525.Az

Xalça Muzeyində yeni təqdimat


 

"BAKI XALÇALARI. YENİ ÇEŞNİLƏR" LAYİHƏSİ VƏ "XƏTAYİ" XALÇASI TƏQDİM EDİLİB

Xalça Muzeyində yeni təqdimat<b style="color:red"></b>

Aprelin 4-də Azərbaycan Xalça Muzeyində yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkın təşkilatçılığı ilə reallaşıb. Həmçinin, sərgi çərçivəsində "Bakı xalçaları. Yeni çeşnilər" kitabının və Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən Qarabağın XVII əsrə aid "Xətayi" xalçasının təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, bu layihə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilib. Ölkəmizdə xalçaçılığın tarixindən danışan muzeyin direktoru hazırda bu sənətin daha da inkişaf etdirilməsindən söz açıb. Mütəmadi olaraq dövlət tərəfindən xalçaçılığa böyük diqqət göstərildiyini bildirən Ş.Məlikova söyləyib ki, bu gün Azərbaycan xalçaları dünyanın hər yerində tanınır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəni həyatında əldə olunan uğurlardan danışıb. Belə layihələrin təqdimatının qeyd edilən uğurların sırasında olduğuna diqqət çəkən nazir deyib: "Bu gün çox əlamətdar hadisənin şahidiyik. Azərbaycan xalçaçılıq sənətinin tarixi qədim olduğu kimi çeşidləri də fərqlidir. Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkın həyata keçirdiyi "Bakı xalçaları. Yeni çeşnilər" layihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, "Bakı Xalçaları. Yeni çeşnilər" adlı kitab hazırlanıb.

Bildiyiniz kimi, Zirə Mədəniyyət Mərkəzi - Eko-Park 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə Zirə Xalça Muzeyi, Xalça Tədrisi Mərkəzi və Xalçaçılıq Müəssisəsi də daxildir. Azərbaycan xalçaları bizim tariximizdə böyük rol oynayır. 2016-cı ildən fəaliyyət göstərən Zirə Xalçaçılıq Müəssisəsində Azərbaycanın Bakı qrupu xalçaçılıq ənənələrinə uyğun klassik və müasir çeşnili xalçaların toxunması uğurla həyata keçirilir. Xalça bizim yaşayış tərzimizin bir parçasıdır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyətimizin bütün sahələrində çox uğurlu layihələr həyata keçirilib və bu proses davam edir. Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağın XVII əsrə aid "Xətayi" xalçasının ölkəmizə qaytarılması və muzeyə verilməsi buna bariz nümunədir. Fond öz imkanları hesabına dünyanın bir sıra muzeylərindən bizə məxsus olan xalçaları ölkəmizə qaytarmaq üçün işlər görür və buna nail olur. Mədəniyyətimiz bu gün ölkə hüdudlarını aşaraq müxtəlif ölkələrdə təqdim edilir. Ölkəmizə çoxsaylı turistlər gəlir. Turistlərin tanış olduğu məkanlardan biri də Xalça Muzeyidir. Fürsətdən istifadə edib bu layihənin təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm".

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdən ölkəmizə gətirilən XVII əsrə aid Qarabağın tanınmış "Xətayi" xalçası Azərbaycan Xalça Muzeyinə təqdim olunub.

Sərgi çərçivəsində "Bakı Xalçaları. Yeni çeşnilər" adlı kitabın təqdimatı da olub. Kitabda Bakı kəndlərində tətbiqi sənətin tarixi, klassik sənətkarlıq ənənələri, yeni yaradılan çeşnilər, Bakı xalçaçılıq qrupu haqqında məlumatlar əksini tapıb. Kitab ölkənin görkəmli xalça mütəxəssisləri və sənətşünaslarının iştirakı ilə tərtib edilib. Burada Azərbaycanın xalçaçılıq sənəti, klassik Bakı xalçaları, xüsusilə yeni yaradılmış xalça çeşniləri haqqında geniş məlumat verilir.

Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili də iştirak edib.

Aprelin 15-dək davam edəcək sərgi qonaqlarda zəngin təəssürat yaradıb.

XƏDİCƏ

 





06.04.2018    çap et  çap et