525.Az

Turizm və Səyahətlər Sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işləri


 

Turizm və Səyahətlər Sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işləri<b style="color:red"></b>

17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF 2018)  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclər tərəfindən hazırlanmış əl işləri nümayiş olunur.

Nazirlikdən verilən məlumata görə, budəfəki sərgidə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində gənclərin tətbiqi sənət növləri, o cümlədən, rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə və s. növlərdə hazırladıqları əl işlərinə yer ayrılıb.

Sərgidə sağlamlıq imkanları məhdud 45 nəfər gəncin 62 mövzuda 110 əl işi nümayiş olunur. Həmin tətbiqi sənət nümunələrindən bir çoxunun müəllifləri də sərgidə iştirak edir. Təqdim olunan əl işlərində ölkəmizin əsrarəngiz təbiəti, xalqımızın nəcib adət-ənənələri, milli-mənəvi dəyərlərimiz, habelə əl işlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclərin həyata nikbin baxışları və s. əksini tapır.

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində aparılan işlərin bir istiqaməti də bu təbəqədən olan insanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması, onların yaradıcılıq potensiallarının dəstəklənməsi məqsədinə yönəlib. Bu istiqamətdə ardıcıl tədbirlər, sərgilər, baxış-müsabiqələr təşkil olunur. "AİTF 2018" sərgisində sağlamlıq imkanları məhdud gənclərin əl işlərinin təqdim olunmasına şərait yaradılması da bu məqsədlə aparılan işlərin davamıdır. Sərgidə gənclərin müxtəlif mövzularda hazırladıqları tətbiqi sənət nümunələri sərgi iştirakçıları, o cümlədən, ayrı-ayrı ölkələrdən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanır.

Artıq dörd ildən çoxdur ki, fəaliyyət göstərən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində bu vaxta qədər 1400 nəfərdən çox gənc müxtəlif peşələr, habelə tətbiqi sənət növləri üzrə kurslara cəlb olunub.

C.ABASOV

 





06.04.2018    çap et  çap et