə bir bahar ovqatı qatır.

 

... Sən bahar havası qatdın payıza

əlində qoxulu payız gülləri...

 

Dənizi bir başqa özəlliklə sevir. Dənizlə söhbətdən, ləpələrin pıçıltısından doymur. Xatirələrini dənizə səpir, sonra dəniz dolu xatirələri yenidən gözünə, ruhuna yığıb özüylə aparır: Gecələr dənizlə özü-özüylə danışırmış kimi danışmağa.

Məleykə xanımla Qarabağdan danışmaq çətindir. Xoş ovqatı bir anda yox olur. Bulud kimi dolur. İtirilmiş yurd yeri, kəndi, atasının düşmən tərəfindən dağıdılmış, anasının vətəndə vətənsiz məzarları və yurdunda dəfn oluna bilməmək rahatsızlığı... “Qarabağı itirəndən sonra anladım ki, torpaqdan müqəddəs heç nə yoxmuş həyatda!”, – deyir Məleykə xanım.

lll

... Televiziyadan bir səs gəlir. Doğma bir səs. Xanım başında kəlağayı, dənizin kənarındakı qayalıqdan səngərdən baxırmış kimi uzaq, çox uzaq yerlərə baxıb yanıqlı bir səslə şeir oxuyur:

 

Bağında bağlığın varmı,

Dağında dağlığın varmı,

Köynəkdə ağlığın varmı?-

Q A R A B A Ğ.

 

İşıq gəlmir çırağından,

Xəbərsizəm sorağından,

Necə çıxım qınağından,

Q A R A B A Ğ.

Mənim nəyim qalıb daha,

Dərd alan yox satım baha,

Dərdlərim çatmır Allaha,

Q A R A B A Ğ.

Sanki o şeiri yox, şeir onu oxuyur...

İçinə axan göz yaşlarının gilələri ovcuna, oradan da lal-dinməz dənizə tökülür. Damcı-damcı. Bu alovlu damcılar dənizi qaynadır.

Dənizin buxarı buludları ağladır...

Dünya biri-birinə qarışır.

... “Müəllimə, müəllimə, ... ”, – deyə qışqıraraq ona sarı qaçan tələbələrinin səsinə dönən Məleykə xanımın o iri qara gözlərində qəfil bir sevinc parlayır. Bu, ümidli gələcəyin sevinc qığılcımlarının işartılarıdı...

 





01.07.2013    çap et  çap et