525.Az

Gela Vasadze: "Azərbaycan dünya siyasəti üçün maraqlı və əhəmiyyətli ölkədir"


 

Gela Vasadze: "Azərbaycan dünya siyasəti üçün maraqlı və əhəmiyyətli ölkədir"<b style="color:red"></b>

“Azərbaycanla Gürcüstan arasında əlaqələrin siyasi gündəmi həmişə iki əsas parametrlə - tarix və coğrafiya ilə müəyyən edilir. Bu mənada Gürcüstanla Azərbaycan arasındakı münasibətlər demək olar ki, uğurludur, çünki obyektiv şərtlər üzündən iki ölkənin milli maraqları üst-üstə düşür". 

Bu barədə Gürcüstandan olan müstəqil ekspert Gela Vasadze iki ölkənin hazırkı münasibətləri, iqtisadi və digər sahələrdə əməkdaşlığı şərh edərkən bildirib. Onun sözlərinə görə, müvəffəqiyyət fərqli ola bilər və münasibətlərin uğurunun dərəcəsinin artıq şəxsiyyətlərdən asılı olduğunu söyləmək mümkündür: "Əlbəttə ki, Gürcüstan və Azərbaycan arasında müasir əlaqələrdən danışarkən, demək lazımdır ki, onun təməlini prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze qoyub. Bundan sonra bölgə üçün əhəmiyyətli olan "Əsrin müqaviləsi" imzalandı. Söhbət Bakı-Tiflis-Ceyhan neft boru kəmərindən gedir. Bundan sonrakı dövrdə isə İlham Əliyevin prezidentliyi dövründə Gürcüstan-Azərbaycan münasibətləri bir neçə dəfə güclü sınaqdan çıxdı. Burada söhbət 2003 və 2012-ci illərdə Gürcüstan hakimiyyətinin əməliyyatları, 2007-ci ildə Gürcüstanın Rusiya tərəfindən enerji blokadası və əlbəttə ki, 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən gedir. Əsas odur ki, bu sınaqlardan, mümkündür ki, baş verənlərdən sonra Gürcüstan-Azərbaycan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdı. Əlbəttə ki, belə hallarda şəxsiyyətin rolu həlledici olur".

G.Vasadzenin dediyinə görə, adətən ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq kimi xarakterizə olunur və əksər hallarda iki ölkənin bir-birinə olan bağlılığı və qarşılıqlı asılılığı tam şəkildə dərk edilmir: "Şimal-Cənub dəhlizi istisna olmaqla, digər bütün regional layihələrdə Gürcüstan birbaşa iştirak edir və Gürcüstanın iştirakı olmadan demək olar ki, həmin layihələrin reallaşması sadəcə mümkün olmazdı. Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu günə Gürcüstanda investisiyaların həcminə görə Azərbaycan birinci yerdədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tbilisi istisna olmaqla, Gürcüstanda bütün qaz paylama sisteminə malikdir. Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli əlaqələrinin formatı son dərəcə maraqlı və vacibdir".

Ekspertin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın müxtəlif aspektləri barədə çox uzun danışmaq mümkündür: "Bu gün əlaqələrimiz qonşularımız arasındakı əlaqələr modelidir. Onun fikrincə, iki ölkə arasında müəyyən problemlər də var, amma həmin problemlərin  heç biri Gürcüstan-Azərbaycan münasibətlərinin səviyyəsinə ciddi təsir göstərmir”: "İkincisi, müstəqillik illərində biz tərəfdaşın maraqlarını nəzərə alaraq problemlərin həlli yollarını öyrənmişik. Əsas odur ki, Gürcüstandakı və Azərbaycandakı adi insanlar bir-birinə və ölkələrimizə böyük rəğbətlə yanaşırlar. Bu, gələcəkdə ölkələrimiz arasındakı uğurlu əlaqələrin təminatıdır".

G.Vasadze əlavə edib ki, Azərbaycan çox çətin bir dövrdə və olduqca mürəkkəb regionda yerləşən ölkədir: "Azərbaycan öz qonşuları kimi iki böyük geosiyasi məkanı əhatə edir-keçmiş sovetləri və Yaxın Şərqi. Bəlkə də bura dünyanın ən narahat geosiyasi məkanıdır. Əlbəttə ki, məhz bu, həmçinin, Sovet İttifaqının dağılması nəticəsində ortaya çıxan vəziyyət Azərbaycanın hazırkı siyasətini müəyyənləşdirir. İndi Azərbaycanın qarşısında dayanan ən aktual məsələlərə keçək. Bir nömrəli məsələ ölkənin inkişafının təmin edilməsidir. Əlbəttə ki, ölkənin bu məsələnin həlli üçün həyata keçirdiyi xarici siyasət istiqaməti qonşu dövlətlərlə əməkdaşlığı ehtiva edir. Onlar özləri bu səhədə əməkdaşlıq, müəyyən resursların mübadiləsi məqsədilə Azərbaycan tərəfinə təkliflər verir, ikincisi, ölkənizdən dünyaya çıxış üçün  təbii bir pəncərə var. Biz nəticələri təhlil edəndə görürük ki, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan yalnız vacib əhəmiyyət daşıyan etibarlı nəqliyyat vasitələrinin deyil, həm də enerji ilə bağlı məsələlərin həllini təmin edib. Əminəm ki, Azərbaycan regional haba çevrilə biləcək".

Ekspert vurğulayıb ki,  Bakı - Tbilisi - Ceyhan və Bakı - Novorossiysk boru kəməri,  Bakı - Tbilisi - Ərzurum qaz kəməri, Bakı - Tbilisi - Qars dəmir yolu, eləcə də Rusiya ilə Azərbaycanı birləşdirən dəmir yolu ölkəni elə bu gün bütün regional və beynəlxalq oyunçular üçün son dərəcə əhəmiyyətli edir: "Bura İranla Azərbaycanı birləşdirən dəmir yolunun tikintisini, Rusiya və İran arasında Şimal-Cənub dəhlizinin yaradılması, eləcə də Mərkəzi Asiya vasitəsilə Çindən Avropaya marşrutu əlavə etsək, biz görürük ki, bütün yollar regionda Azərbaycana aparır. Yeri gəlmişkən, indi tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin həllinə yaxındırlar, bu, şübhəsiz ki, regionda keyfiyyətcə yeni vəziyyət yaradacaq

Azərbaycanla Türkiyəni birləşdirəcək Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına imkan verəcək olan TANAP qaz kəməri tamamlanmağa yaxındır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan son on il ərzində çox böyük miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə nail olub. Bütün bunlar isə ölkənin inkişafı üçün ciddi zəminlər yaradır. Mən əsas məsələni qeyd etmək istəyirəm. Azərbaycan rəhbərinin siyasəti nəticəsində ölkə bu gün demək olar ki, dünya siyasətinin bütün əsas oyunçuları üçün maraqlı və əhəmiyyətli olub. Buna nümunə kimi Avropa Birliyi, Çin və Amerika Birləşmiş Ştatlarını, eləcə də regionda siyasi vəziyyəti müəyyən edən ölkələri, Rusiyanı, Türkiyə, İranı göstərmək olar. Bütün regional oyunçuların obyektiv ziddiyyətlərə baxmayaraq, Azərbaycanla çox yaxşı əlaqələri var, üstəlik, bu münasibətlər bir neçə il əvvəl qeyri-mümkün görünürdü".

Gürcü ekspert bildirib ki, hazırda Azərbaycan üçün əsas problem ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsidir: "Baxmayaraq ki, vəziyyət bir qədər çıxılmaz haldadır, açıq demək lazımdır ki, münaqişədə vasitəçilər olan qlobal oyunçular məsələnin həllinə yardım etmək üçün heç bir xüsusi istək göstərmir. Azərbaycanın bu məsələdə təmkin göstərməsi və münaqişənin hərbi üsullarla deyil, siyasi-iqtisadi yolla həllinə nail olması vacibdir. Mən artıq dedim ki, biz çox çətin bir dövrdə yaşayırıq, dünya gözlərimizin önündə dəyişir, amma Azərbaycanın inkişafı üçün perspektivlər və davamlı olaraq üzləşdiyimiz problemlərə cavab olaraq optimistlik nümayiş etdirmək vacibdir. Üstəlik, bu optimistlik üçün ciddi səbəblər var".

PƏRVANƏ

 





05.04.2018    çap et  çap et