525.Az

Prezident turizm və səyahətlər sərgisində - Fotolar


 

İRFAN ÇİFTÇİ: “DÖVLƏT BAŞÇISI İLƏ GÖRÜŞÜMÜZ OLDUQCA XOŞ VƏ SƏMİMİ KEÇDİ”

Prezident turizm və səyahətlər sərgisində - <b style="color:red">Fotolar </b>

Bu gün XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisini (AITF-2018) ziyarət edən dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə pavilyonu ilə də tanış olublar.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi prezident İlham Əliyev və onun xanımına sərgi proqramları, o cümlədən guşədə təqdim olunan xalq sənəti nümunələri barədə məlumat verib.

Müşavir qeyd edib ki, Türkiyə şirkət və qurumları bu sərgiyə böyük maraq göstəriblər: “Türkiyə Mədəniyyət və Turizm Nazirliyi sərgiyə turizm şirkətləri ilə yanaşı, otellər birliyi, səyahat şirkətləri federasiyası kimi təşkilatlardan ibarət 100-ə qədər təmsilçi ilə qatılıb”.

Budəfəki sərgi üçün tamam fərqli tərtibat-dizayn hazırladıqlarını deyən müşavir bildirib ki, sözügedən nazirliyinin başlıca təbliğat meyarlarına uyğun fəaliyyət planı hazırlanıb: “Türkiyənin turizm potensialını daha dolğun və rəngarəng şəkildə təqdim etmək məqsədilə hazırlanan proqramda yer alan fəaliyyətlər TÜRKSOY-un 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan etdiyi Kastamonu şəhəri və Qaradəniz bölgəsinin ecazkar təbiəti və adət-ənənələrinə həsr olunub. Bu məqsədlə sərgidə rəqəmsal yeniliklərlə bərabər, bir sıra mədəni proqramlar təşkil edirik. Ziyarətçilərin istək və arzusuna uyğun olaraq klassik Osmanlı və müasir Türk üslubunda xəttatlıq nümunələri hazırlanır. Bundan əlavə, Ebru sənəti ustası Bekir Ulsu, təsbeh ustası Hüseyin Çelik, minyatür ustası Müjgan İşler, gümüş telkari (əl işi sənəti) ustası Hüseyin İşler, ipək toxuma ustası Sevgi Yüksel Uzunöz kimi sənətkarların əl işlərini nümayiş etdiririk. Eyni zamanda, tədbirdə Qaradəniz bölgəsinin tanınmış Trabzon Horon qrupu və kamança ustaları, xalq oyunları sənətçiləri, görkəmli musiqiçilər Udi Serkan Ün, Hazar Özpolat, Mine Bakır, Seyhan Dayıoğlu, Ebru Karqı və digərləri iştirak edirlər. Onlar sərgi iştirakçılarına Türk musiqisinin klassik və müasir nümunələrini, xalq oyun və tamaşalarını təqdim edirlər”.

Azərbaycan prezidenti və onun xanımı ilə görüşlərinin olduqca xoş və səmimi keçdiyini deyən İ.Çiftçi sərgidə ən geniş heyətlə təmsil olunan Türkiyə povilyonunun böyük maraqla qarşılandığını bildirib: “Dövlət başçısı təsbeh ustası Hüseyin Çelikin hazırladığı əl işlərini xüsusilə bəyəndi”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün təsbeh hazırlayan Hüseyin Çelik isə dövlət başçısı ilə görüşünün onda xoş təəssüratlar yaratdığını söyləyib.

Pavilyonla tanışlıqdan sonra prezident İlham Əliyevə və xanımına türk ustalarının hazırladıqları əl işləri hədiyyə olunub.

Qeyd edək ki, “Bütün dünya - bir sərgi” şüarı altında keçirilən “AITF-2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Eyni zamanda, ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış olurlar. Sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il, həmçinin Şərqi Yava (İndoneziya) sərginin debütantıdır.

“AITF” ilə birlikdə “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi də keçirilir. “HOREX Caucasus-2018” regionun otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.

Ceyhun ABASOV

 





06.04.2018    çap et  çap et