525.Az

"Tələbələr köçkün məktəblərində təcrübə ideyasını məmnuniyyətlə qarşıladılar"


 

"Tələbələr köçkün məktəblərində təcrübə ideyasını məmnuniyyətlə qarşıladılar" <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bu ildən başlayaraq universitetin bir qrup tələbəsinin təcrübə keçmək üçün ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən köçkün məktəblərinə göndərilməsi ilə bağlı təşəbbüs göstərib.

Bu ideya artıq həyata keçirildiyindən bir çox məcburi köçkün məktəblərinə təcrübə üçün tələbələr göndərilib. Bugünlərdə universitetin rəhbərliyindən bir qrupu

Bərdə rayonu Həsənqaya kəndində yerləşən Ağdam 1 saylı məcburi köçkün tam orta məktəbində şagird və müəllim heyəti, orada təcrübə keçən tələbələrlə görüşüblər.

Universitetin Psixologiya kafedrasının dosenti Əzim Əliyevlə söhbətimiz də elə bu barədədir.

- Əzim müəllim, Azərbaycan Dillər Universiteti təcrübə keçən tələbələrin rayonlardakı köçkün məktəblərinə göndərilməsi ideyası necə yarandı?

- Ölkəmizdə islahatlar aparılan sahələrdən biri də təhsildir. Təhsilin inkişafı üçün müəyyən işlərin görülməsi, yəni lazım olan infrastrukturun yaradılması mütləqdir. Bu barədə danışmağa bir o qədər də ehtiyac yoxdur, çünki müqayisə olunmayacaq dərəcədə, yəni yüksək səviyyədə şərait var və bu yöndə işlər davam edir. Məhz bu inkişafın bir qismi də ali məktəblərdə pedaqoji təcrübənin aparılması sayıla bilər. Məlumdur ki, indiyə qədər bütün ali təhsil ocaqları bu prosesi Bakı şəhəri ərazisində yerləşən məktəblərdə keçirdilər ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Təbii olaraq istər maddi, istərsə digər amillər insanları narahat edir. Amma ADU-nun rektoru, akademik Kamal Abdulla bunların ən ümdəsini qəbul etdi, mənəvi amilləri üstün tutdu. Universitetin rektoru ilə tələbələrin görüşündə çox səmimi və açıq fikirlər söyləndi. Rektorun nitqində bir çox fikirlər biz ziyalılara siqnal oldu. Yəni ölkəmizin, o cümlədən, universitetimizin tanıdılmasında müəyyən işlər görülməsinin vacibliyini vurğuladı. O bildirdi ki, bizim köçkün məktəblərini seçməyimiz təsadüfi hesab edilməməlidir. Bu layihə ilə bizim hər birimiz az da olsa köçkünlərin düçar olduğu həyat tərzini yaşayaraq, kədərini, sevincini paylaşaraq, onlara öz mənəvi və psixoloji dəstəyimizi vermiş olarıq. Köçkün məktəblərində təcrübə keçmək könüllülük əsasında təşkil olunurdu. Rektor tələbələrə rayonlarda olarkən qarşılaşa biləcəkləri çətinlikləri, qış ayı olduğundan hava tempraturunun aşağı olmasını, kommunal sahədə yarana biləcək problemləri də xatırladaraq öz tövsiyələrini verdi. Tələbələrin bu layihə ilə bağlı düşüncələri həqiqətən də sevindirici və təqdirəlayiq idi. Onlar köçkün məktəblərində təcrübə keçmək ideyasını məmnuniyyətlə qarşıladılar. Tələbə gənclərin əksəriyyəti, əsasən də qızlar rayonlarda təcrübə keçmək üçün ərizə ilə müraciət etmək istədiklərini bildirirdilər.

- Məsələn, tələbələr hansı məktəbə göndəriliblər?

- Bu məktəblərdən biri Bərdə rayonu Həsənqaya kəndində yerləşən Ağdam 1 saylı məcburi köçkün tam orta məktəbidir. Biz -  ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitunun Çin tərəfdən direktoru xanım Li Jihua, Pedaqogika kafedrasının müəllimi Abdullayeva Gülnar, Beynəlxalq əlaqələr Departamentinin baş mütəxəsisi Abasov İlham, Təcrübə, professional inkişaf və karyera şöbəsinin əməkdaşı Nalilə Əhmədova, İctimayyətlə Əlaqələr Departamentinin əməkdaşları Orxan Kərimli və Ayşad Səfərəliyev və mən bu məktəbdə təcrübə keçən tələbə və müəllimlərə görüşə getdik. Səhər erkəndən Bakıdan yola düşdük. Hələ Bakı şəhərindən çıxmamış, qonaq qismində bizimlə yol gedən xanım Linin düşüncələri mənim üçün çox maraqli idi. O, çox maraqlı və insanı düşündürən suallar verirdi. Özümdən asılı olmayaraq təəssüratlarım qonaq gözüylə yaranırdı. Bakının çıxışında möhtəşəm Bayraq meydanı, Su hovuzunun görüntüləri, hündür binaların pencərələrindən Xəzəri al-əlvan boyayan işıqları, möhtəşəm Alov qüllələri, yolboyu yaraşıqlı əyləncə mərkəzləri, gül-çiçəklərlə əhatə olunmuş istirahət yerləri xanım Lini heyran etmişdi. O, özündən asılı olmayaraq bizə sual verir, lazımi cavab axtarırdı. Yalnız Bakıya belə diqqət yetirilir, yoxsa digər yerlərdə belədir? Mən ona cavab olaraq, tələsməyin, gedərik görəcəyik. Sanki bir film çəkilişindəydik. Yol dediyin uzun olar, amma suallar kəsilmişdi, xanım Li öz kameralarını işə salmışdı. Çəkdikcə təəccüblə asta tonda deyirdi ki, mən belə bilməzdim, bura cənnətdir, niyə indiyə qədər mən buralarda olmamışam?

Saat 12-də Bərdə rayonunun girəcəyində yerləşən kiçik qəsəbəyə çatdıq. Qəsəbə köçkünlər üçün salınıb. Müasir standartlara cavab verən yaşayış binaları, məktəb, uşaq bağçası, stadion və digər mədəni obyektlər, bir sözlə, insanın yaşaması üçün hər bir şərait yaradılıb.

- Məktəbdəki görüşünüz necə keçdi?

- Məktəb kollektivi bizi məktəb binasının girişində qarşıladı. Məktəbin direktoru Çimnaz Kərimova əsl Azərbaycan qadınına məxsus ana obrazlı, həzin nitqli, qonaqpərvər, ünsiyyətcil bir qadındır. Onun bu keyfiyyətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, bir neçə dəfə medallarla və sonuncu dəfə Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Məktəbin akt zalı müəllim və şagirdlərlə dolu idi. Tədbiri Çimnaz xanım açdı. O, bizim gəlişimizi alqışladı və məmnunluğunu bildirdi. Tədris ilinin gedişatıyla, qazandıqları uğurlarla bizi tanış etdi.

Sonra ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi Akif Qasımov danışdı. O, məktəbdə təcrübə keçən tələbələrin rəhbəri  kimi tələbələr üçün yaradılan şəraitdən, siniflərə təhkim olmalarından, keçdikləri dərslərdən, onların qarşılaşdıqları çətinliklərdən danışdı. Qeyd etdi ki, tələbələrin müəllim olaraq özünü reallaşdırması, özünəinam hisslərini, pedaqoji qabiliyyətlərini formalaşdırması nöqteyi nəzərindən bu təcrübə çox faydalı və əhəmiyyətlidir.

Akif müəllimdən sonra söz mənə verildi. Mən psixoloq kimi ilk növbədə orada yaşayan insanlarla, təhsil alan uşaqlarla bağlı öz müşahidələrimi bölüşdüm. Məlumdur ki, bu uşaqların bir çoxunun valideynləri də doğma yurdlarını, ata-babalarının yaşamış olduqları el-obanı görməyiblər, köçkünlükdə anadan olublar. Onların Vətən adlandırdığı Azərbaycanın başına gələn faciələrin, qonşularımızın satqın və qaniçənliyinin fəsadları bu insanların simalarında aydın müşahidə edilirdi.

- Dediniz ki, görüşdə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitunun Çin tərəfdən direktoru xanım Li Jihua da iştirak edirdi. Onun bu görüş və ümumiyyətlə, Azərbaycan-Çin münasibətləri barədə fikirləri necə oldu?

- Regionda, eləcə də dünyada baş verən dəyişikliklər insanların yaşayışına, sülh və əmin-amanlığına təhlükə yaradır. Hər tərəfdə müharibə qoxusu gəlir, özümüz neçə ildir ki, müharibə şəraitindəyik. Bunun üçün dövlətin apardığı siyasəti dəstəkləməli, onun həyata keçməsi üçün gənc nəsillər arasında düzgün təbliğat işi aparmalıyıq. Bu gün Azərbaycan regionun inkişaf etmiş dövləti olaraq bir sıra bədxah dövlətlərin qıcıq və iftraları ilə üzləşir. Bütün bu kimi fitnələrə qalib gəlmək üçün elmli, bilikli olmaq çox vacibdir. Hər bir ziyalı öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməli, gənc nəslin əqli və əxlaqi cəhətdən düzgün formalaşması üçün çalışmalıdır.

Xanım Li bizimlə öz təəssüratlarını paylaşdı. O, Azərbaycanın inkişafının göz önündə olduğunu bildirdi. Bir çox ölkələrdə çalışdığını, həmin yerlərdə insanlara, təhsilə göstərilən münasibətlə müqayisədə Azərbaycanın ilk yerlərdə olduğunu dedi, Azərbaycanın məruz qaldığı münaqişənin sülh yolu ilə aradan qaldırılmasını arzuladı. Çinlə Azərbaycan arasındakı beynəlxalq münasibətlərdən danışarkən o, ölkəmizdə Çin dilinin təbliği istiqamətində görülən işlərdən məmnuniyyət duyduğunu söylədi, bu istiqamətdə işlərin davam etdirilməsini, iki xalq arasında elmi-mədəni əlaqələrinin genişləndirilməsini arzuladı.

- Şagirdlərlə daha hansı tədbirlər keçirildi?

- Səfər çərçivəsində şagirdlər arasında "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində", "İngilisdilli ölkələrin tarixi və mədəniyyəti", Çin tarixi və mədəniyyəti" mövzularında viktorinalar da keçirildi. I, II, III yerlərin qalibi olan şagirdlər məktəbli çantaları ilə mükafatlandırıldı. Şagirdlərə “Çin mədəniyyəti ilə bağlı kitablar, bukletlər paylandı. Bundan əlavə, Çin mərkəzi tərəfindən məktəbə 1 ədəd kompyuter, 1  ədəd proyektor hədiyyə olundu.

- Təcrübəçi tələbələrin oradakı həyat şəraiti necə idi?

- Biz onların yaşayış şəraiti ilə tanış olmaq üçün yaşaqdıqları mənzillərdə də olduq. Onu da qeyd edək ki, tələbələrə orada müvəqqəti olaraq yaşamaları üçün lazımi avadanlıqlarla təchiz olunmuş mənzil ayrılıb. Bundan əlavə, tələbələrin maddi təminatını ödəmək üçün onlara müəyyən məbləğdə pul da ödənilib.

- Bu kimi görüşlərdən gözləntiləriniz nələrdir?

- Biz ADU-nun rektoru, akademik Kamal Abdullaya xüsusi təşəkkürümüzü bildiririk ki, bu prosesə universitetdə fəaliyyət göstərən mərkəzlərin əməkdaşlarını da cəlb edib. Bu insanlar bölgələrimizdə olur, azərbaycanlıların nə qədər xeyirxah, qonaqpərvər, sülhsevər olduqlarını öz gözləri ilə görürlər. Ümid edirik ki, Konfutsi İnstitunun Çin tərəfdən direktoru xanım Li Jihuanın apardığı qeydlər, təəssüratlar təkcə Çin mətbuatında deyil, digər ölkə mətbuatında da  işıqlandırılacaq.

Məlumdur ki, XXI əsr təbliğat və siyasət əsridir. Siyasətdə qalib gəlmək üçün bizlərə elmli və savadlı insanlar gərəkdir. Bunun üçün təhsil birinci yerdə olmalıdır. Hər bir ziyalı öz vəzifəsini anlamalı, əsl vətəndaş olmalıdır.

Şahanə MÜŞFİQ

 





05.04.2018    çap et  çap et