525.Az

İlham Əliyevə səs vermək...


 

İlham Əliyevə səs vermək...<b style="color:red"></b>

Ölkəmiz bu gün öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırır. İki ay əvvəl İsveçrənin Davos şəhərində keçirilən sayca 48-ci Dünya İqtisadi Forumunda ölkəmizin layiqincə təmsil olunması da bunun bariz nümunəsi idi.

Təbii ki, Dünya İqtisadi Forumunda Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizin dayanıqlı inkişafının, beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyinə bir işarədir. Həqiqətən də, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər xüsusi olaraq vurğulanmalıdır. Bütün bunlar ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji amillərdir. Məhz bunların nəticəsidir ki, Azərbaycan həm də yüksək beynəlxalq reytinqə malikdir.

Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər həm də statistik göstəricilərdə öz əksini tapır.  2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə təqribən 3 faiz təşkil edir. Ötən il ərzində valyuta ehtiyatlarımız  4,5 milyard dollar civarında artıb ki, bu da iqtisadi siyasətin olduqca səmərəli, məqsədyönlü olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edirki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında çox böyük göstəricidir. Prezident İlham Əliyev forumda qeyd edib ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik: "Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir".

Yeni nəsil islahatların həyata keçirilməsi fonunda təhsil, səhiyyə, sosial və digər istiqamətlərdə ardıcıl tədbirlərin reallaşdırılması sosial infrastruktur quruculuğununda diqqət mərkəzində olduğunu göstərir.

Azərbaycan reallıqlarının Davos Dünya İqtisadi Forumu kimi mötəbər beynəlxalq tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bəllidir ki, həyata keçirilən iqtisadi islahatların nəticəsində əldə edilən çox saylı uğurlar ölkəmizin beynəlxalq iqtisadi reytinqinin yüksəlməsində əhəmiyyətli töhfələr verib. Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabət qabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir.

Təbii ki, siyasi və iqtisadi islahatların paralel olaraq davam etdirilməsi bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını təmin edir. Bu da onun göstəricisidir ki, Azərbaycan beynəlxalq miqyasda nüfuzlu və cəlbedici ölkəyə çevrilib, son illərdə ölkəmizə maraq və diqqət daha da artıb. 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu,  Azərbaycanın yüksək iqtisadi reytinqə malik olduğunu göstərir. Bu, həm də onun ifadəsidir ki, həm yerli, həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bir sözlə, Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib.

Hazırkı reallıqlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində qarşıdakı dövrdə də Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcək.

Odur ki, Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçki prosesində fəal iştirak etmək, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməklə bu inkişafı indidən təmin etmiş olacağıq.

İlham Əliyevə səs vermək nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir.

Anar OSMANLI
ADU rektorunun müşaviri

 





04.04.2018    çap et  çap et